Noyabrın 26-da Qarabağ Universitetində Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunan “GİNius 86.600 – Fibonacci intellektual-əyləncəli oyunu”nun final mərhələsi keçirilib.
Azedu.az xəbər verir ki, final mərhələsində iştirak etmək üçün Xankəndi şəhərinə gələn və yarımfinaldan uğurla keçmiş 6 komanda – Bakı Ali Neft Məktəbinin “Royal Flash” və “Uptech”, Azərbaycan Tibb Universitetinin “Hiphoprat”, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ozimondias”, Bakı Dövlət Universitetinin “Scriptorium” və “Lusıfir4” komandaları tədbirə universitet üzrə təşkil olunmuş tanışlıq turu ilə başlayıblar.
Açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev çıxış edərək tədbirin önəmini vurğulayıb və finalçılara uğurlar arzulayıblar.
Daha sonra komandalar final oyununda iştirak ediblər. Ümumilikdə respublikanın 40 ali və orta ixtisas təhsili müəssisəsinin komandalarının iştirakı ilə keçirilən turnirin yekun nəticələrinə əsasən, birinci yerə “Uptech” komandası (Bakı Ali Neft Məktəbi), ikinci yerə “Lusıfir4” komandası (Bakı Dövlət Universiteti), üçüncü yerə isə “Royal Flash” komandası (Bakı Ali Neft Məktəbi) layiq görülüblər.
Qeyd edək ki, “GİNius 86.600 – Fibonacci intellektual-əyləncəli oyun” Zəfər Gününün beşinci ildönümünə həsr olunub.