Tələbələrin cəmiyyətə inteqrasiyası və düzgün karyera planlamasında könüllülük fəaliyyətlərinin əvəzolunmaz rolu var. Lakin könüllülük fəaliyyəti ilə məşğul olan tələbələrin dərslərə davamiyyəti də sual doğuran məqamlardandır.
Görəsən, könüllülərə dərslərdə hər hansı güzəştlər olunurmu?
Təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında könüllülərlə bağlı bir sıra məqamlara aydınlıq gətirib:

“Könüllülük, elə adından da göründüyü kimi, könüllü əsaslarla yaranmış bir təşəbbüs qrupudur. Elm və Təhsil Nazirliyinin tərkibində də “Bir Könüllü”lər var və onlar Nazirliyin müxtəlif tədbirlərində iştirak edirlər. “ASAN xidmət”dəki könüllülər isə tətil müddətlərində, dərsdən sonra, istirahət günlərində müəyyən təcrübə və bilik qazanmaq üçün fəaliyyət göstərirlər.
Amma bu, onların dərs aldıqları müəssisələrdə hansısa üstünlük qazandırmır. Yəni digər tələbələr üçün hansı qaydalar keçərlidirsə, könüllülər üçün də eyni qaydalar tətbiq olunur. Sadəcə, könüllülər boş vaxtlarından daha səmərəli istifadə edirlər. Onlar istirahət günlərində keçirilən kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraqlıdırlar və bu proses onlara təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək imkanı verir.
ASAN Xidmət və digər qurumlarda könüllülərin müəyyən təcrübə və bilik qazanmaq üçün iştirak etməsi tamamilə öz seçimləridir. Yəni universitetdə təhsil aldıqları müddətdə “Bir Könüllü” və ya başqa bir könüllü təşkilatının üzvü olmaq onlara hər hansı hüquqi üstünlük vermir. Dediyim kimi, onlar sadəcə təşkilatçılıq qabiliyyətlərini artırmaq məqsədilə təcrübə mübadilələrində iştirak edirlər".
Aysel Məmmədli