Azedu.az

“Çox tələbə, çox maliyyə” modeli iflasa uğradı: universitetlərdə yeni dövr BAŞLAYIR

Tələbələr

14 Noyabr 2025, 09:12
“Çox tələbə, çox maliyyə” modeli iflasa uğradı: universitetlərdə yeni dövr BAŞLAYIR

Elm və təhsil nazirinin BDU, ADNSU və AzTU-da gələcək illərdə tələbə qəbulunun azaldılması ilə bağlı açıqlaması, əslində, ali təhsildə illərdir yığılıb qalan struktur problemlərin üzə çıxmasıdır.

AzEdu.az-a bu sözləri əməkdar müəllim, sabiq deputat Sona Əliyeva söyləyib.

O, qeyd edib ki, bu, o demək deyil ki, həmin universitetlərdə ixtisaslara ehtiyac yoxdur. Sadəcə, illərlə davam edən “çox tələbə, çox maliyyə” modeli özünü doğrultmayıb:

“Nazir açıq şəkildə bildirir ki, 2011-ci ildən adambaşına maliyyələşmə modelinə keçmişik, amma tələbə başına düşən real maliyyənin artımı təmin olunmayıb. Yəni universitetlər çox tələbə götürməklə özlərini maliyyələşdirib, sistem isə keyfiyyət tərəfini paralel olaraq gücləndirə bilməyib. Bu qərar bizə bir həqiqəti göstərir: artıq bəzi universitetlərdə kəmiyyət artımının qarşısı alınmalı, lakin keyfiyyət məsələsi kənarda qalmamalıdır. Bu o demək deyil ki, həmin universitetlərdə ixtisaslara ehtiyac yoxdur. Sadəcə, illərlə davam edən “çox tələbə, çox maliyyə” modeli özünü doğrultmayıb”.

Tələbə yerlərinin azalması rəqabəti kəskin artıracaq və bu, xüsusilə rayonlardan gələn və ya sosial imkanları məhdud olan gənclərin universitetə qəbul şansını azalda bilər:

“Reallıq budur ki, bir çox ixtisaslarda əmək bazarı ilə uyğunluq zəifdir. Minlərlə gənc diplom alır, amma iş tapa bilmir. Buna baxmayaraq, universitetlər eyni ixtisaslara yenə kütləvi qəbul aparır. Bu, sistemin planlaşdırma problemini göstərir. Tələbə sayının azaldılması isə indi bu yanlış planlamanın gecikmiş düzəlişi kimi təqdim olunur. Amma burada ciddi risk də var: sosial ədalət. Tələbə yerlərinin azalması rəqabəti kəskin artıracaq və bu, xüsusilə rayonlardan gələn və ya sosial imkanları məhdud olan gənclərin universitetə qəbul şansını azalda bilər.

Digər tərəfdən, qəbul yerlərinin azalması xaricdə təhsil axınını gücləndirəcək. Onsuz da getdikcə daha çox gənc xaricə gedir və onların bir hissəsi geri dönmür. Bu proses düzgün tənzimlənməsə, “beyin axını” daha da sürətlənə bilər.

Mənim fikrimcə, problem tələbə sayında yox, strateji idarəetmədədir. Universitetlərdə tələbə qəbulu əmək bazarının real tələblərinə uyğun tənzimlənməli, proqramlar yenilənməli, praktik və tədqiqat komponentləri gücləndirilməli, maliyyə isə təkcə tələbə sayına görə deyil, keyfiyyət göstəricilərinə görə formalaşdırılmalıdır. Əks halda, tələbə sayını azaltmaq resurs azlığından irəli gələn plan yerlərinin azaldılması kimi görünəcək. Bu isə ali təhsilin keyfiyyətini yaxşılaşdırmır, sadəcə daha az gəncə şans verir. Əsl dəyişiklik o zaman baş verəcək ki, tələbə sayı sadəcə azalmasın, həm də tələbənin dəyəri artsın”.

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox