Azedu.az

Təhsildə bərabərlik: qızlar İT, mühəndislik və maliyyə sahələrində də İRƏLİLƏYİR

Tələbələr

12 Noyabr 2025, 10:11
Təhsildə bərabərlik: qızlar İT, mühəndislik və maliyyə sahələrində də İRƏLİLƏYİR

Son illərdə Azərbaycanda və dünyada qızların təhsilə cəlb olunmasında nəzərəçarpacaq artım müşahidə olunur. Bu meyl təkcə ümumi təhsil səviyyəsində deyil, həm də ali və peşə təhsili pillələrində özünü göstərir. Xüsusilə sevindirici hal odur ki, əvvəlki illərlə müqayisədə qızların İT, mühəndislik, maliyyə, iqtisadiyyat və digər texniki yönümlü ixtisaslara marağı xeyli artıb.

Maraqlıdır, qızların texniki ixtisaslara yönəlməsində əsas sosial və mədəni amillər hansılardır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, həm ölkəmizdə, həm də dünyada qızların təhsilə marağında müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, bu inkişafda həm maarifləndirici tədbirlərin, həm də dövlət siyasətinin mühüm rolu var:

“Əvvəlki dövrlə müqayisədə, ölkəmizin müxtəlif bölgələrində qızların təhsil alma marağı az idi. Xüsusilə, 8-9-cu siniflərdən sonra erkən nikaha cəlb olunma halları geniş yayılmışdı. Qızlar 9-cu sinifdən sonra təhsillərini yarımçıq qoyur, ya işə yönəlir, ya da peşə məktəblərində oxumağa başlayırdılar. Bu isə onların ali və ya daha yüksək təhsil almalarına mane olurdu.

Son illərdə isə həm maarifləndirmə tədbirləri, həm də dövlətin qəbul etdiyi qərarlar, məsələn, erkən nikah və təhsildən yayınma ilə bağlı qaydaların sərtləşdirilməsi nəticəsində həm valideynlərdə, həm də qızlarda təhsilə maraq xeyli artıb. Hazırda ali təhsil müəssisələrinə, orta ixtisas və peşə təhsili müəssisələrinə müraciət edən qızların sayında artım müşahidə olunur. Onlar əmək bazarındakı tələbatı nəzərə alaraq daha çox İT, pedaqoji, mühəndislik (neft-qaz, kimya, qida və s.) kimi sahələrə üstünlük verirlər. Bununla yanaşı, cəmiyyətdə mentalitet səviyyəsində də müsbət dəyişikliklər baş verir”.

Bu dəyişikliklər qadınların ailə və cəmiyyət daxilindəki roluna da təsir göstərib:

“Əvvəllər ailənin bütün məsuliyyətini kişi üzərinə yükləyirdilərsə, indi qadınlar da ailə yükünü bölüşürlər. Bu isə qadınlar üçün təhsil almaq və özünü inkişaf etdirmək üçün imkanlar yaradır. Beləliklə, həm dövlət siyasəti, həm sosial və mədəni dəyişikliklər, həm də maarifləndirmə nəticəsində qızların təhsilə marağı artır”.

Bütün bu müsbət tendensiyalara baxmayaraq, cəmiyyətdə hələ də qız uşaqlarına münasibətdə bəzi narahatedici hallara rast gəlinir:

“Təəssüf ki, hələ də cins seçimi məsələsində müəyyən problemlər qalmaqdadır. Son illərdə müşahidə olunan narahatedici meyllərdən biri də qız uşaqlarının sayında azalma tendensiyasıdır. Bu, xüsusilə doğum statistikalarında özünü göstərir.

Əgər bir tərəfdən biz qızların təhsil alması və ictimai-sosial həyatda aktiv iştirakı üçün təşviqedici tədbirlər görürüksə, digər tərəfdən onların dünyaya gəlməsinin qarşısının alınması halları müşahidə olunur. Bu isə gələcəkdə həm demoqrafik balansın pozulmasına, həm də qadınların cəmiyyətdə təmsilçiliyinin zəifləməsinə səbəb ola bilər”.

Bu problemi aradan qaldırmağın yolu ailədən və valideyn münasibətindən başlayır:

“Valideynlər qız uşaqlarına qarşı yanaşmalarını dəyişməli, onların dünyaya gəlməsinə mane olan düşüncə tərzindən imtina etməlidirlər. Qız uşaqları da oğlanlar qədər dəyərlidir. Onların təhsilə, həyata, cəmiyyətə qatılması üçün ilk addım onların var olmasına şərait yaratmaqdır”.

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox