Bu günə qədər Təhsil Tələbə Krediti (TTK) almaq məqsədilə ümumilikdə 83 672 tələbə müraciət edib.
AzEdu.az-ın Təhsil Tələbə Krediti Fondundan əldə etdiyi məlumata görə, müraciətlərin təhlili göstərir ki, 971 nəfərin (1,1%) müraciəti natamam olub. Bu, əsasən sənədlərin düzgün doldurulmaması və ya tələb olunan məlumatların tam təqdim edilməməsi ilə bağlıdır. 1 155 nəfərin (1,5%) müraciəti isə hazırda emal mərhələsindədir, yəni onların sənədləri yoxlanılma və təsdiqlənmə prosesindədir.
Bununla yanaşı, 13 980 nəfər (16,7%) tələbənin müraciəti imtina ilə nəticələnib.
Ən önəmli göstəricilərdən biri isə ondan ibarətdir ki, 67 566 tələbənin (80,7%) müraciəti uğurla rəsmiləşdirilib. Bu, proqramın effektivliyini və müraciət edənlərin böyük əksəriyyətinin tələb olunan şərtlərə cavab verdiyini sübut edir.
Rəsmiləşmiş müraciətlərin strukturuna nəzər saldıqda, onların 23 467-si (35%) sosial TTK, 44 099-u (65%) isə standart TTK üzrədir.