Abituriyentlərin buraxılış imtahanına sayılı günlər qalıb.
AzEdu.az bu münasibətlə ötən il 272 saylı tam orta məktəbin məzunu, qəbul imtahanlarında maksimum 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin (ATU) tibb ixtisasına qəbul olan Sona Nurməmmədli ilə əlaqə saxlayıb.
O, builki imtahanlara hazırlaşan abituriyentlərlə tövsiyələrini bölüşüb. Uğur qazanmağın əsas yolları, düzgün planlama, vaxt bölgüsü və psixoloji hazırlığın əhəmiyyəti barədə fikirlərini açıqlayıb. Yüksək nəticə əldə etmiş tələbənin məsləhətləri builki abituriyentlər üçün motivasiya və istiqamətverici rol oynaya bilər.
S.Nurməmmədli bildirib ki, imtahana son 1 həftə qalmış əsasən testlər işləyib:
“Buraxılış imtahanına son 1 həftə qalmış, əsasən əvvəlki illərin buraxılış imtahanı suallarını işləyirdim. Mənim üçün buraxılış fənləri üzrə ən çətin görünən mövzuları təkrar edir, DİM-in test toplularından həmin mövzularla bağlı sualları yenidən yazırdım. Ən çox Azərbaycan dili fənnindən test işləyirdim, çünki bu fənn digər iki buraxılış fənnindən mənə daha çətin gəlirdi. Digər mövzular üzrə də test toplularından ən çətin sualları seçib yazırdım. Qısacası, son 1 həftə ərzində, demək olar ki, yalnız əlavə sınaqlar üzərində çalışmışam.
İmtahanda sual kitabçasındakı ardıcıllığa uyğun olaraq əvvəl İngilis dili, sonra Azərbaycan dili, daha sonra isə Riyaziyyat fənninin suallarını cavablandırdım. Qapalı tipli sualların cavablarını əvvəlcə kitabçada qeyd edir, açıq suallardan isə cavabına əmin olduqlarımı birbaşa cavab kartına yazırdım. Sonda kitabçada qeyd etdiyim qapalı sualları yenidən yoxlayaraq cavab kartına köçürürdüm. Ən çox vaxtımı Azərbaycan dili üzrə mətn sualları aparırdı”.
O hesab edir ki, ən mühüm məsələ vaxtı düzgün bölməkdir:
“Məncə, abituriyentlər əvvəlcə onlara asan gələn sualları cavablandırsalar, daha yaxşı olar. Çətin suallar üzərində saatlarla dayanmaq həm yorucu olur, həm də çox vaxt aparır. İmtahandan əvvəlki gün yuxu rejiminə xüsusi diqqət yetirilməlidir.
Bəzən abituriyentlər imtahandan sonra həyəcandan düşünürlər ki, cavab kartında kodlaşdırmanı düzgün etməyiblər və aşağı bal toplayacaqlarını zənn edirlər. Mən də bu hissləri yaşamışdım, cavablar açıqlanana qədər təxminən 1 ay hər gün şübhə edirdim. Bu cür hisslər tamamilə normaldır. Sadəcə, bunu özünə həddən artıq stressə çevirmək düzgün deyil. Bu, heç nəyi dəyişmir. Əksinə, gələcəyə pozitiv baxmaq və nəticələrinin yüksək olacağına inanmaq lazımdır”.