Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Respublika üzrə ən yüksək nəticəni iki bakalavr tələbəsi göstərib.
Onlardan biri də Zahid Abdullayevdir. O, magistraturaya qəbul imtahanının 1-ci cəhdində 91 bal toplayıb.
Zahid Abdullayev AzEdu.az-a imtahanla bağlı təəssuratlarını bölüşüb.
O, Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə 5-ci kurs tələbəsidir.
Z.Abdullayev qeyd edib ki, imtahan nəticəsini həyəcanla gözləyirmiş:
"Düzdür, Dövlət İmtahan Mərkəzi tərəfindən sualların doğru cavablarının etalonu daha öncə paylaşılmışdı, ona görə nəticəm mənə məlum idi. Daha sonra isə sevincimi ailəm, dostlarım və universitet rəhbərliyi ilə bölüşdüm.
Sonuncu kurs öz məsuliyyətləri ilə birlikdə gəlir: universitet dərsləri, iş həyatı, xarici universitetlərə müraciət - hər biri kifayət qədər əzm və çalışqanlıq tələb edir. Bunlarla paralel olaraq yerli imtahana hazırlaşmaq, deyərdim ki, əsas çətin hissə idi. Lakin universitet həyatı boyunca Bakı Ali Neft Məktəbi bizi məhz bütün bu məsuliyyətləri birlikdə idarə etməyi öyrədir. Yüksək keyfiyyətli təhsil elə yüksək göstəricinin əsas sirridir".
Bəzi suallar kifayət qədər düşündürücü idi:
"Balımın yüksək olmasının səbəbləri də çoxşaxəlidir. Hər biri, necə ki, mətbəxdə hazırlanan yeməyin dadlı olmasını yalnız bir faktora bağlaya bilmədiyimiz kimi, nəticələrimdə də bir çox amil əvəzsiz rol oynayıb. Balımın yüksək olacağını sınaqlarda göstərdiyim nəticələrə əsasən gözləyirdim, sadəcə birincilik hissəsi mənim üçün gözləniləndən artıq oldu. İmtahanın özü qənaətbəxş idi. Bəzi suallar kifayət qədər vaxt aparsa da, düzgün planlama ilə həll edilə biləcəyini düşünürəm".
Hədəflərini düzgün qurmaq uğur üçün əsas şərtdir:
"Hazırda gələcək fürsətləri nəzərdən keçirirəm. Xarici təqaüd proqramlarından müsbət cavablar almışam, eləcə də burada karyera imkanları da maraqlıdır və onları dəyərləndirirəm. Təhsilimi elektronika sahəsində davam etdirmək əsas hədəfimdir.
Hədəflərini konkret olaraq müəyyən etmək vacibdir. Düşünürəm ki, bu, növbəti mərhələlərdə onlara təkan verəcək əsas amil olacaq. Bundan sonra aparacaqları düzgün seçimlər onların uğurunda açar rolunu oynayacaq. Hazırlaşdıqları müddətdə özlərinə birlikdə dərs oxuya biləcəkləri partnyor tapmaları da məsləhətlidir, bu, motivasiya əskikliyi yaşandıqda çox faydalı olacaq.
Ümumilikdə, yüksək bal toplayıb magistr adını qazanmaq istəyən namizədlərə uğurlar arzu edirəm".