Azedu.az

Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

Tələbələr

26 Yanvar 2026, 09:58
Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

Azərbaycan Universitetinin 10 tələbəsi təhsilini beynəlxalq ikili diplom proqramı, o cümlədən universitetlərarası mübadilə proqramı çərçivəsində Türkiyə, İtaliya və Almaniya universitetlərində davam etdirmək hüququ əldə edib.

AzEdu.az xəbər verir ki, 7 bakalavriat və 3 magistratura tələbəsi universitetin beynəlmiləlləşmə strategiyasına uyğun olaraq 2025/2026-cı tədris ilinin yaz semestrini xarici tərəfdaş universitetlərdə oxuyacaq, həmçinin istehsalat təcrübəsində iştirak edəcəklər. Bütün tələbələr təqaüdlə təmin olunacaqlar.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə II kurs tələbəsi İlqar Məmmədov İtaliyanın Tuscia Universiteti ilə birgə həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramına seçilən ikinci tələbə olaraq təhsilinə bu ölkədə davam edəcək. İlqar Məmmədova təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə digər II kurs magistratura tələbəsi Fariz Şükürov isə universitetlərarası mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində oxuyacaq. Bakalavriat tələbəsi Səttar İsmayılov da payız semestrində təhsilini bu universitdə davam etdirəcək. O, menecment ixtisasında oxuyur və II kurs tələbəsidir.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Nurcan Seydaliyeva və Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Natella Saadova İtaliyanın Sapienza Universitetində, Marketinq ixtisası üzrə III kurs tələbəsi Nurcan İsmayılova isə Türkiyənin Kastamonu universitetinə yola düşməyə hazırlaşırlar.

Onlar təhsillərini universitetlərarası mübadilə proqramı çərçivəsində bu universitetlərdə davam etdirəcəklər. Təhsilini Türkiyədə davam etdirmək hüququ əldə edən tələbələrdən biri də Arkan Adışlıdır. O, İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistratura I kurs tələbəsidir və yaz semestrini Anadolu Universitetində oxuyacaq.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbələri Yunis Bədəlov və Nihad Əliyev, Politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilova istehsalat təcrübəsini Türkiyənin Necmeddin Erbakan Universitetində keçəcəklər. Təcrübə dövründə tələbələr universitetin müvafiq fakültə və struktur bölmələrində akademik və praktiki fəaliyyətlərdə iştirak edəcəklər. Beynəlxalq təcrübə mərhələsi başa çatdıqdan sonra tələbələr əldə etdikləri bilik və bacarıqları tətbiq etmək məqsədilə istehsalat təcrübəsinə yerli müəssisələrdə davam edəcəklər.

Bu mərhələ beynəlxalq təcrübənin yerli peşə mühitinə inteqrasiyasına xidmət edəcək. Beynəlxalq İkili Diplom Proqramı məzunların beynəlxalq səviyyədə tanınan iki diplom əldə etməsini təmin etməklə onların qlobal əmək bazarında imkanlarını əhəmiyyətli dərəcədə artırır. Mübadilə proqramında iştirak edən tələbələr fərqli akademik yanaşmalar və tədris metodları ilə tanış olurlar. Bu proses onların xarici dil bacarıqlarının təkmilləşməsinə, dünyagörüşlərinin genişlənməsinə şərait yaradır, müstəqil düşünmə, uyğunlaşma və beynəlxalq təhsil mühitində fəaliyyət göstərmə bacarıqlarını inkişaf etdirir. Ölkə xaricində real iş mühitində istehsalat təcrübəsi keçmək isə gələcək karyera planlamasına mühüm töhfə verir.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox