2025–2026-cı tədris ili üzrə Təhsil Tələbə Krediti (TTK) proqramı çərçivəsində müraciət tarixləri elan edilib.
Bu barədə AzEdu.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, payız semestri üzrə müraciətlərin qəbulu üçün son tarix 31 yanvar 2026-cı il, saat 23:59 müəyyən edilib. Yaz semestri üzrə müraciətlər isə 1 fevral 2026-cı ildən etibarən qəbul olunacaq.
Həmçinin müraciətlər bayram günləri və həftəsonları da daxil olmaqla hər gün qəbul edilir. Tələbələr qeydiyyatdan keçmək üçün www.e-ttkf.edu.az rəsmi internet saytına müraciət edə bilərlər.
Qeyd edək ki, I semestr üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.