Azedu.az

Kimlərə təhsil tələbə krediti verilmir? - RƏSMİ

Tələbələr

21 Yanvar 2026, 11:08
Kimlərə təhsil tələbə krediti verilmir? - RƏSMİ

Təhsil tələbə krediti ali və orta ixtisas təhsili alan tələbələrə təhsil haqqını ödəməkdə dəstək olmaq üçün dövlət tərəfindən təqdim edilən maliyyə mexanizmidir. Kredit əsasən güzəştli və ya standart şərtlərlə verilir, təhsil müddətində və müəyyən möhlət dövründə geri ödəniş tələb olunmur. Məqsəd maddi imkanlardan asılı olmayaraq gənclərin təhsilə çıxışını təmin etməkdir.

Maraqlıdır, təhsil tələbə kreditindən kimlər yararlana bilməz?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.

Fonddan sorğumuza cavab olaraq bildirilib ki, təhsil tələbə krediti dedikdə dövlət büdcəsinin vəsaiti hesabına hamı üçün, xüsusilə də aztəminatlı ailələrdən olan tələbələr üçün əlçatan olan, əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə verilən sosial (illik 2 faiz) və standart (illik 6 faiz) növ uzunmüddətli təhsil kreditləri başa düşülür:

"Təhsil tələbə kreditləri ölkə ərazisində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrində normativ təhsil müddətində əyani və ödənişli əsaslarla təhsil alan, əvvəlki semestrlər üzrə akademik borcu olmayan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub.

Mövcud meyarlara əsasən, qiyabi təhsilalma formasında oxuyan tələbələrin təhsil tələbə kreditindən yararlanmaq imkanı yoxdur. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən, yalnız Azərbaycan vətəndaşı olan və əyani təhsilalma formasında oxuyan tələbələr kreditdən yararlanmaq hüququ əldə edirlər.

Qeyd etdik ki, təhsil tələbə kreditləri yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur. Bu baxımdan, xarici tələbələr üçün hazırda təhsil tələbə krediti nəzərdə tutulmayıb. Lakin xaricdən köçürülmə yolu ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmuş və Azərbaycan vətəndaşlığı olan tələbələr təhsil tələbə kreditindən yararlana bilərlər

Tələbənin əvvəlki semestr üzrə akademik borcu (kəsiri) olduğu halda, həmin semestr üçün kreditin verilməsi dayandırılır. Kreditdən yenidən yararlanmaq üçün tələbənin növbəti semestrdə akademik borcu olmamalı və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) minimum 71 bal təşkil etməlidir.

Eyni zamanda, dövlət sifarişi ilə təhsil alan tələbələr təhsil haqqı ödəmədikləri üçün bu kreditdən istifadə edə bilməzlər. Təhsil tələbə kreditləri yalnız normativ təhsil müddəti ərzində verilir. Müəyyən olunmuş normativ təhsil müddətindən sonra təhsil müddəti uzanan tələbələr kreditdən yararlana bilməzlər".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox