Son illər ölkədə təhsil sahəsinin inkişafı və müasir tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra mühüm qanunlar qəbul edilmiş və mövcud qanunvericiliyə dəyişikliklər edilmişdir. Bu islahatlar təhsilin keyfiyyətinin artırılmasına, bərabər imkanların yaradılmasına, müəllim və şagirdlərin hüquqlarının qorunmasına yönəlib. Qəbul edilən yeniliklər təhsil sisteminin daha çevik, şəffaf və rəqabətədavamlı olmasına xidmət edir.
Təhsillə bağlı son illərdə edilən əsas qanun dəyişiklikləri hansılardır və təhsil qanunvericiliyində daha hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib ki, son illərdə Azərbaycan Milli Məclisi təhsil sahəsində qanunvericiliyi ardıcıl şəkildə təkmilləşdirib və bir çox strateji dəyişikliklər qəbul edib:

“Bu dəyişikliklərin əsas istiqaməti təhsil sisteminin effektivliyini artırmaq, tələbə hüquqlarını daha yaxşı qorumaq, sosial ədaləti təmin etmək və təhsilin beynəlxalq standartlara uyğunlaşmasını sürətləndirməkdir. Prezident cənab İlham Əliyevin də dediyi kimi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu tez-tez yenilənərək müasir tələblərə uyğunlaşdırılır, təhsil sistemindəki yeni çağırışlara cavab verilməsi təmin olunur.
Milli Məclisin qanunvericilik fəaliyyətində son illərin mühüm yeniliklərindən biri sosial dəstək mexanizmlərinin gücləndirilməsidir. Belə ki, müvafiq dəyişikliklərlə valideynlərini itirmiş uşaqlar, şəhid ailələrinin üzvləri və xüsusi ehtiyacı olan şəxslər dövlət büdcəsi hesabına təhsil haqqının ödənilməsi ilə bağlı hüquqlarla təmin olunublar. Bu addım təhsil sahəsində sosial ədalətin gücləndirilməsi və təhsilin əlçatanlığının artırılması məqsədi daşıyır.
Bundan əlavə, 2025-ci il üçün qəbul edilən qanun layihələri çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayan və peşə təhsili müəssisələrində təhsil alan şəxslərin də təhsil haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi kimi yeni müsbət məqamlar daxil edilib. Bu, regionların sosial-iqtisadi bərpası və gənclərin təhsil imkanlarının bərabərliyi baxımından strateji əhəmiyyət kəsb edir”.
Təhsil qanunvericiliyində tələbə hüquqlarının daha aydın şəkildə müəyyən edilməsi də ciddi toxunulan sahələrdəndir:
“Milli Məclisin qəbul etdiyi dəyişikliklərdə bakalavriat və magistratura səviyyələrində təhsil alanların ixtisas və təhsil formasını dəyişdirmək, təhsil müəssisəsindən xaric olmaq və ya bərpa olunmaq kimi hüquqlarının tənzimlənməsi qanunla əksini tapıb. Bununla yanaşı, tələbələrin akademik məzuniyyət hüququnun normativ əsasları da qanunvericilikdə dəqiqləşdirilib ki, bu da tələbələrin təhsil prosesində çevikliyini və hüquqlarının müdafiəsini gücləndirir.
Beynəlxalq təhsil sahəsində də əhəmiyyətli yeniliklər var. Milli Məclisin 2025-ci ildə qəbul etdiyi yeni “Təhsil haqqında” qanunda xarici fiziki və hüquqi şəxslərin Azərbaycanda ali təhsil müəssisəsi yaratmasına imkan verilib və ali məktəblərin lisenziyalaşdırılması prosesləri tənzimlənib ki, bu da ölkədə ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq və təhsil mübadiləsini genişləndirməyə xidmət edir.
Peşə və peşəkar təhsilin dəstəklənməsi üçün qanunvericiliyə edilən əlavələr peşə təhsili müəssisələrində təhsil alan şəxslərin sosial müdafiə mexanizmlərini gücləndirir və təhsil haqlarının dövlət tərəfindən ödənilməsi prosedurlarını müasirləşdirir. Bu tip dəyişikliklər təhsilin müxtəlif səviyyələrində inklüzivliyi təmin etməklə yanaşı, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını dəstəkləyir”.
“Uşaqların erkən yaşlarda təhsil prosesinə cəlb olunması da qanunvericilikdə nəzərdə tutulan yeniliklər sırasındadır”, - deyə E. Akimova fikrinə əlavə edib:
“Parlament müzakirəsində olan dəyişiklik layihələri çərçivəsində məktəbəqədər təhsilin yeni formalarda - məktəbəqədər müəssisələrdən başqa, icma əsaslı və əlavə təhsil mərkəzlərində də təşkil olunması kimi təşəbbüslər irəli sürülüb ki, bu da uşaqların təhsil prosesinə daha erkən və elastik şəkildə inteqrasiyasını təmin edə bilər.
Gələcəkdə təhsil qanunvericiliyində aparılması planlaşdırılan əlavə islahatlar isə bir neçə mühüm istiqaməti əhatə edir. İlk növbədə, “Təhsil haqqında” qanunun daha dərin modernləşdirilməsi zəruridir ki, bu da təhsilin məzmunu, idarəetmə strukturları və tədris proqramlarının yenidən qurulmasını nəzərdə tutur. Hazırda ümumi təhsil və məktəbəqədər təhsil sahələri üçün ayrıca qanun layihələrinin işlənməsi prosesindədir ki, bu da təhsil sisteminin strukturlaşdırılmasını və idarəetmə mexanizmlərinin daha səmərəli şəkildə formalaşdırılmasını hədəfləyir.
Müəllim peşəsinin statusunun yüksəldilməsi və müəllimlərin sertifikatlaşdırma mexanizmlərinin yeni hüquqi tənzimlənməsi də perspektiv islahatlar sırasındadır. Bu addımlar müəllimlərin peşəkar inkişafını stimullaşdıracaq və tədrisin keyfiyyətini artıracaq. Təhsil qanunvericiliyinin rəqəmsallaşdırılması, distant və innovativ öyrənmə metodlarının tənzimlənməsi, həmçinin süni intellekt və yeni texnologiyalarla əlaqəli normativ bazanın formalaşdırılması da gələcəkdə müzakirə olunacaq əsas məsələlərdəndir.
Əldə olunan qanunvericilik nəticələri göstərir ki, Azərbaycan təhsil sisteminin modernləşdirilməsi üçün ardıcıl addımlar atılır, sosial inklüzivlik, tələbə hüquqları, beynəlxalq inteqrasiya və innovasiya kimi sahələrdə qanunvericilik çərçivəsi genişləndirilir. Gələcək islahatlar isə bu əməkdaşlığı daha da dərinləşdirməyi və təhsil sisteminin müasir tələblərə uyğun funksionallığını artırmağı hədəfləyir”.