Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsinin növbəti mərhələsi sona çatıb.
AzEdu.az xəbər verir ki, layihə çərçivəsində İsrailin Təl-Əviv şəhərində “Təhsildə liderlik” mövzusunda təlimlər təşkil edilib və layihənin icrası Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Təlimlərin üçüncü həftəsində iştirakçılar təhsildə sosial-emosional öyrənmə, problem həll etmədə mühəndislik bacarıqları, idman texnologiyaları kimi mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. Bununla yanaşı, onlar ORT mərkəzində təşkil olunmuş tibbi stansiyalarda elmi-texniki fənlərin tibbi və praktiki fəaliyyətlər əsasında necə təşkil olunduğu ilə tanış olublar. “ORT Netanya” məktəbində isə virtual reallıq texnologiyalarından istifadə etməklə tədris mühiti və öyrənmə yanaşmalarını müşahidə etmək imkanı qazanıblar.
Təlim səfərinin son günündə ORT kollektivi və Azərbaycandan olan pedaqoji heyətin iştirakı ilə bağlanış mərasimi keçirilib
Təlimlərin ikinci hissəsinin dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub.