Elm və təhsil nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
AzEdu.az xəbər verir ki, festivalın rəsmi açılış mərasimində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif ölkələrdən gələn qonaqlar, eləcə də özəl şirkət rəhbərləri iştirak edirlər.
Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
Festivala ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib, final mərhələsinə isə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-i 19 xarici ölkəni təmsil edir.
Ümumilikdə isə təmsil olunan ölkələrin sayı isə 22-dir.
Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 19 noyabr tarixinədək davam edəcək.