Azedu.az

Nazir təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüşüb

Təhsil Nazirliyi

6 Mart 2026, 17:12
Nazir təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüşüb

Martın 6-da elm və təhsil naziri Emin Əmrullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüddə olan bir qrup qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib.

AzEdu.az xəbər verir ki, görüşdə ümumi təhsil müəssisələrində uzun illər pedaqoji fəaliyyət göstərmiş müəllimlər və məktəb direktorları iştirak ediblər. 

Nazir iştirakçıları bayram münasibətilə təbrik edərək qeyd edib ki, ömrünün ən məhsuldar illərini müəllimliyə və təhsil idarəçiliyinə həsr etmiş pedaqoqlar Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayıblar. Onların yetişdirdiyi minlərlə məzun bu gün cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verir.

Emin Əmrullayev çıxışında Azərbaycan məktəbinin formalaşmasında və milli-mənəvi dəyərlərin yeni nəsillərə ötürülməsində qadın müəllimlərin xüsusi rolunu vurğulayıb. Nazir bildirib ki, qadın pedaqoqlar yalnız bilik ötürən müəllimlər deyil, həm də cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin formalaşmasında iştirak edirlər.

Görüş zamanı müəllim peşəsinin nüfuzunun artırılması, pedaqoji fəaliyyətin cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsi və müəllimlərin sosial statusunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. 

Nazir həmçinin uzun illər ərzində formalaşmış pedaqoji təcrübənin qorunmasının və gənc müəllimlərə ötürülməsinin təhsil sisteminin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, təqaüddə olan təcrübəli pedaqoqların mentorluq fəaliyyəti və məsləhətləri gənc müəllimlərin peşəkar inkişafına mühüm töhfə verə bilər.

Söhbət zamanı nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar barədə də danışıb. O bildirib ki, bu islahatların əsas məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və müasir tələblərə cavab verməsidir. Bu prosesdə müəllimlərin peşəkarlığı, təşəbbüskarlığı və yeniliklərə açıq olması həlledici rol oynayır.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların fikirləri və təklifləri dinlənilib.

Təltif olunanlar

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox