Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “IT SkillSprint” təhsil proqramının açılış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova proqramın əsas məqsədinin tələbələrin IT sahəsində praktiki bilik və bacarıqlarını artırmaq, onların həm yerli, həm də qlobal əmək bazarında rəqabət qabiliyyətini gücləndirmək olduğunu bildirib.
Direktor qeyd edib ki, IT sahəsinin sürətli inkişafı ali təhsil proqramlarının daim yenilənməsini tələb edir və bu kimi təşəbbüslər tələbələrin aktual bilik və bacarıqlar əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ülkər Səttarovanın sözlərinə görə, layihə çərçivəsində geniş seçim mərhələsindən keçmiş 123 tələbə bir semestr ərzində xarici şirkət tərəfindən təqdim olunan intensiv təlim proqramında iştirak edəcək və real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaq.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov isə bildirib ki, proqram insan kapitalının inkişafı və ali təhsil ilə əmək bazarı arasında əlaqənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, agentlik tərəfindən həyata keçirilən layihələrdə 10 mindən artıq tələbə təlim və təhsil proqramlarına cəlb olunub, xüsusilə kibertəhlükəsizlik layihələrində işə qəbul göstəricisi artıq 90 faizə çatır.
Fərid Osmanov bildirib ki, bugünkü proqram çərçivəsində tələbələr “Ironhack” beynəlxalq şirkəti ilə birgə təlimlərdə iştirak edəcək və bu, onlara həm yerli, həm də xarici əmək bazarında geniş imkanlar yaradır.
“Ironhack” şirkətinin direktoru Gonzalo Manrike Sabatel proqramın məqsədinin yüksək potensiallı tələbələri qısa müddətdə intensiv və praktiki təlimlər vasitəsilə əmək bazarına hazırlamaq olduğunu bildirib.