Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimi keçirilib. Tədbirdən öncə gənclər tərəfindən Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.
Tədbir çərçivəsində ölkəmizdə həyata keçirilən gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim olunub. Mükafatları Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında gənclərin məşğulluğu istiqamətində görülən işlər barədə danışıb, nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığının gənclərin əmək fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ düşüncə tərzinin və praktiki vərdişlərin inkişafına, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin əsasının birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkib. Bildirib ki, ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclər siyasəti üzrə möhkəm hüquqi baza formalaşdırılıb, bu sahədə mühüm fərman və sərəncamlar qəbul olunub. Həmin sənədlər gənclərin inkişafına güclü stimul verib və onların cəmiyyətin fəal üzvlərinə çevrilməsində mühüm rol oynayıb.
Firudin Qurbanov əlavə edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət gənclər üçün aydın “yol xəritəsi”nə çevrilib. Məhz bu uğurlu siyasətin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi prosesdə gənclərimizin göstərdiyi şücaət hər zaman xüsusi vurğulanır və onlara böyük dəyər verilir.
Gənclərin xaricdə təhsilinə dövlət qayğısına da toxunan nazir müavini bildirib ki, “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nəticəsində 5000-dən çox Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub. Bundan başqa, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması dəstəklənir.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov öz növbəsində qeyd edib ki, gənclərin dünyagörüşünün formalaşmasında mədəniyyət aparıcı rol oynayır və bu amil gənclər siyasətinin mahiyyətinə də öz təsirini göstərir. Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası Azərbaycanın milli kimliyinə əsaslanan, eyni zamanda, qlobal çağırışlara açıq olan müasir mədəniyyət modelini hədəfləyir. Burada əsas məqsəd mədəniyyəti yalnız qorunan bir dəyər deyil, inkişaf edən, cəmiyyətin bütün sahələrinə təsir göstərən canlı bir sistem kimi formalaşdırmaqdır.
Forum sessiyalarla davam edib və qeyd olunub ki, fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və “Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.
Xatırladaq ki, birinci Azərbaycan Gəncləri Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilib. Bununla da Azərbaycan Gəncləri Forumlarının keçirilməsi ənənəsi formalaşıb.