Azedu.az

Mərkəzi Aran regionunda tədrisin keyfiyyəti müzakirə edilib

Təhsil Nazirliyi

30 Yanvar 2026, 10:18
Mərkəzi Aran regionunda tədrisin keyfiyyəti müzakirə edilib

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsində Yevlax, Ucar, Mingəçevir, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonları üzrə bir qrup qabaqcıl təhsil işçisi ilə görüşüb. 

AzEdu.az xəbər verir ki, görüş zamanı ümumtəhsil məktəblərində təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması, idarəetmənin səmərəliliyinin yüksəldilməsi və pedaqoji prosesin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəblərdə sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, təhsil müəssisələrində mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması regionların ümumi inkişafına, təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsinə və şagird nailiyyətlərinin artmasına birbaşa təsir göstərir.

Görüşdə ibtidai siniflərdə tədrisin təşkili və bu mərhələdə müşahidə olunan problemlərə xüsusi diqqət ayrılıb. Emin Əmrullayev ibtidai təhsilin bütün təhsil pillələri üçün baza rolunu oynadığını qeyd edərək bu sahədə yaranan çətinliklərin vaxtında aradan qaldırılmasının gələcək təlim nəticələri baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Nazir müasir pedaqoji yanaşmaların tətbiqinin vacibliyini vurğulayaraq tədris prosesində şagirdyönümlü metodların, tənqidi düşünmə və əməkdaşlıq bacarıqlarının formalaşdırılmasına xidmət edən yanaşmaların genişləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda layihə əsaslı öyrənmənin şagirdlərin bilik və bacarıqlarının real həyat situasiyalarında tətbiqinə imkan yaratdığını, bu yanaşmanın təlim motivasiyasını artırdığını diqqətə çatdırıb.

Görüş zamanı şagirdlər üçün hazırlanmış dərsliklərin məzmunu və tədris prosesində istifadəsi məsələlərinə də toxunulub. Nazir dərsliklərin şagirdlərdə oxuyub-anlama, məntiqi düşünmə və tətbiqetmə bacarıqlarının inkişafına xidmət etməsinin vacibliyini qeyd edib, bu istiqamətdə müəllimlərin rəy və təkliflərinin əhəmiyyətini vurğulayıb.

Direktor və müəllimlər tərəfindən tədris prosesinin təşkili, metodiki dəstək, ibtidai siniflərdə təlimin keyfiyyəti, layihə əsaslı öyrənmənin tətbiqi və dərsliklərlə bağlı sual və təkliflər səsləndirilib. 

Görüşün sonunda təhsil ictimaiyyəti ilə birbaşa dialoqun əhəmiyyəti vurğulanıb, regionlarda fəaliyyət göstərən məktəb rəhbərlərinin və müəllimlərin təşəbbüskarlığının dəstəklənəcəyi bildirilib.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox