Elm və Təhsil Nazirliyi bu il üçün illik hesabatını təqdim edib.
AzEdu.az həmin hesabatı təqdim edir.
220 000 uşaq məktəbəqədər təhsil alır
2025-ci ildə ölkə üzrə 220 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Hazırda ölkə ərazisində 1708 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
131 mindən çox uşaq birinci sinfə gedib
2025-2026-cı tədris ili üzrə 131 min 815 uşaq birinci sinfə qəbul edilib.
86 mindən çox uşaq məktəbəhazırlığa gedib
2025-ci ildə 86 395 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul edilib.
Ölkə üzrə məktəb və şagird sayı
Bu gün ölkədə 4279 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 130 mindir, şagird sayı isə 1 600 000-dən çoxdur.
Yeni tikilən və təmir edilən təhsil müəssisələri
Ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub. 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.
İnklüziv təhsil
2025-ci il ərzində əlavə 22 ümumi təhsil müəssisəsində inklüziv siniflər fəaliyyətə başlayıb. Ümumilikdə 89 məktəbdə inklüziv təhsil tətbiq olunur.
Səriştəəsaslı məzmunun tətbiqi, dərslik hazırlığı, tədris planları
5 fənn (Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika, informatika fənləri) üzrə təhsil proqramı (kurikulumu) təkmilləşdirilərək 2025-ci ildə təsdiq edilib.
Ümumi təhsil müəssisələri üçün 49 adda (44 adda yeni hazırlanmış, 5 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb. Bununla yanaşı, ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 302 adda 6 863 600 nüsxə dərsliyin çapı yekunlaşdırılaraq məktəblərə çatdırılıb.
Ümumi təhsil pilləsində tədrisin təşkili üçün 20 adda tədris planı hazırlanaraq təsdiq olunub.
Lisey və gimnaziyalara qəbul
Bakı şəhəri və bəzi bölgələrdə yerləşən lisey və gimnaziyalara qəbul prosesində 29 375 şagird qeydiyyatdan keçib, 26 627 şagird qəbul imtahanında iştirak edib. 39 lisey və gimnaziya üzrə 5493 vakant yer ayrılıb. Vakant yerlərin 4784-ü, yəni 87,09 %-i tutulub.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
Ölkə üzrə 4254 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 2526 geniş zolaqlı optik (ayrılmış xətt ilə 1755 FO və 771 GPON), 1448 simsiz və 280 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.
“Rəqəmsal məktəb”
Hazırda Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan “Rəqəmsal məktəb” platformasından ümumilikdə 685 mindən çox istifadəçi yararlanır. Bunlardan 39 000 müəllim, 379 000 şagird və 267 000 isə valideyndir.
“Müəllim” tətbiqi
“Rəqəmsal məktəb” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində rəqəmsal idarəetmənin gücləndirilməsi və tədris prosesinin effektivliyinin artırılması məqsədilə müəllimlər üçün “Müəllim” mobil tətbiqi istifadəyə verilib. Hazırda bu tətbiq Bakı şəhərində 350-dən çox ümumi təhsil müəssisəsində istifadə olunur.
Müəllimlərin işə qəbulu
2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub.
Müəllimlərin sertifikatlaşdırılması
2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 19 681, uğur qazanan isə 16 587 nəfər olub.
Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
Müəllimlərin yerdəyişməsi
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1356 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 150 nəfər iş yerini qarşılıqlı dəyişdirib.
Yeni təmayül məktəb layihəsi
2025–2026-cı tədris ilindən başlayaraq yeni təmayül məktəb (Tam orta məktəb) layihəsinin tətbiqinə başlanılıb. Hazırda 13 şəhərdə yerləşən 14 ümumi təhsil müəssisəsində 1716 şagirdin (X sinifdə 1282, XI sinifdə 434 nəfər) və 264 müəllimin iştirakı ilə pilot qaydada həyata keçirilir.
Modelin tətbiqinin məqsədi müvafiq siniflərdə təhsil alan şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə dərinləşdirilmiş və sistemli bilik verilməsi, müasir əmək bazarına uyğun bacarıqların formalaşdırılması, yüksək akademik hazırlığın təmin olunmasıdır.
STEAM
STEAM Azərbaycan layihəsinin əhatə dairəsi cari tədris ilində genişləndirilərək 407 ümumi təhsil müəssisəsinə və ümumilikdə 303 109 şagirdə çatdırılıb. 2025-2026-cı tədris ilindən etibarən layihənin 3-cü siniflərdə də tətbiqinə start verilib.
17-19 noyabr 2025-ci il tarixlərində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirilib. Ölkəmizdə beşinci dəfə keçirilən bu festivalda 22 ölkəni təmsil edən 1400-dən çox iştirakçı və 80-dən çox münsiflər heyəti iştirak edib.
“Rəqəmsal bacarıqlar”
2017-ci ildən ölkədə tətbiq edilən “Rəqəmsal bacarıqlar” layihəsi hazırda 772 ümumi təhsil müəssisəsini və 528 mindən çox şagirdi əhatə edir.
Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir.
"Peşə təmayüllü siniflər"
2025-2026-ci tədris ilində 9000-dən çox şagird peşə təmayüllü siniflərdə təhsil alır. Hazırda layihə 327 məktəbdə və 1 pilot olaraq xüsusi təhsil məktəbində, 536 sinif və 1 xüsusi təhsil sinfində, 1073 ixtisas qrupu və 1399 müəllim heyətini əhatə edir.
Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, “helpdesk”, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.
Şagirdlərimizin yerli və beynəlxalq uğurları
2025-ci ildə beynəlxalq olimpiadalarda ümumilikdə 93 şagird iştirak edib. Şagirdlərimiz bilik yarışlarında 5 qızıl, 18 gümüş, 33 bürünc medal və 16 həvəsləndirici sertifikat qazanıblar.
Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 90 147 şagird qeydiyyatdan keçib. Fənn olimpiadalarında 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanılıb.
“Qərbi Azərbaycana qayıdış” olimpiadası IX və X sinif şagirdləri arasında təşkil olunub. Ümumilikdə 9872 şagird iştirak edib, 3 qızıl, 6 gümüş və 9 bürünc medal qazanılıb.
“Zəkaların mübarizəsi” olimpiadası iştirakçıların şahmat və bilik səviyyəsini müəyyən etməklə, 2 mərhələli, komanda yarışı formatında keçirilib. Komanda yarışları üzrə 6, fərdi yarışlar üzrə 15 nəfər şagird medal və hədiyyələrlə təltif olunub.
“Sabahın alimləri” XIV respublika layihə müsabiqəsi
“Sabahın alimləri” XIV respublika layihə müsabiqəsində şagirdlər 9 istiqamət üzrə 247 layihə ilə yarışıblar. Müsabiqədə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 102 şagird layiq görülüb. Qaliblər arasından seçilən 3 layihə üzrə 6 şagird ölkəmizi ABŞ-nin Kolombus şəhərində keçirilən “Regeneron ISEF”də təmsil edib və bürünc medal qazanıb.
Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları
PISA 2025
Respublika üzrə Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının (PISA 2025) əsas mərhələsi 16 aprel – 27 may 2025-ci il tarixlərində təşkil olunub. Tədqiqatda ümumilikdə 241 ümumi təhsil müəssisəsindən 7400-dən çox şagird və həmin məktəblərin 241 rəhbəri iştirak edib. 5 özəl müəssisə də tədqiqata qatılıb.
PIRLS 2026
2025-ci ilin aprel ayında Azərbaycanda 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirən Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının (PIRLS 2026) sınaq mərhələsi keçirilib. Sınaq mərhələsində Azərbaycanın bütün bölgələrindən seçilmiş 25 məktəb üzrə 32 sinifdən 700-dən çox şagird həm imtahan, həm də sorğu mərhələsi üzrə tapşırıqları cavablandırıb. Eyni zamanda seçilmiş hər şagirdin valideyni (700-dən çox), həmin şagirdlərin təhsil aldığı məktəblərin direktoru (25) və seçilmiş hər sinfin müəllimi (32) də onlar üçün nəzərdə tutulmuş sorğuda iştirak edib.
Tədqiqatın əsas mərhələsi 2026-cı ilin aprel-may ayları ərzində ölkənin bütün bölgələrindən seçilmiş 224 məktəb üzrə 9 000-ə yaxın şagird arasında keçiriləcək.
IELS 2025
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) əsas mərhələsi 2025-ci ilin 21 yanvar-18 mart tarixlərində Bakı və Sumqayıt şəhərlərində həyata keçirilib. Əsas mərhələdə 208 təhsil müəssisəsi üzrə 2678 nəfər 5 yaşlı uşaq qiymətləndirmədə iştirak edib. IELS beynəlxalq qiymətləndirmə tədqiqatının sorğu mərhələsində isə 825 müəllim və 2699 valideyn təqdim edilən sualları cavablandırıb.
PISA-nın iqlim savadlılığı sahəsi üzrə pilot mərhələsi
Azərbaycanda 14–16 yaşlı şagirdlər arasında iqlim savadlılığı üzrə qiymətləndirmənin pilot mərhələsi oktyabr ayında həyata keçirilib. Pilot mərhələdə 65 ümumi təhsil müəssisəsindən 1500-dən çox şagird iştirak edib.
Təhsildə nailiyyətlərin qiymətləndirilməsi
2025-ci il mayın 17-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində, 18 may tarixində isə VI siniflərində monitorinq keçirilib. Monitorinqdə IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq kodlaşan sual, VI sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq kodlaşan sual təqdim olunub. Monitorinqə 145 604 nəfər IV sinif şagirdi, 152 321 nəfər VI sinif şagirdi cəlb olunub.
Müasirləşən metodistlər
“Müasir metodik xidmətin təşkili” çərçivəsində Təhsil İnstitutu (ARTİ) tərəfindən metodist vəzifəsi üzrə müsabiqə elan edilib. Müsabiqə şərtlərinə uyğun olaraq namizədlərlə müsahibələr keçirilib, nəticədə 552 nəfər namizəd “Metodist hazırlığı” təlimlərinə cəlb edilib. Qiymətləndirmə nəticələrinə əsasən ümumi təhsil müəssisələrində metodist vəzifəsinə uyğun hesab edilən 351 nəfər namizədlə əmək müqaviləsi bağlanıb.
Təhsilverənlərin peşəkar inkişafı
Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 45 000 təhsilverən müxtəlif məzmunlu ixtisasartırma təlimlərinə cəlb edilib.
“ZəfərFest-5” yaradıcılıq festivalı
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.
2000-ə yaxın məktəblinin iştirakı ilə keçirilən festival artıq 5-ci dəfədir təşkil olunur. Festival hər il gənclərin vətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçün mühüm platformaya çevrilib.
"Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festival
İyunun 1-də türk dövlətlərinin məktəbliləri arasında "Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib. Şuşa şəhərində baş tutan festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
“Məktəblərdə Konstitusiya və Suverenlik ayı layihəsi
Ölkə üzrə 2025-ci ilin noyabr ayında “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsi keçirilib. Layihə çərçivəsində mövzuya uyğun olaraq ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, məqalə və kitablarla tanışlıq, sinif təşkilat saatları, seminar və müsabiqələr təşkil edilib, maairfləndirici stendlər, videoçarxlar nümayiş olunub. Layihədə 30000 nəfərdən çox məktəbli iştirak edib.
Böyük Qayıdış
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri həyata keçirilib. Ötən müddət ərzində 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib.
Fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır.
Fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 270 uşaq təhsil alır və 25 nəfər təhsilverən, 58 nəfər texniki işçi çalışır.
Peşə təhsili
Tələbə qəbulu
2025-ci ildə 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb. Ümumilikdə 32 620 plan yeri müsabiqəyə çıxarılıb. Onlardan 23 280-i dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən 46 789 nəfərdən 27 021 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.
Tələbələrin 84%-i dövlət sifarişli, 16%-i ödənişli əsaslarla qəbul olunub. Onların 39%-i (10 489 nəfər) qadınlardır. Peşə təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.
Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır. Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə müəssisəsində məhkumdur.
2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.
Yeni peşə təhsili müəssisələri
“Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmirinin aparılması nəzərdə tutulur.
Yüksək texniki peşə təhsili
2025-ci ildə yüksək texniki peşə təhsili səviyyəsində həyata keçirilən qəbul prosesində 2 590 nəfər tələbə adını qazanıb.
2022–2025-ci illər üzrə yüksək texniki peşə təhsilinə cəlb olunanların sayı 7 117 nəfər təşkil edir. 2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.
Dual peşə təhsili proqramı
2025–2026-cı tədris ilində dual peşə təhsili proqramına ümumilikdə 1 704 nəfər qəbul olunub. Onlardan 1 019 nəfəri kişi, 658 nəfəri qadın olub.
Rəhbər və pedaqoji heyətin işə qəbulu
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu prosesində 4751 namizəd qeydiyyatdan keçib. Onlardan 1 920 nəfəri test mərhələsinə buraxılıb, 754 nəfər isə müsahibəyə keçib. Ümumilikdə 274 müəllim işə qəbul olunub.
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsində 21 nəfər uğur qazanaraq işlə təmin olunub.
Peşə təlimləri
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmiş təlimlər
İl ərzində 975 nəfəri əhatə edən qısamüddətli, 350 nəfəri əhatə edən ixtisasartırma təlimləri keçirilib. Təlimlər ümumilikdə 42 ixtisas üzrə 12 müəssisədə həyata keçirilib.
Bundan başqa, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində vətəndaşların peşə bacarıqlarının artırılması və əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq qısa müddətdə ixtisaslı kadrların hazırlanması məqsədilə də təlimlər təşkil olunub. Sözügedən təlimlər 42 ixtisas üzrə 19 müəssisədə təşkil olunub.
Təhsil proqramları
2025-ci il üçün ümumilikdə 17 peşə təhsil proqramı hazırlanıb. Proqramlardan 10-u yeni ixtisas üzrə olub, 7-si isə yenilənib.
Yeni ixtisasların tətbiqi əmək bazarının aktual ehtiyaclarını qarşılamağa xidmət edir. Bu, tədris prosesinin daha çevik və məqsədyönlü təşkilinə imkan yaradır. Bu proqramlar müasir tələblərə uyğunlaşdırılıb və təhsil prosesinin keyfiyyətinin artırılmasına istiqamətləndirilib. Hazırlanmış proqramlar müxtəlif sahələr üzrə peşə hazırlığının sistemli aparılmasını təmin edir. Proqramlar tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.
Dərsliklərin çapı və paylanması
2025-ci il ərzində 72 peşə ixtisas dərsliyi hazırlanıb və ümumilikdə 35 000 nüsxə dərslik çap olunub. Dərsliklərin məzmunu tədris ehtiyaclarına uyğun olaraq sistemləşdirilib və istifadəyə hazır vəziyyətə gətirilib.
Yerli dərsliklərin 10 000, tərcümə edilmiş dərsliklərin isə 25 000 nüsxə tirajı təhsil müəssisələrinin dərslik təminatını tam şəkildə əhatə edir. Dərsliklərin 38-i yerli mütəxəssislər, 34-ü isə beynəlxalq mənbələr əsasında tərtib edilib. Bu balans həm yerli reallıqların, həm də beynəlxalq təcrübənin nəzərə alınmasına imkan verir.
Dərsliklər tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.
Ali və orta ixtisas təhsili
Ali təhsil
Bakalavriat səviyyəsi üzrə faktiki tələbə qəbulu son illərdə davamlı artım dinamikası nümayiş etdirib. Belə ki, son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb. 2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63.025 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 96,6%-nin faktiki olaraq doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin əhəmiyyətli hissəsi dövlət sifarişi əsasında (29 962 nəfər) təhsil almaq hüququ qazanıb.
2025-2026-cı tədris ili üzrə isə qiyabi təhsilalma formasında cəmi 2.385 yer proqnozlaşdırılıb ki, bu da 2023/2024-cü tədris ili ilə müqayisədə 1.387 yer və ya 36,8% azalma deməkdir. Bu azalma ölkədə ali təhsil sistemində aparılan optimallaşdırma və keyfiyyət yönümlü islahatların tərkib hissəsidir.
Əsas (baza ali) tibb təhsili səviyyəsində isə faktiki qəbul xüsusilə yüksək olub. 2025/2026-cı tədris ilində 1.182 plan yerinin 1.182-si doldurulub, faktiki qəbul 100% səviyyəsində təmin edilib. Bu təhsil səviyyəsində qəbul olunan tələbələrin 1.127 nəfəri (95%-dən çoxu) dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.
Magistratura səviyyəsində faktiki tələbə qəbulu son illərdə artım dinamikası nümayiş etdirib. Belə ki, 2021/2022-ci tədris ilində 10.484 nəfər olan faktiki qəbul 2025/2026-cı tədris ilində 14.335 nəfərə çatıb, bu da 3.851 nəfər və ya təxminən 37% artım deməkdir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsi üzrə 17.558 plan yerindən 14.335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 81,7%-nin faktiki olaraq təmin edildiyini göstərir. 2025/2026-cı tədris ilində magistratura səviyyəsində 7.094 nəfər (40,4%) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
2025-2026-ci tədris ilində fəlsəfə doktoru proqramı üzrə ümumilikdə 1.177 qəbul yeri proqnozlaşdırılıb. Bu yerlərdən 744-ü (63%) ali təhsil müəssisələrində, 433-ü (37%) isə elmi müəssisələrdə nəzərdə tutulub. Ali təhsil müəssisələrində planlaşdırılan qəbul yerləri dövlət sifarişi əsasında, elmi müəssisələr üzrə planlaşdırılan qəbul yerləri isə dövlət büdcəsi hesabına və ödənişli əsaslarla nəzərdə tutulub. Planlaşdırılan qəbul yerlərinin 64.3% və ya 757 yer dolub. Qəbul olanların 484 nəfəri (64%) ali təhsil müəssisələrinə, 273 nəfəri (36%) isə elmi müəssisələrə qəbul olub.
2025-2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramı çərçivəsində dissertanturaya tələbə qəbulu dayandırılıb, eyni zamanda elmlər doktoru proqramı üzrə də tələbə qəbulu planlaşdırılmayıb.
Orta ixtisas təhsili
2025-2026-cı tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı layihəsində bəzi optimallaşdırma prosesləri həyata keçirilib, bir sıra istiqamətlər üzrə müəyyən yanaşmalar ortaya qoyulub və buna uyğun olaraq tələbə qəbulu plan layihəsi hazırlanıb. Hazırlanmış layihədə orta ixtisas təhsili pilləsi üzrə tələbə qəbulu planı öncəki illə (24.659 yer) müqayisədə 2.4 % (584 yer) artırılaraq 25.243 yerə çatdırılıb. Proqnozlaşdırılan tələbə qəbulu yerlərinin 8.154-ü (32.3%) ümumi orta təhsil bazasından (9 illik bazadan), 17.089 yer (67.7%) isə tam orta təhsil bazasından (11 illik bazadan) təklif edilir.
Qarabağ Universitetinin Klinikası
Sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı olub.
Bu tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib, binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb.
İtaliya-Azərbaycan Universiteti
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.
Türkiyə-Azərbaycan Universitetində tələbələr üçün yeni imkanlar
Türkiyə-Azərbaycan Universitetində tələbələrin təcrübi biliklərinin təmin edilməsi məqsədilə 9 tədris laboratoriyası, o cümlədən 1 fizika, 4 kimya, 1 mikrobiologiya və 3 kompüter laboratoriyası qurulub. Fizika və kimya laboratoriyaları 2024-cü ildən fəaliyyət göstərir. Mikrobiologiya laboratoriyası isə 2025-ci ildən fəaliyyətə başlayıb. Növbəti ildə intstrumental analiz və qida texnologiyası laboratoriyalarının da fəaliyyətə başlaması planlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına 60, qida mühəndisliyi ixtisasına 12, sənaye mühəndisliyi ixtisasına 22 tələbə qəbul olunub.
Yeni ali təhsil proqramları
Nazirlər Kabinetinin müvafiq qərarları ilə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatları yeni redaksiyada təsdiq edilib. Yeni təsnifatların qüvvəyə minməsi müasir tələblərə və əmək bazarının ehtiyaclarına uyğun, səriştə əsaslı və tələbəyönümlü təhsil proqramlarının hazırlanmasını zəruri edib.
Bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən yeni təsnifata uyğun olaraq ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələri üzrə təhsil proqramlarının hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın tərkibində 9 istiqamət üzrə işçi qrupları formalaşdırılıb, hər bir işçi qrupuna ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarı nümayəndələri həmsədrlik edib. İşçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupu üzrə ümumilikdə 129 ixtisas və 925 ixtisaslaşma ilə bağlı təkliflər hazırlanıb.
Həmin işçi qrupları tərəfindən ali təhsilin bakalavriat səviyyəsinin təsnifatına yeni əlavə edilmiş “Davamlı inkişaf”, “Data analitikası” və “Fizioterapiya” ixtisasları, habelə magistratura səviyyəsinin təsnifatına daxil olan 124 ixtisas üzrə (5 ixtisas üzrə tələbə qəbulu aparılmadığına görə proqram hazırlanmayıb) məzunun peşə səriştələrini və proqramların təlim nəticələrini özündə əks etdirən təhsil proqramları hazırlanıb.
Elmi-tədqiqat
Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalara çıxış imkanı
2025-ci ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə yenidən imzalanmış müqavilələr əsasında 150-dən çox elm və ali təhsil müəssisəsinə “Scopus” və “Web of Science” elmmetrik bazalarına, eləcə də “ProQuest Central” və “Cambridge University Press” kimi elmi informasiya resurslarına çıxış imkanı yaradılıb, həmin resurslardan sərbəst istifadə təmin edilib.
Alimlərin mükafatlandırılması
2025-ci ildə ETN-in tabeliyində olan elmi müəssisələrdə çalışan tədqiqatçıların elmi göstəriciləri əsasında A, B və C kateqoriyaları üzrə maddi mükafatlandırılması həyata keçirilib. Belə ki, layihə çərçivəsində 22 müəssisədən 260-dan çox tədqiqatçı mükafatlandırılıb.
Nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqalə sayında artım
“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş nəşrlərin sayı 2025-ci ildə əhəmiyyətli artım göstərib. Belə ki, 2023-cü ildə 2 924, 2024-cü ildə 4 684 olan nəşrlərin sayı 2025-ci il üzrə cari dövrdə 6 113-ə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 30 faizə yaxın, 2023-cü illə müqayisədə isə təxminən 2,1 dəfə (109 faiz) artım deməkdir.
Clarivate™ şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş nəşrlərin sayında 2025-ci ildə artım olub. Belə ki, 2023-cü ildə 1 668, 2024-cü ildə 3 476 olan nəşrlərin sayı 2025-ci il üzrə cari dövrdə 4 259-a çatıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 22–23 faizə yaxın, 2023-cü illə müqayisədə isə təxminən 2,6 dəfə (155 faiz) artım deməkdir.
Tədqiqatçıların ödənişsiz məqalə dərc etdirməsi
Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge University Press” elmi elektron resurs və nəşriyyat platformasında Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində bu nəşriyyat tərəfindən yayımlanan yüksək impakt faktorlu 422 hibrid və “gold” açıq girişli (Open Access) jurnalda limitsiz sayda ödənişsiz məqalə dərc etmək və həmin elmi resurslardan sərbəst istifadə etmək imkanına malik olacaqlar.
2025-ci ilin elmmetrik göstəriciləri
Cari ilin ilk 12 ayı ərzində “sahə üzrə istinad təsiri” göstəricisi 1,70-dək artıb.
2025-ci ildə Q1 indeksli elmi jurnallarda 2 970-dən çox, Q2 indeksli elmi jurnallarda isə 1 250-dən çox elmi nəşr dərc olunub. Q1 indeksli jurnallarda dərc olunan məqalələrin sayı Q2 indeksli jurnallarla müqayisədə təxminən 2,4 dəfə çox olub.
“Scopus AI” – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı
ETN-in təşəbbüsü ilə “Elsevier” şirkəti tərəfindən yaradılmış və Azərbaycanda ilk dəfə 2024-cü ildə istifadəyə verilmiş süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” artıq 150-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsindədir.
Tədqiqatçılar üçün təlimlər
“Scopus” və “Web of Science” elmmetrik bazalarından, habelə onların müxtəlif alətlərindən səmərəli istifadə və akademik tədqiqatların süni intellektlə transformasiyası mövzusunda əyani və onlayn formatda təşkil olunmuş 30-dan çox təlimdə ümumilikdə 5 000-dən artıq tədqiqatçı iştirak edib.
SABAH qrupları layihəsi
Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.
#CodeForFuture layihəsi
#CodeForFuture layihəsi üzrə 2025-ci ildə ümumilikdə 8 ali təhsil müəssisəsinin 3-cü və 4-cü kurslarında təhsil alan 1400-dən çox tələbəyə 12 ixtisaslaşma əsasında kurslar tədris edilib. Bu kurslar “Front-end Proqramlaşdırma”, “Back-end proqramlaşdırma”, “Kiber təhlükəsizliyin əsasları”, “Autocad & Solidworks”, “Pyhton Proqramlaşdırma”, ”Vebtərtibatçı”, “Sistem inzibatçılığı”, “Süni intellekt dəstəkli proqramlaşdırma”, “Data analitikası”, “Proqram təminatının test edilməsi (QA)”, “İT Mütəxəssis” və “İnformatika müəllimliyi” modullarını əhatə edib.
Orta ixtisas təhsili müəssisələrində monitorinqlər
2025-ci ildə 13 orta ixtisas təhsil müəssisəsində audit və monitorinq həyata keçirilib. Monitorinqlərin nəticəsinə uyğun olaraq orta ixtisas təhsil müəssisələrində direktor və direktor müavini vəzifəsi olmaqla ümumilikdə 26 yeni təyinat olub.
Əlavə təhsil müəssisələrinə lisenziya verilməsi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 9 əlavə təhsil mərkəzinin fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı müraciətlərə baxılıb, müvafiq komissiya tərəfindən müəssisələrə baxış keçirilib və 5 əlavə təhsil müəssisəsinə müsbət rəy verilib.
Tələbələrin yerdəyişməsi
2025-2026-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan ümumilikdə 1687 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 958 müraciət müsbət nəticə ilə yekunlaşıb.
Beynəlxalq əməkdaşlıq və layihələr
Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləyişi
“QS dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə (QS World University Rankings) ilk dəfə Azərbaycanın 6 ali təhsil müəssisəsi TOP 1000-də yer alıb, onlardan biri isə TOP 800-lükdə təmsil olunub. Ümumilikdə bu qlobal reytinqdə yer alan ali təhsil müəssisələrimizin sayı 9-a yüksəlib.
QS sahələr üzrə reytinqdə (QS Subject Ranking) Azərbaycan ali təhsil müəssisələri 5 fənn sahəsi üzrə təmsil olunub.
QS Dayanıqlılıq (QS Sustainability Ranking) reytinqinə daxil olan Azərbaycan ali təhsil müəssisələrinin sayı artaraq 8-ə çatıb.
“THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə (THE World University Rankings) yer alan ali təhsil müəssisələrimizin sayı 4-ə yüksəlib, onlardan biri TOP 1000-likdə təmsil olunub. Ötən illə müqayisədə bu göstərici 2 dəfə artıb. 2020-ci ildə isə bu qlobal reytinqdə Azərbaycan ali təhsil müəssisələri ümumiyyətlə təmsil olunmurdu.
“THE Impact reytinqi”ndə (THE Impact Rankings) 28 ali təhsil müəssisəmiz təmsil olunub və Azərbaycan universitetlərinin sayı əvvəlki ilə nisbətən 1,5 dəfədən çox artıb.
“THE fənlərarası elm reytinqi”ndə (THE Interdisciplinary Science Ranking) ali təhsil müəssisələrimizin sayı artaraq 4-ə çatıb. Onlardan 2-si TOP 500-də qərarlaşıb.
Eyni zamanda digər reytinqlərdə (RUR, Greenmetric və s.) də Azərbaycan ali təhsil müəssisələrinin sayı artıb və mövqeyi irəliləyib.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 600-ə yaxın müraciət
2025-2026-cı tədris ilində HTP çərçivəsində Macarıstanda 130, Çində 43, Latviyada 10, Qazaxıstanda 10, Türkiyədə 11 (YTB ilə əməkdaşlıq çərçivəsində), Rumıniyada 8, ümumilikdə isə 212 nəfər Azərbaycan vətəndaşı dünyanın 6 müxtəlif ölkəsinin 59 ali təhsil müəssisəsində bakalavriat, magistratura, doktorantura və postdoktorantura səviyyələrində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. Bu isə əvvəlki tədris ilində HTP çərçivəsində müxtəlif ölkələrdə təhsil almaq hüququ qazananlarla müqayisədə 12,5 % artım deməkdir.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində dövlət hesabına təhsil
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2025-2026-cı tədris ili üzrə müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 51 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitet, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura, doktorantura səviyyələrində təhsil almaq hüququ qazanıblar.
HTP çərçivəsində 6 fərqli ölkədən 115 əcnəbi tələbə
2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.
HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Somali Federativ Respublikası və Qırğız Respublikasından olan 115 əcnəbi tələbə hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır.
Təhsil qrantı proqramları ilə 45 ölkədən əcnəbi tələbə
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018–2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.
Bu proqramlar çərçivəsində 45 ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.
İkili diplom proqramı
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Bu proqramlar üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041, məzun sayı isə 463 nəfər olaraq müəyyən edilib.
Beynəlxalq ikili diplom proqramları
Bakalavriat səviyyəsində:
Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 143 nəfər olub.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə mühəndislik ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) təhsil almaq hüququ qazananların sayı 330, məzun sayı isə 85 nəfər olub.
Magistratura səviyyəsində:
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom proqramının təhsil və insan kapitalının inkişafı ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 127, məzun sayı 122 nəfər olub.
ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə təhsil almaq hüququ qazananların sayı 124, məzun sayı 103 nəfər olub.
Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisasında təhsil almaq hüququ qazananların sayı 20 nəfər, məzun sayı 10 nəfər olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 40 nəfər olub.
Dövlət Proqramı
“2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ümumilikdə 1794 tələbə xaricdə təhsil almaq hüququ qazanıb. 2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın 14 ölkəsinin 65 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq üçün 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 tələbə təqaüdə layiq görülüb.
Onlardan 21 nəfər bakalavariat, 136 nəfər magistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan bir neçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9 nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib.
Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfər hazırda əmək fəaliyyəti ilə məşğuldur.
Təhsil tələbə krediti
2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili pillələrinə yeni qəbul olunmuş tələbələrə dair təhsil tələbə krediti mexanizmi çərçivəsində iki mühüm qərar qəbul edilib. Fondun Himayəçilik Şurasının 5 avqust 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarlara əsasən təhsil kreditlərinin əhatə dairəsi genişləndirilib:
Ali təhsil pilləsi: Bakalavriat təhsil səviyyəsi üzrə birinci tədris ilinin ilk semestri üçün Standart TTK-ya müraciət edən tələbələrə SAT imtahanı nəticələri ilə müraciət hüququ verilib və minimal bal həddi 1200 müəyyən edilib.
Orta ixtisas təhsili pilləsi: Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanında toplanılan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.
Statistik göstəricilər və kreditləşmə dinamikası
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək (19.12.2025) e-ttkf.edu.az elekton portalına 86 010 müraciət daxil olub, 70 112 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 24 347-si (34.8%) sosial, 45 765-i (65.3%) standart növ təhsil tələbə kreditidir.
Gender bölgüsü üzrə kredit müqavilələrinin 43 891-i (62.6%) qadın, 26 221-i (37.4%) kişi tələbələrin payına düşür.
Rəsmiləşdirilən kreditlərdən 48 587-si (69.3%) bakalavriat, 16 652-si (23.8%) magistratura, 4 379-u (6.2%) orta ixtisas təhsili, 494-ü (0.7%) isə peşə təhsilinə aiddir.
Bağlanmış kredit müqavilələri üzrə ayrılmış maliyyə vəsaiti
Fondun fəaliyyəti müddətində ümumilikdə 64 milyon manatdan çox kredit məbləği ayrılıb, bunun 62 milyon manatdan çox hissəsi isə birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb.
Təhsil tələbə kreditləri üzrə ayrılmış vəsaitlərin təxminən 39 milyon manatdan bir qədər çoxunu standart təhsil tələbə kreditləri, 25 milyon manata yaxın hissəsini isə sosial təhsil tələbə kreditləri təşkil edib.
Məzun olmuş tələbələrə tətbiq edilən güzəştlər
Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə 566 sosial TTK müqaviləsi üzrə 50 faiz və 1388 standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 650 min manata yaxın vəsait bağışlanıb.
Təqaüd və təcrübə proqramları
“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı
Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunur. Ümumilikdə bu günədək təqaüd verilən tələbə sayı 233-dür.
“Parla” təqaüd və inkişaf proqramı
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır. İki qurum arasında əməkdaşlığa əsasən, Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. Proqram çərçivəsində müxtəlif təlimlər, mentor görüşləri, düşərgələr, təcrübə səfərləri baş tutur.
2025-ci il ərzində 86 nəfər təqaüdlə təmin olunub, onlardan 27-si məzun olub, proqrama qəbul yeni tədris ilindən etibarən açıq elan edilib və 50 tələbə qız proqrama qoşulub. Beləliklə, proqram çərçivəsində təqaüd alan qızların sayı 109-a çatıb.
“Zərif mühəndislər” təqaüd proqramı
“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.
2024-2025-ci tədris ilini əhatə edən layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaq imkanı əldə edib.
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı təsis edilib.
2024-2025-ci tədris ilində proqram çərçivəsində bütün mərhələlərdən uğurla keçən 23 tələbə 10 ay ərzində aylıq 200 manat məbləğində təqaüd əldə ediblər. Eyni şərtlər əsasında 2025/2026-cı tədris ili üçün proqrama 20 tələbə qəbul edilib.
Qarabağ Təqaüd Proqramı
Qarabağ Universitetində gələcəyin potensiallı kadrlarının yetişdirilməsinə dəstək məqsədilə Qarabağ Dirçəliş Fondu və Təhsilin İnkişafı Fondu tərəfindən Qarabağ Təqaüd Proqramı təsis edilib. 20-ə yaxın şirkət təqaüd proqramı çərçivəsində Qarabağ Universitetində təhsil alacaq tələbələrə dəstək göstərəcək.
Təhsil müəssisələrinin fəaliyyətlərinin dəstəklənməsi
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və tələbələrin IELTS imtahanına təşviq edilməsi” layihəsi
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı ilə keçirilən “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və tələbələrin IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində 14 ali təhsil müəssisəsi ilə müqavilə imzalanıb. 2025-ci ildə layihə üzrə ümumilikdə 1000-dən çox vətəndaşın imtahan xərcləri qarşılanıb.
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” çərçivəsində dünyanın 375-dən çox nüfuzlu universiteti və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox təlimi vətəndaşlara ödənişsiz təqdim olunub.
2500 təlim Azərbaycan dilində altyazı ilə, ən çox tələbat olan 15 təlim isə dublyaj edilib. İstifadəçilərin rahatlığı üçün “Milli Proqram”ın interfeysi “Coursera” platformasında Azərbaycan dilində istifadəyə verilib.
TələbəPlus kartı
“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 25 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 000 tələbə TələbəPlus kartı istifadəçisidir.
TəhsilPlus kartı
Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Təhsilin bütün pillələrində göstərən təhsil işçilərinə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan TəhsilPlus kartı 2026-cı ildən etibarən istifadəyə veriləcək.
Dövlət-özəl tərəfdaşlığı
“Study in Azerbaijan”
“Study in Azerbaijan” layihəsinin əsas məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbi tələbələrə müvafiq məlumat və dəstək təqdim etməkdir. Layihə üzrə statistik göstəricilərə əsasən, 11 ölkədən ümumilikdə 70 əcnəbi tələbə proqramda iştirak edir. Ölkələr üzrə bölgüdə Pakistan 33 nəfərlə üstünlük təşkil edir, ardınca Rusiya (12), Türkiyə (8), Hindistan (4), Qazaxıstan (3), Ukrayna (3), Gürcüstan (2), Mərakeş (2), Kosta-Rika (1), İordaniya (1) və Tacikistan (1) gəlir.
Tələbələrin 52-si bakalavriat, 18-i magistratura səviyyəsində təhsil alır. Layihə çərçivəsində Pakistan, Banqladeş, İndoneziya və Azərbaycandan olan 5 təhsil agentliyi ilə müqavilələr imzalanaraq beynəlxalq tələbələrin cəlb olunması daha da gücləndirilib.
“Peerstack Academy”
“Peerstack Academy” layihəsi “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə həyata keçirilən, Azərbaycanda innovativ və müasir tədris yanaşmaları təqdim edən İT təhsil layihəsidir. Layihə “peer-to-peer” öyrənmə modelinə əsaslanır və bu xüsusiyyəti ilə seçilir.
Xarici kvalifikasiyaların tanınması
2025-ci il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir.
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:
Türkiyə Respublikası (1720),
Rusiya Federasiyası (1323),
Ukrayna (870),
Birləşmiş Krallıq (240),
Gürcüstan (200)
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (130),
İstanbul Universiteti (125),
Xarkov Milli Daxili İşlər Universiteti (93),
Ukrayna Milli Mülki Müdafiə Universiteti (83),
Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti (73)
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq,
Biznesin idarə edilməsi,
İqtisadiyyat,
Maliyyə,
Tibb.
Qeyri-formal və informal təhsilin tanınması
2025-2026-cı tədris ili ərzində formal təhsilə çıxış imkanı olmayan vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə 5 yeni peşə ixtisası üzrə (“Təmirçi-çilingər”, “Qrafik-dizayner”, “Kombi və kondisioner ustası”, “Mebel ustası” və “Arıçı”) qiymətləndirilmə və tanınma həyata keçirilərək peşə ixtisaslarının sayı 26-dən 31-ə çatdırılıb.
Cari tədris ilində qiymətləndirilmə və tanınma nəticəsində ümumilikdə 13 peşə ixtisası üzrə 217 nəfər vətəndaşa peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib.
Akkreditasiya qiymətləndirilməsi
2025-2026-cı tədris ilində ölkə üzrə 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi, Gəncə Dövlət Universitetində isə təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
17 ATM-də proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. 14 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Cəlilabad, Şamaxı və Şəki filialları, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Odlar Yurdu Universiteti) “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiyası və 3 ATM-də (Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
Təhsil fəaliyyətinin lisenziyalaşdırılması
TKTA 40 özəl təhsil müəsissəsinin (26 məktəbəqədər, 6 ümumi təhsil, 8 əlavə təhsil müəssisəsi) təhsil fəaliyyətinin lisenziyalaşdırılması ilə əlaqədar sahə baxışlarında və rəylərin formalaşdırılmasında iştirak edib.
Vətəndaş müraciətləri
2025-ci il ərzində Elm və Təhsil Nazirliyi və tabe qurumlarına ümumilikdə 45 537 yazılı, portal.edu.az platformasından 32 281 elektron vətəndaş müraciəti daxil olub.
Ötən dövr ərzində Elm və Təhsil Nazirliyi və tabe qurumlarına “WhatsApp” və sosial mediadan ümumilikdə 99 933 müraciət daxil olub. Bunlardan 85 006 müraciət “WhatsApp”dan, 14 927 müraciət isə digər sosial media hesablarından (“Instagram”, “Facebook”) daxil olub.
146 Çağrı Mərkəzindən daxil olan vətəndaş müraciətləri
2025-ci il ərzində bütün çağrı xətləri üzrə daxil olan zənglərin sayı 498 811 təşkil edib.
Vətəndaş qəbulu
2025-ci il ərzində Elm və Təhsil Nazirliyinin vətəndaş qəbulu mərkəzlərində 87 280 vətəndaşa xidmət göstərilib.
“ASAN xidmət” mərkəzlərində elm və təhsil xidmətləri
2025-ci il ərzində bütün respublika üzrə elm və təhsil xidmətləri göstərən "ASAN xidmət” mərkəzlərində 34 286 vətəndaşa təhsil xidmətləri göstərilib.