Təhsil sistemində aparılan islahatlar çərçivəsində qəbul və buraxılış imtahanlarının formatında dəyişikliklərin olacağı barədə fikirlər son zamanlar cəmiyyətdə geniş müzakirə olunur.
Maraqlıdır, növbəti tədris ilində qəbul və buraxılış imtahanlarının formatında hansısa dəyişikliklər edilə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi bildirib ki, qəbul imtahanlarının modelində müəyyən dəyişikliklərin edilməsi zəruri hesab olunur:
"Lakin hazırda, yəni 2026-cı ildə və yaxın illərdə hər hansı ciddi dəyişikliyin baş verməsi gözlənilmir. Məsələn, 9-cu sinif şagirdləri artıq 1-2 dəfə şəkillər üzərində verilmiş suallarla qarşılaşıblar və bilirlər ki, 2027-ci ildə 11-ci sinfi bitirərkən həmin tipli suallarla imtahan verəcəklər. 2024-2026-cı illərdə isə formatda ciddi yenilik nəzərdə tutulmur.
Ümumilikdə, qəbul imtahanlarının formatında dəyişikliklərə ehtiyac var. Təklif olunur ki, təkrar hazırlıq sistemindən xilas olmaq və ya bunu azaltmaq üçün ali məktəblərə qəbul zamanı fənlərin sayı azaldılsın. Beləliklə, abituriyentlər cəmi 2 və ya 3 fəndən imtahan verərək ali məktəbə qəbul ola bilərlər. Burada məqsəd imtahan prosesini asanlaşdırmaqdır.
Ancaq ali məktəbi bitirmək çətin olmalıdır. Bu, inkişaf etmiş ölkələrdə tətbiq olunan modeldir. Bəzi ali təhsil müəssisələri artıq SAT imtahanı ilə qəbul aparır və düşünülür ki, bu model yaxın illərdə digər universitetlərdə də tətbiq oluna bilər".
6-7 fəndən imtahan əvəzinə yalnız 2 fənn üzərindən imtahan verilməsi daha məqsədəuyğun olar:
"Gələcəkdə imtahanların yalnız kompüter vasitəsilə, yəni elektron formada təşkili də mümkündür. Elektron imtahan tətbiq ediləcəksə, imtahan formatı və vaxt bölgüsü də buna uyğun şəkildə yenidən tənzimlənməlidir. Misal üçün, yalnız bir dəfə imtahan verilməsi və eyni formatda ikinci cəhd imkanının yaradılması mümkündür.
Necə ki, bu gün magistratura qəbulunda tətbiq olunur. Bütün bu dəyişikliklərin böyük ehtimalla 2027-ci ildən sonra mərhələli şəkildə həyata keçirilməsi gözlənilir".