Azedu.az

Azərbaycan dili hansı ölkələrdə tədris olunur?

Təhsil ekspertləri

4 Noyabr 2025, 11:20
Azərbaycan dili hansı ölkələrdə tədris olunur?

Bu tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq. Eyni formada Azərbaycanda da erməni dilinin tədrisini təklif edilir. 

Bəs Azərbaycan dili başqa hansı ölkələrdə fənn kimi tədris edilir?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

"Azərbaycan dili fənninin tədrisi ölkə daxilində kifayət qədər sistemli və geniş həyata keçirilir, lakin xaricdə bu istiqamətdə imkanlar hələ məhduddur. Dövlətin dil siyasəti ana dilinin qorunması və diasporla əlaqələrin gücləndirilməsi baxımından müsbət nəticələr verir. Statistik göstəricilər göstərir ki, ümumtəhsil müəssisələrinin təxminən 92 %-ində tədris yalnız Azərbaycan dilində aparılır, bu da milli identikliyin və vahid təhsil məkanının təminatıdır. Xaricdə isə, məsələn, Ermənistanda yalnız 4 məktəbdə Azərbaycan dili fənn olaraq tədris edilir və yalnız yuxarı siniflərdə tətbiq olunur, bu isə dilin yayılmasında ciddi məhdudiyyətlər olduğunu göstərir.

Dövlətin qanunvericilik bazasında nəzərdə tutulur ki, digər millətlərin vətəndaşları üçün ana dilində təhsil imkanları yaradılmalıdır. Bu, həm daxili, həm də xarici auditoriya üçün vacibdir, lakin praktikada xaricdə yaşayan azərbaycanlıların böyük bir hissəsi hələ də ana dilində təhsil ala bilmir. Bu vəziyyət 40 milyon xaricdə yaşayan azərbaycanlının dil təhsili imkanlarının yetərsiz olduğunu göstərir.

Müsbət tərəflərdən qeyd etmək olar ki, ölkə daxilində Azərbaycan dilinin üstünlüyü qorunur, milli kimliyin formalaşması və dilin gələcək nəsillər tərəfindən yaşadılması təmin edilir. Xaricdə isə onlayn kurslar və layihələr vasitəsilə diaspor üçün imkanlar yaradılıb, bu da müasir texnologiyadan istifadə olunaraq dilin yayılması baxımından önəmlidir.

Mənfi tərəflər isə odur ki, xaricdə dil fənn kimi yalnız məhdud çərçivədə mövcuddur və əsas tədris dili statusuna malik deyil. Müəllim hazırlığı, dərsliklər və resurslar baxımından problemlər qalmaqdadır, bu da dil bilik səviyyəsinin yüksəlməsinə təsir edir.

Hesab edirəm ki, ölkə daxilində dil siyasəti daha sistemli və effektivdir, xaricdə isə hələ tam həyata keçməyib. Gələcəkdə xaricdə Azərbaycan dili proqramlarının genişləndirilməsi, müəllimlərin hazırlanması və dərsliklərin beynəlxalq standartlara uyğunlaşdırılması ilə diaspor üçün təhsil imkanlarının artırılması mümkündür. Bu həm milli dilin qorunmasına, həm də beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.

Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti - dilin qorunması, diaspor üçün kursların təşkili, ölkə məktəblərində Azərbaycan dilinin əsas tədris dili kimi saxlanması tərifə layiqdir. Bu addımlar milli kimliyin, mədəniyyətin və davamlılığın qorunması baxımından əhəmiyyətlidir və ölkə daxilində olduğu kimi, beynəlxalq müstəvidə də genişləndirilməlidir".

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox