Azedu.az

Ənənəvi mühazirə sistemi artıq ləğv olunmalıdır - TƏKLİF

Təhsil ekspertləri

3 Noyabr 2025, 10:08
Ənənəvi mühazirə sistemi artıq ləğv olunmalıdır - TƏKLİF

Universitetlərdə dərs prosesinin təşkili hər bir ali təhsil müəssisəsinin daxili qərarına əsasən müəyyənləşdirilir. Bəzi universitetlərdə tədris mühazirə formatında deyil, əsasən seminar və praktik məşğələlər üzərində qurulur. Digər tərəfdən, tələbələr tez-tez uzun və formal mühazirə yazdırılmasından narazılıq bildirirlər.

Bu baxımdan, mühazirə-seminar sisteminin ləğv edilməsi və dərs prosesinin müəllimlə tələbə arasında daha interaktiv formada qurulması ali təhsildə keyfiyyətə və səmərəliliyə necə təsir göstərə bilər?

Bununla bağlı təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.

171635

"Universitetlərdə tədris prosesi birbaşa həmin fənni tədris edən professor-müəllim heyətinin fəaliyyət istiqamətindən asılıdır. Bu istiqamət kafedrada müzakirə olunur və dərslərin yalnız mühazirə, yaxud mühazirə-seminar formatında keçirilməsinə qərarı da məhz kafedra verir. Bu, dərsin nəzəri və ya praktik xarakter daşımasından asılı olaraq müəyyənləşdirilir.

Qeyd etmək lazımdır ki, 15-20 il əvvəl tətbiq olunan ənənəvi mühazirə sistemi artıq öz aktuallığını itirib. Çünki bu günün tələbələri texnologiyadan aktiv şəkildə istifadə edən bir nəsildir və onlar müəllimin mühazirədə təqdim etdiyi materiallara bəzən daha asan və geniş şəkildə əlçatanlıq imkanına malikdirlər.

Buna görə də müəllimin vəzifəsi artıq yalnız mühazirə mətnini yazdırmaq deyil, prosesi izah etmək, istiqamət göstərmək və tələbəyə doğru mənbəni seçməyi öyrətməkdir. Müəllim çoxsaylı mənbələr arasından ən etibarlı, ən praktik olanları müəyyənləşdirib onları tələbələrə təqdim etməlidir.

Müəllimin əsas missiyası tələbəyə sadəcə məlumat ötürmək deyil, onun analitik düşünmə və məntiqi dərk bacarığını formalaşdırmaqdır. Bunun üçün professor-müəllim heyəti sahə üzrə ədəbiyyatı izləməli, yeni elmi yenilikləri təqib etməli və onları dərs prosesinə daxil etməlidir.

Artıq mühazirələr daha çox müzakirə, debat və interaktivlik üzərində qurulmalıdır. Belə yanaşma tələbələrin dərsə marağını artırır və öyrənmə prosesini daha effektiv edir.

Müəllim bu prosesdə bir yolgöstərən, mentor rolunu oynamalı, dərs materiallarını tələbələrə aydın şəkildə təqdim etməli və həftəlik mövzular üzrə interaktiv müzakirələr təşkil etməlidir. Eyni zamanda, tələbələrə müvafiq ədəbiyyat təqdim olunmalı, onlar bu materialları oxuyaraq növbəti dərslərdə suallarını və fikirlərini müzakirə edə bilməlidirlər.

Bu metod yəni interaktiv və tətbiq yönümlü yanaşma müasir tədris prosesində ənənəvi üsullardan daha effektiv nəticə verir".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox