Azedu.az

59 ixtisas üzrə məzunlara müəllimlik imkanı - kadr problemi həll olunur

Təhsil ekspertləri

3 Aprel 2026, 09:03
59 ixtisas üzrə məzunlara müəllimlik imkanı - kadr problemi həll olunur

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na edilən son dəyişikliklər müəllimlərin işə qəbulu mexanizmində fərqli yanaşmanın formalaşdığını göstərir. Bakalavriat ixtisaslarının siyahısının genişləndirilməsi nəticəsində artıq qeyri-pedaqoji sahələr üzrə təhsil alan məzunlar da müəllim kimi fəaliyyət göstərmək imkanı qazanıblar. Bu yenilik bir tərəfdən təhsil sistemində mövcud olan kadr çatışmazlığının aradan qaldırılmasına xidmət edir, digər tərəfdən isə pedaqoji hazırlıq səviyyəsi və tədris keyfiyyəti ilə bağlı müəyyən müzakirələrə səbəb olur.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elçin (Əfəndi) Əfəndiyev qeyd edib ki, Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olma qaydaları müəyyən edilib:

180498

"Bu qaydalara əsasən, müəyyən ixtisaslar üzrə təhsil almış şəxslərə müəllimlik fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Sözügedən ixtisaslara filologiya, tarix, coğrafiya, riyaziyyat, kimya mühəndisliyi, biologiya, tətbiqi biologiya və digər sahələr daxildir. Ümumilikdə, 59 ixtisas üzrə məzun olan şəxslər pedaqoji fəaliyyət hüququ əldə edirlər.

Qərardan irəli gələrək, Elm və Təhsil Nazirliyi hər il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcək ixtisas sahiblərinin siyahısını əvvəlcədən elan edir. Bu siyahı Nazirlər Kabinetinin müəyyən etdiyi çərçivəyə uyğun hazırlanır və namizədlərin müsabiqəyə buraxılmasını tənzimləyir. Artıq cari il üzrə də müvafiq siyahı açıqlanıb. Siyahının əsas məqsədi bəzi fənlər üzrə mövcud kadr çatışmazlığını aradan qaldırmaqdır. Bu səbəbdən qeyri-pedaqoji ixtisas məzunlarının da müsabiqədə iştirakına şərait yaradılır.

Məsələn, riyaziyyat, fizika, kimya, biologiya və informatika kimi ixtisasları bitirən şəxslər müvafiq fənlər üzrə müəllimlik müsabiqəsində iştirak edə bilərlər. Eyni zamanda, mexanika, kimya mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisası üzrə məzunlar da uyğun sahələrdə müraciət etmək hüququna malikdirlər. Musiqi sahəsində instrumental ifaçılıq ixtisasını bitirənlər musiqi müəllimliyi, memarlıq, rəssamlıq və dekorativ sənət ixtisasları üzrə məzunlar isə təsviri incəsənət müəllimliyi üzrə müsabiqəyə qoşula bilərlər. Həmçinin bədən tərbiyəsi və idman, məşqçilik və idmanda reabilitasiya ixtisaslarını bitirən şəxslər fiziki tərbiyə müəllimliyi üzrə müraciət edə bilərlər".

Ekspertin sözlərinə görə, bu addım əmək bazarında pedaqoji kadr ehtiyacının ödənilməsi məqsədini daşıyır:

"Bununla yanaşı, qeyri-pedaqoji ixtisas məzunlarının təhsil sisteminə inteqrasiyası üçün onların müəyyən hazırlıq mərhələsindən keçməsi vacib sayılır. Bu mərhələdə onlara təhsil kurikulumu, pedaqoji fəaliyyətin əsas prinsipləri və şagirdlərin qiymətləndirilməsi meyarları formativ və summativ qiymətləndirmə üsulları izah olunur.

Gələcəkdə bu şəxslərin də sertifikasiya prosesinə cəlb olunması nəzərdə tutulur. Beləliklə, həm onların ixtisas bilikləri, həm də pedaqoji və kurikulum üzrə hazırlıq səviyyəsi qiymətləndirilə bilər. Eyni zamanda, qeyri-pedaqoji ixtisas məzunlarının müəllimlik fəaliyyətinə cəlb olunmasının nəticələrinin təhlili üçün məlumat bazasının formalaşdırılması da vacib hesab olunur. Bu, gələcəkdə qəbul ediləcək qərarların daha əsaslı və effektiv olmasına imkan yarada bilər".

Rusiyadakı soydaşlarımıza ŞOK XƏBƏR - Deportasiya başlayır!
Son xəbərlərDaha çox