Azedu.az

Növbəti buraxılış imtahanında suallar necə olacaq? - AÇIQLAMA

Təhsil ekspertləri

12 Mart 2026, 11:31
Növbəti buraxılış imtahanında suallar necə olacaq? - AÇIQLAMA

Ötən günlərdə 11-ci siniflərin buraxılış imtahanı keçirildi və abituriyentlərin böyük bir hissəsi imtahanın çətin olduğunu qeyd etdi. Bu isə növbəti buraxılış imtahanının da eyni səviyyədə və ya daha çətin olub-olmayacağı ilə bağlı suallar yaradıb.

Belə olan halda, növbəti buraxılış imtahanının çətin olma ehtimalı varmı? Bu imtahanın səviyyəsi əvvəlkilərlə müqayisədə necə ola bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən STM əməkdaşı və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, 11-ci siniflər üçün keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə və cəmiyyət arasında müxtəlif müzakirələr aparılır:

179434

“Şəxsən öz təcrübəmə əsasən deyə bilərəm ki, indiyə qədər demək olar ki, heç bir imtahandan sonra "imtahan yaxşı oldu", "suallar sadə idi" kimi fikirlər eşitməmişəm. Adətən hər imtahandan sonra "suallar çətin idi", "tapşırıqları anlamaq çətin oldu" kimi fikirlər səslənir. Bu isə kifayət qədər təbii və normal prosesdir. Əsas məqam səslənən iddiaların faktlarla əsaslandırılmamasıdır.

Mən sosial şəbəkələrdə axtarıram ki, hansısa müəllim konkret sualı göstərsin və faktlarla izah etsin ki, bu sual proqramdan kənardır, yaxud ötən illərlə müqayisədə həddindən artıq mürəkkəbdir. Amma belə faktlı izahların şahidi olmuram. Əksər hallarda narazılıq ümumi ifadələrlə bildirilir”.

Onun sözlərinə görə, məsələ ilə bağlı bir neçə mütəxəssislə də müzakirə aparıb:

“Riyaziyyat və Azərbaycan dili üzrə mütəxəssislərlə danışdıqdan sonra gəldiyim qənaət ondan ibarətdir ki, qapalı tipli test tapşırıqları ötən illə müqayisədə daha çətin olmayıb. Sadəcə bəzi açıq tipli sualların təqdimatında müəyyən fərqliliklər var.

Açıq tipli sualların müxtəlif formatlarda təqdim olunması testologiya baxımından normaldır. Açıq tipli test tapşırıqlarında bir sualı müxtəlif formalarda təqdim etmək mümkündür və bu, testologiya qaydalarına zidd deyil. Əsas məsələ odur ki, sualın məzmunu tədris proqramına uyğun olsun”.

E.Nuri bildirib ki, builki buraxılış imtahanlarının ümumi çətinlik səviyyəsi ötən illərlə müqayisədə ciddi şəkildə fərqlənmir:

“Mən bu imtahanları ötən illərlə müqayisədə ciddi şəkildə fərqli hesab etmirəm. Sadəcə bəzi sualların təqdimat formasında fərqli yanaşmalar var və düşünürəm ki, belə yanaşmalar növbəti buraxılış imtahanlarında da tətbiq oluna bilər”.

Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!
Son xəbərlərDaha çox