Azedu.az

Şagirdlər səhv etməkdən qorxur - qiymətləndirmə sistemi DƏYİŞMƏLİDİR

Təhsil ekspertləri

25 Fevral 2026, 11:06
Şagirdlər səhv etməkdən qorxur - qiymətləndirmə sistemi DƏYİŞMƏLİDİR
“Mövcud qiymətləndirmə sistemi şagird və tələbələrdə, şübhəsiz ki, səhv etmək qorxusu formalaşdırır. Bunun məntiqi nəticəsi olaraq onlar səhv etmək ehtimalından çəkinərək bəzən əmin olduqları cavabları belə yazmaqdan imtina edirlər”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi səsləndirib.

178317

Ekspert bildirib ki, bu hal həm summativ qiymətləndirmələrdə, həm ali təhsil müəssisələrində keçirilən imtahanlarda, həm də ali təhsil müəssisələrinə qəbulun buraxılış və blok mərhələlərində müşahidə olunur:

“İstənilən halda səhvə görə nəticənin aşağı düşməsi və ya daha aşağı qiymət alınması şagird və tələbələri qiymətləndirmə prosesində psixoloji təzyiq altında saxlayır.

Səhvdən öyrənmə mədəniyyətinin formalaşdırılması üçün müəyyən dəyişikliklərə ehtiyac var. Hesab edirəm ki, elə bir mexanizm tətbiq edilməlidir ki, şagird və ya tələbənin mövzu üzrə bildikləri əsas götürülsün. Əgər o, mövzuya yaxın fikirlər səsləndirirsə və ya elementar bilik nümayiş etdirirsə, qiymətləndirmə məhz bunun üzərindən aparılmalıdır. Həmçinin, hər hansı səhv edildikdə, həmin səhv izah olunmalı və yenidən yoxlanılma imkanı yaradılmalıdır. Bu yanaşma səhvdən nəticə çıxarmağa və bilik boşluqlarını aradan qaldırmağa şərait yaradar”.

Rəqəmsal nəzarət və ölçmə mexanizmlərinin yaradıcılıq və təşəbbüsə mənfi təsir göstərə biləcəyi ilə bağlı suala cavab olaraq ekspert qeyd edib ki, bu yanaşmanın açıq şəkildə mənfi nəticə doğuracağını düşünmür:

“Çünki istənilən halda qiymətləndirmə konkret bilik meyarları əsasında aparılır. İstər insan faktoru ilə, istərsə də rəqəmsal formada. Burada əsas məsələ meyarların düzgün və əhatəli şəkildə müəyyən edilməsidir.

Rəqəmsal qiymətləndirmə sistemlərində namizədin verə biləcəyi mümkün cavab variantları və qiymətləndirmə kriteriyaları əvvəlcədən dəqiq müəyyən olunarsa, subyektivliyin qarşısı daha effektiv şəkildə alına bilər. Məsələn, süni zəka qiymətləndirmə prosesinə cəlb olunarsa, cavabları əvvəlcədən müəyyən edilmiş kiçik meyarlar üzrə analiz edə bilər. Namizəd elementar səviyyədə belə düzgün yanaşma nümayiş etdirirsə, 5 ballıq şkala üzrə minimal bal, məsələn, 1 və ya 2 bal ala bilər. Halbuki insan faktoru bəzən bu cür cavabları ümumiyyətlə sıfırla qiymətləndirə bilər. Bu baxımdan rəqəmsal sistemlərin daha obyektiv nəticə vermək potensialı var”.

Elçin Əfəndi vurğulayıb ki, gələcəkdə çevik, tənqidi düşünən və risk almağa hazır gənclərin yetişdirilməsi üçün onların yeni alətlərə çıxışı təmin edilməlidir:

“Bu alətlər vasitəsilə bilik və bacarıqlar inkişaf etdirilməli, xüsusilə süni zəka və informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmalıdır. Bu istiqamətdə islahatlar və layihələr həyata keçirilməli, həm ümumi orta, həm ali, həm də orta ixtisas təhsili səviyyəsində müasir dövrün tələblərinə uyğun inkişaf strategiyaları tətbiq olunmalıdır”.

Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!
Son xəbərlərDaha çox