Azedu.az

2025-ci il Azərbaycanda “təhsil eksperti institutu” iflasa uğradı

Təhsil ekspertləri

29 Dekabr 2025, 17:32
2025-ci il Azərbaycanda “təhsil eksperti institutu” iflasa uğradı

2025-ci ilin son günlərini yaşayırıq. Bu il Azərbaycan üçün yadda qalacaq hadisələrlə zəngin oldu. Bu zənginlik özünü təhsildə də göstərdi. Təhsildə baş verən həm müsbət, həm də mənfi proseslər diqqət mərkəzində qaldı. Kadr dəyişiklikləri, imtahan modellərinə dair müzakirələr, Elm və təhsil nazirinin, eləcə də Dövlət İmtahan Mərkəzinin rəhbərliyinin açıqlamaları 2025-ci ilin təhsil gündəmini daim aktiv saxladı.

Təhsildən danışanda “təhsil eksperti” obrazını nəzərdən qaçırmaq mümkün deyil. Jurnalistlərin və ictimaiyyətin ən çox üz tutduğu ünvanlardan biri də onlardır. Lakin bu il həm Nazirlik, həm də DİM tərəfindən bu kateqoriyaya aid edilən bəzi şəxslər kəskin tənqid olundu. Nazir Emin Əmrullayev bildirdi ki, özünü “təhsil eksperti” adlandıran müəyyən şəxslər təhsillə bağlı məlumatları səhv təqdim edir. Məleykə Abbaszadə də bənzər yanaşma sərgiləyərək, bəzilərini açıq şəkildə “biznesmen” adlandırdı.

Əslində, “ekspert” sözünün latın mənası “təcrübəli şəxs” deməkdir. Amma görünür ki, Azərbaycanda bu titul bəzi insanlar üçün sadəcə sosial şəbəkələrdə aktiv olmaq, imtahan ərəfəsində gündəmə gəlmək və özünü bu addan istifadə etməklə təqdim etmək vasitəsinə çevrilib. TikTok-da canlı yayımlar, əsassız vədlər, motivasiya adı altında məlumat kirliliyi - bunlar artıq bir çoxlarının “ekspertlik aləti”dir.

Statusdan imtinalar və ictimai “ləğvlər”

Azərbaycan təhsilində “təhsil eksperti” anlayışını ilk gündəmə gətirən şəxs sabiq deputat Etibar Əliyev olub. Uzun illər təhsil mövzularında çıxışlar edən, mediada və ictimai müzakirələrdə aktiv görünən E.Əliyev, 2025-ci ildə bu statusdan rəsmi şəkildə imtina edib. O artıq bu sahədə fəaliyyət göstərməyəcəyini bildirərək diqqətini elmin populyarlaşdırılmasına yönəldib.

2025-ci ildə adı ən çox müzakirə olunan şəxslərdən biri də uzun illər “təhsil eksperti” kimi tanınmış Kamran Əsədov oldu. Onun fəaliyyəti bu il tamam başqa kontekstdə gündəmə gəldi. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda bir qrup abituriyentə gizli texniki vasitələrdən istifadə imkanı yaratmaqda ittiham olunması ilə bağlı barəsində cinayət işi açıldı və məhkəmə prosesi başladı. Əsədov özünü təqsirli bilmədiyini bildirsə də, bu hadisə cəmiyyətin ona olan münasibətində dönüş yaratdı. Artıq geniş ictimaiyyət tərəfindən onun “təhsil eksperti” statusu qəbul edilmir. Bu titul daha çox şübhə və etirazla qarşılanır. Beləliklə, bu il onun fəaliyyəti göstərdi ki, ad-sanla qazanılan nüfuz bir məqamda məsuliyyət və etimad böhranı ilə itirilə bilər.

Cəmiyyətin inandığı simalar hələ də var

Bütün bu proseslərə baxmayaraq, sosial mediada və mediada çıxış edən elə şəxslər də var ki, dövlət qurumlarından gələn tənqidlərə rəğmən, cəmiyyət onlara inanmaqda davam edir. Onlar illərin müşahidəsi, araşdırmaları və aydın mövqeyi ilə auditoriyanın gözündə hələ də etibarlı mənbə sayılırlar.

İmtahan ərəfəsində peyda olan “təhsil ekspertləri”

Xüsusilə imtahan dövründə ortaya çıxan və ilin digər aylarında demək olar ki, görünməyən “təhsil ekspertləri” yeni bir fenomen kimi formalaşıb. Onlar həmin vaxt sosial şəbəkələrdə fəallığı artırır, valideynlərin narahatlığından istifadə edir, çox vaxt elmi əsası olmayan vədlər verirlər. İmtahanlar bitdikdən sonra isə həm özləri, həm də səhifələri susqunluğa qərq olur. Bu da göstərir ki, bir qismi üçün ekspertlik statusu maddi qazanc vasitəsidir.

Xaricdə ekspertlik meyarları

Xarici ölkələrdə isə ekspertlik anlayışı daha sərt meyarlarla müəyyən edilir. Orada bu statusu daşımaq üçün təkcə təhsil sahəsində olmaq yox, konkret nəticələr ortaya qoymaq, araşdırmalar aparmaq, məsuliyyət daşımaq tələb olunur. Universitet professorları, təhsil tədqiqatçıları, sahə üzrə islahat hazırlayan praktiki mütəxəssislər bu statusa sahib ola bilirlər. Sosial mediada məşhurluq və ya kurs açmaqla ekspert adını qazanmaq mümkün deyil.

“Journal of Pedagogy” jurnalında Monika Simakova qeyd edir ki, mediada çıxış edənlərin təxminən yarısı quasi-ekspert, yəni görünüşü ekspert, bilikləri isə kifayətetməyən şəxslərdir.

Ekspertlik məsuliyyəti

Bu statusu daşımaq üçün “mən təhsildəyəm” demək kifayət deyil. Çünki təhsilin içində olmaq hər kəsi peşəkar etmir. Xaricdə ekspert dedikdə, qərar veriləndə fikrinə ehtiyac duyulan, danışanda dinlənilən, tənqid edəndə arqumenti olan şəxs nəzərdə tutulur. Bizdə isə bəzən bu anlayış bilikdən daha çox cəsarət tələb edir, səhv olsa belə danışmaq cəsarəti.

2025-ci il təkcə təqvimdə başa çatan bir il olmadı. Bu il özünü “təhsil eksperti” adlandıranları tanımaq, maskaları çıxarmaq və həqiqi biliklə səs-küyü ayırd etmək ili oldu. Kim illərin təcrübəsinə söykənərək danışdı, kim sosial şəbəkə paylaşımları və pafoslu çıxışlarla diqqət toplamağa çalışdı. Hamısı aydın şəkildə görünməyə başladı. Bu il sübut etdi ki, təhsildə “ekspert” olmaq status yox, məsuliyyətdir. Və bu məsuliyyəti hamı daşıya bilmədi. 2025-ci il Azərbaycanda təhsil sahəsində həm də təhsil eksperti institunun iflası kimi tarixə düşdü.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox