Dekabrın 18-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi və Şəki Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nin yekununa həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Qonaqlar Mərkəzin foyesində “Konstitusiya və Suverenlik İli” mövzusunda təşkil olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müdiri Ülkər Mahmudova, YAP Şəki şəhər təşkilatının sədri Daşqın Mikayılov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva, Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov, təhsil işçiləri, şəhid ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İdarə müdiri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya müasir Azərbaycanın inkişaf yolunu müəyyən edən əsas sənəddir. Günay Mahmudova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizin tam suverenliyi təmin olunub, Konstitusiyanın müddəaları ölkənin bütün ərazisində tam şəkildə icra edilir.
Sonra çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Konstitusiyanın rolundan, təhsil və mədəniyyət sahələrinin cəmiyyətin inkişafında tutduğu mühüm mövqedən bəhs ediblər.
Daha sonra gənc nəsilin yetişməsində və tədbirlərin təşkilində göstərdikləri fəallığa görə bir qrup təhsil və mədəniyyət işçiləri, həmçinin “Zəfər” elm müsabiqəsinin Şəki rayonu üzrə qalibləri Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin Diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbir şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir, çünki 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə aparılan antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazilərində tam suverenlik bərpa olunub.