2022-ci ildən etibarən ölkəmizdə müəllimlərin sertifikatlaşdırılması prosesi tətbiq olunmağa başlanılıb. Bu proses müəllimlərin peşəkar hazırlıq səviyyəsini, pedaqoji bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək məqsədi daşıyır.
Artıq 4 il geridə qalıb və bu müddət ərzində minlərlə müəllim imtahanlarda iştirak edərək fərqli nəticələr göstərib.
Bu 4 ildə sertifikatlaşdırma imtahanı təhsilin keyfiyyətinə hansı formada təsir göstərdi? Müəllimlərin motivasiyası, məktəbdə tədris mühiti və ümumilikdə təhsil səviyyəsində dəyişikliklər baş verdimi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, 2022-ci ildən tətbiq olunan müəllimlərin sertifikatlaşdırılması prosesi təhsil sistemimizdə keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi impuls verib:

"Belə ki, bu dörd il ərzində minlərlə müəllim imtahana qatıldı, öz bilik və bacarıqlarını yenidən qiymətləndirdi, zəif tərəflərini müəyyənləşdirdi və bir çox hallarda özünüinkişaf istiqamətində yeni addımlar atdı. Bu gün artıq rahatlıqla demək olar ki, sertifikasiya həm müəllimlərin peşəkar inkişafına, həm də ümumi tədris mühitinə mühüm təsir göstərib.
Sertifikatlaşdırmanın ən böyük faydalarından biri onun müəllimləri daha sistemli şəkildə öz üzərində işləməyə təşviq etməsidir. Dörd il ərzində minlərlə müəllim metodika, proqram, qiymətləndirmə yanaşmaları və fənn üzrə biliklərini yeniləməklə həm öz peşəkar səviyyəsini, həm də dərs keyfiyyətini yüksəltdi. Bu proses müəllimlər arasında sağlam rəqabət, daim özünü təkmilləşdirmə və yeniliklərə açıq olmaq mədəniyyəti yaratdı. Dünya təcrübəsində - Sinqapur, Estoniya və Cənubi Koreya kimi yüksək nəticələr göstərən ölkələrdə müəllimin bilik və bacarıqlarının dövri qiymətləndirilməsi məhz bu məqsədə xidmət edir.
İbtidai sinif müəllimlərinin nəticələri də prosesin önəmli bir tərəfini üzə çıxardı: məhz ibtidai mərhələ keyfiyyətə ən çox təsir edən pillədir və bu sahədə həyata keçirilən qiymətləndirmə gələcəkdə daha məqsədli dəstək və inkişaf proqramlarının qurulmasına şərait yaratdı. Sertifikasiya nəticələri sayəsində artıq ibtidai müəllimlərinin hansı mövzularda daha çox dəstəyə ehtiyac duyduğu dəqiq şəkildə görünür. Bu isə qarşıdakı illərdə həm təkmilləşdirmə kurslarının optimallaşdırılması, həm də sinifdaxili metodik yanaşmaların gücləndirilməsi üçün real baza yaradır".
"Sertifikasiya dövründə atılan təkmilləşdirmə addımları da diqqətəlayiqdir", - deyə həmsöhbətimiz fikrinə əlavə edib:
"Müəllimlər üçün hazırlıq təlimlərinin sayı artdı, demo testlər, izahlı videolar və sınaq materialları daha əlçatan oldu. Bu addımlar təkcə imtahan nəticəsinə yox, ümumilikdə müəllimin metodik savadına, özünüinkişaf vərdişlərinə müsbət təsir göstərdi. Hər il nəticələrin daha da yüksəlməsi də bu istiqamətdə aparılan işlərin nəticəsidir. Əməkhaqqının sertifikasiya nəticələrinə bağlanması isə motivasiya baxımından mühüm addım oldu. Bu, müəllim peşəsinin nüfuzunun artırılması və peşəkarlığın stimullaşdırılması baxımından vacib mexanizmdir.
Yaxşı nəticə göstərən müəllimlərin əməkhaqqında nəzərəçarpacaq artımlar olması sistemdə mükafatlandırma mədəniyyətini gücləndirdi və müəllimin öz bilik və bacarığını artırmasının real dəyəri olduğunu göstərdi. Proses region və şəhər məktəbləri arasında da müəyyən inkişaf fərqlərini üzə çıxardı ki, bu da gələcəkdə daha hədəfli dəstək proqramlarının hazırlanmasına imkan yaradır. Artıq bilinir ki, hansı bölgələrdə daha çox resursa, daha çox təlimə və hazırlıq imkanlarına ehtiyac var. Bu isə dövlətin və qeyri-dövlət qurumlarının həmin istiqamətlərdə planlı layihələr həyata keçirməsinə şərait yaradır.
Gələcəkdə sertifikasiya prosesinin formatının yenilənməsi də gözləniləndir. Dünyanın ən qabaqcıl təhsil sistemləri artıq mərhələli qiymətləndirmə modelinə keçir: həm test, həm portfel, həm dərs müşahidəsi, həm də müəllimin müəyyən müddət ərzindəki inkişaf dinamikası birlikdə nəzərə alınır. Bu yanaşma həm ədaləti artırır, həm də müəllimin inkişaf xəritəsini daha dəqiq müəyyənləşdirməyə imkan verir. Sertifikasiyanın gələcəkdə məhz bu istiqamətdə daha da təkmilləşəcəyi çox yüksək ehtimaldır.
Sertifikasiya nəticələri ilə real dərs keyfiyyəti arasındakı əlaqəni ölçmək üçün isə çoxmənbəli yanaşma önəmlidir: şagird nailiyyətlərinin inkişafı, dərs müşahidələri, müəllimin portfeli və onun metodik fəaliyyətinə dair nümunələr birlikdə analiz olunduqda həm obyektiv nəticə alınır, həm də müəllimin real səmərəsi daha yaxşı görünür. Sertifikasiyanın təqdim etdiyi məlumatlar bu baxımdan çox dəyərlidir, çünki müəllimin inkişaf ehtiyacını daha dəqiq göstərir. Bütövlükdə, sertifikatlaşdırma prosesi təhsildə keyfiyyətin yüksəldilməsi üçün vacib bir mexanizmdir. O, müəllimləri yenilənməyə, öyrənməyə, daha müasir təlim metodlarına üz tutmağa, öz peşəsinə daha məsuliyyətli yanaşmağa təşviq edir.
Əsas nəticə isə ondan ibarətdir ki, son dörd ildə müəllim peşəkarlığına və sistemin ümumi dinamikasına müsbət təsir edən yeni bir mədəniyyət formalaşıb. Əgər bu proses davamlı şəkildə təkmilləşdirilərsə, sertifikasiya gələcək illərdə təhsilimizin keyfiyyətinə daha böyük töhfə verməyə davam edəcək", - deyə G. Əkbərova fikrini yekunlaşdırıb.