Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamalarına görə, sertifikasiyanın ikinci mərhələsində müəllimlərin əməkhaqlarına artım prosesi dəyişdirilə bilər. Belə ki, əvvəlki 10% və 35%-lik artım əmsalları əvəzinə, bütün müəllimlər vahid əmsalla əməkhaqlarına artım ala biləcəklər. Qeyd edək ki, bu qərar hələ rəsmi olaraq təsdiqlənməyib və hazırda müzakirə olunur. Eyni zamanda, müəllimlərin ikiqat maaş alması məsələsi də gündəmdədir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, müəllimlərin ikiqat əməkhaqqı alması məsələsi uzun müddətdir ki, müzakirə olunur:

"Mərkəzi İcra Hakimiyyəti olaraq, əgər nazirlik belə düşünürsə, yəqin ki, müəyyən araşdırmalar aparılıb və buna uyğun qərar qəbul edilib.
İnanıram ki, bu qərar uğurlu olacaq. Lakin daha ədalətli yanaşma üçün faiz fərqi nəzərə alınsa daha məqsədəuyğun olar. Məsələn, yüksək bal toplayanlara 35%, bir qədər aşağı bal toplayanlara 25% və s. Bu cür sistem prosesə müsbət təsir göstərə bilər və ədalətli yanaşma təmin etmiş olar.
Müəllimlərin ikiqat əməkhaqqı alması məsələsinə gəlincə, bu uzun müddətdir ki, müzakirə olunur. Mən hesab edirəm ki, bu variant da nəzərdən keçirilə bilər. Ümumilikdə, əməkhaqlarının artırılması müəllimlərin motivasiyasına ciddi şəkildə təsir edəcək və həmin prosesə müsbət nəticə gətirəcək”.