Azedu.az

Sertifikasiyaya hazırlıq: “Müəllim müəllim yanına gedirsə, sistemdə problem var”

Sertifikasiya

7 Noyabr 2025, 09:03
Sertifikasiyaya hazırlıq: “Müəllim müəllim yanına gedirsə, sistemdə problem var”

Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, sertifikasiyadan yüksək nəticə əldə edən müəllimlərin bir çoxu repetitorların dəstəyindən yararlanıb. Belə ki, həmin müəllim özünü təkmilləşdirir, nəticədə yüksək bal toplayır və sonradan həmin biliyi dərs prosesində şagirdlərə ötürür.

O zaman yüksək nəticə real sayılırmı? Mütəxəssislərin fikrincə isə bu, real bilik hesab olunur.
Ancaq məsələyə belə baxsaq, bu proses abituriyentlərin əzbərçilik yolu ilə yüksək nəticə toplamasına, lakin sonradan həmin bilikləri tədricən unutmasına bənzəmir? Yəni, doğrudanmı müəllimlərin də repetitor hazırlığına ehtiyacı var?

Digər məsələ isə həmin müəllimin repetitor hazırlığına gedənə qədər aşağı bilik səviyyəsi ilə şagirdə necə dərs deməsidir. Nəzərə alsaq ki, sertifikasiya prosesi artıq 4 ildir tətbiq olunur.

AzEdu.az-ın bu suallarını Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri cavablandırıb.

Müsahibimiz qeyd edib ki, bir müəllimin sertifikasiyaya hazırlaşmaq üçün öz həmkarının yanına hazırlığa getməsini yaraşdırmır:

“Təlimçi və ya repetitor vasitəsilə yalnız imtahan məqsədilə əldə olunan informasiya bilik sayılmır. Bilik yaddaşa ötürülən informasiyanın sonradan insan tərəfindən emal edilərək digər informasiyalarla inteqrasiya olunması nəticəsində formalaşan mexanizmdir.

Dəfələrlə bununla bağlı sosial şəbəkə hesablarımda, açıqlamalarda və təhlillərdə qeyd etmişəm ki, bir müəllimin istər MİQ-ə, istərsə də sertifikasiyaya hazırlaşanda başqa həmkarından əlavə dərs almasını qəbul etmirəm. Əgər özüm müəllim olsaydım, bunu heç zaman özümə rəva bilməzdim. Mən bir müəllimin sertifikasiyaya hazırlaşmaq üçün öz həmkarının yanına hazırlığa getməsini yaraşdırmıram.

Nəticə etibarilə hər iki tərəf burda müəllimdir. Üstəlik, onlar artıq özlərinə “repetitor” demirlər, çünki “repetitor” sözünü kiçik sayırlar. Özlərini “mentor” adlandırırlar, hazırlığa gələn müəllimləri isə “müdavim” adlandırırlar. Müəllimlər əks arqument kimi deyirlər ki, “əgər universitetlərdə fənlər yaxşı tədris olunsaydı, biz mentor yanına getməzdik”. Ancaq anlamırlar ki, “mentor” dediyiniz şəxs də elə həmin universiteti bitirib. Gedib nə Kembrici, nə də Oxfordu bitirməyib. Hətta ola bilər ki, daha aşağı səviyyəli universitet və ya kollec bitirib. Sadəcə, o, özünü inkişaf etdirib".

Müəllimlər kollektiv içərisində bir-birinə təsir göstərməyi, psixoloji basqı yaratmağı çox yaxşı bacarırlar:

“Mən demirəm ki, öyrənmək pisdir. Əksinə, insan daim özünü inkişaf etdirməlidir. Lazım gəlsə, insan özündən 50 yaş böyük birindən də, özündən kiçik birindən də öyrənməlidir. Amma nəyi? Yeni bir istiqaməti, yeni bir sahəni, bilmədiyi detalları. Ancaq hamının bilməli olduğu baza biliklərini başqa müəllimdən öyrənmək doğru deyil.

“Mentor” məsələsi marketinq baxımından çox uğurlu şəkildə yayıldı. Psixoloji bir nöqtəyə çatdı ki, sanki mentor yanına getməyənlər zəif nəticə göstərəcəklər. Bu, çox uğurlu bir marketinq gedişi idi.

Müəllimlər çox həssas təbəqədir. Kollektiv içərisində bir-birinə təsir göstərməyi, psixoloji basqı yaratmağı da bacarırlar. Bu, bir marketinq tələsidir. Mən müəllimləri, heç olmasa, bundan sonra bu marketinq tələsinə düşməməyə çağırıram.

Artıq iş o yerə çatıb ki, müəllim deyir: “Uşaqlar, filan mövzu imtahana düşməyəcək, siz onu öyrənməyin". Mövzu hər hansı bir fənnin məzmun xəttinə işləyən, onu şagird üçün əlverişli detala çevirən elementdir. Bu elementlər birləşərək bir fənni təşkil edir, fənn isə özü-özlüyündə məzmun xəttini inkişaf etdirir. “Oxuyub-anlama” məzmun xətti, “analitik qabiliyyət”, “situasiyaya görə qərar qəbul etmə” kimi bacarıqları müəyyənləşdirən məzmun xəttidir. Biz niyə səriştəyə yönəlik bacarıqları formalaşdıran məzmun xəttini bu cür düşünmürük? Problemlər çoxdur...”.

Müəllim universitetdə oxuduğu dörd il ərzində və sonrasında özünü inkişaf etdirməyə borcludur:

“Digər məsələ isə odur ki, həmin müəllim repetitor hazırlığına gedənə qədər aşağı bilik səviyyəsi ilə şagirdə necə dərs deyirdi? Bu, artıq tamam başqa faciədir...

Müəllimin dörd il ərzində borcu idi ki, universitetdə oxuduğu müddətdə və yaxud sonrasında özünü inkişaf etdirsin. Sonra ikinci mərhələ gəlir – artıq əmək bazarı. Orada da insanın borcudur ki, onun yazı masasından özünü inkişaf və pedaqoji inkişafla bağlı kitablar əskik olmamalıdır.

İstər onlayn, istərsə də ənənəvi, klassik təlimlərdən qətiyyən uzaqlaşmaq olmaz. Bu gün insanın əlindəki Android telefon bütün akademiyaları əvəz edə bilir. Coursera, Udemy və bu kimi virtual bilik mərkəzlərində hətta pulsuz kurslar var. Pullu da olsa, o qədər də bahalı deyil, cəmi 30-50 dollarlıq kurslar var ki, bir müəllimə ömür boyu lazım olan bilikləri ehtiva edir. Ora daxil olub öyrənə bilərlər. Lakin bir çox müəllim özünü inkişaf etdirmir. MİQ və sertifikasiya gələndə artıq keçirlər həyəcan siqnalı mərhələsinə. Bu zaman özünü tənqid etmək yerinə, əksinə, dövlətin verdiyi qərarları tənqid etməyə başlayırlar.”

Dövlət tərəfindən tələb olunan kifayət qədər yumşaq qaydalara belə cavab verə bilməyən müəllim nədən narazı ola bilər ki?

“Dövlətimiz qərar verir ki, "mənim şagirdlərimi, mənim gələcəyimi formalaşdıran müəllim 5 ildən bir özünü qiymətləndirmədən keçsin". Bu, normaldır. Və bu qaydalar kifayət qədər yumşaqdır. Bu zaman sual yaranır: siz bu qaydalara belə cavab verə bilmirsinizsə, nədən narazısınız?

Səriştə qabiliyyətli, səriştəyə əsaslanan təhsilin incəliklərini bilən müəllimlərimiz çoxdur. Öz işi ilə fərqlənən, fəaliyyətinə baxanda insanı xoş mənada təəccübləndirən müəllimlərimiz də var. Amma çox təəssüf ki, bu cür müəllimlər azlıq təşkil edirlər...”.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox