“2026-cı ildə ilk dəfə sertifikasiyaya cəlb ediləcək fiziki tərbiyə müəllimləri imtahanda informasiya təminatı və nəzəri biliklər üzrə 30 sual, hərəki qabiliyyətlər üzrə 20 sual olmaqla, ümumilikdə 50 suala cavab verməli olacaqlar”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən fiziki tərbiyə fənni üzrə “İlk yardım” mövzusunda sertifikasiyaya hazırlıq məqsədilə təşkil edilən vebinarda Avropa Azerbaycan Məktəbinin fiziki tərbiyə və sağlamlıq kafedrasının müəllimi Cəmil Dadaşov deyib.
O qeyd edib ki, hər hansı zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti var:
“Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir”.
Qeyd edək ki, informasiya təminatı və nəzəri biliklər bölməsi "Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası", "Fiziki tərbiyə dərsinin təşkili və keçirilməsi", "Sağlamlıq", "Fiziki tərbiyə fənni üzrə qiymətləndirmə", "Olimpiya hərəkatı", "İdman növləri, tarixi və oyun qaydaları", "Sıra hərəkətləri", "İlk yardımın göstərilməsi" mövzuları daxildir. Hərəki qabiliyyətlər bölməsi isə "Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi" mövzusunu əhatə edir.
Vebinarın sonunda test nümunələri də təqdim edilib.