Sertifikasiya imtahanının bütün fənlər üzrə birinci mərhələsi bu il yekunlaşır. İkinci mərhələdə isə müəllimlər artıq sistemə və mövcud tələblərə daha yaxından bələd olacaqlar.
Bu səbəbdən sosial mediada belə təkliflər səsləndirilir ki, sertifikasiyanın ikinci mərhələsində müəllimlərin imtahanında səhv cavabların doğru cavabları aparması prinsipi tətbiq olunsun.
Eyni zamanda, birinci mərhələdə müəllimlərin yalnız minimal bacarıqlarının yoxlanıldığı və növbəti mərhələdə sualların səviyyəsinin dəyişəcəyi məsələsi də tez-tez gündəmə gətirilir.
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
O qeyd edib ki, güzəşt şagirdə edilə bilər, amma müəllimə yox:
“Bu, müəllim imtahanıdır. Abituriyentlərin buraxılış imtahanında səhvlər düzgün cavablara təsir etməsə də, qəbul (blok) imtahanı mərhələsində səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərir - dörd səhv bir düzgün cavabı aparır.
Hesab edirəm ki, bu prinsip müəllimlərin sertifikasiya imtahanına da tətbiq olunmalıdır. Müəllimlərin imtahanında səhv cavabların düzgün cavablara təsir etməməsi yanaşmasını doğru hesab etmirəm. Çünki bu, müəllim imtahanıdır və müəllim illərlə tədris etdiyi ixtisas üzrə qiymətləndirilir.
Burada hər hansı güzəştin tətbiq olunmasının tərəfdarı deyiləm. Güzəşt şagirdə edilə bilər, amma müəllimə yox. Əgər biz gələcəkdə təhsilimizin inkişafını və müəyyən istiqamətdə formalaşmasını istəyiriksə, o zaman tətbiq olunan qayda-qanunlara da hörmətlə yanaşmalıyıq”.
Müəllimdə “bəlkə” anlayışı olmamalıdır:
“Təəssüf ki, ən çox narazılıq bildirənlər məhz sertifikasiya imtahanından keçə bilməyən müəllimlərdir. Halbuki həmin müəllim illərlə öz ixtisasını tədris edir, lakin sertifikasiya imtahanında ixtisası üzrə 50 faiz nəticəni belə keçə bilmir. 50 faiz nəticəni əldə etməmək, yəni "iki" qiymət almaq müəllim üçün ciddi göstəricidir.
Bu səbəbdən hesab edirəm ki, burada hər hansı güzəştin tətbiqi düzgün deyil. Bu, imtahanın sadələşdirilməsi demək olardı. Əgər səhv cavablar düzgün cavablara təsir etməzsə, imtahan istər-istəməz asanlaşar. Bu halda müəllim bütün sualları "bəlkə tutar" prinsipi ilə cavablandıra bilər. Amma müəllimdə "bəlkə" anlayışı olmamalıdır.
Müəllim öz ixtisası üzrə tədris prosesini həyata keçirirsə, suallara konkret və əsaslandırılmış münasibət bildirməli, cavabını dəqiq bilməlidir. Məhz buna görə də bu məsələdə hər hansı güzəştin tətbiqinin qətiyyən tərəfdarı deyiləm”.