Azedu.az

Maaşlarına əlavələr olacaq müəllimlərin sayı ARTACAQ

Sertifikasiya

18 Fevral 2026, 10:25
Maaşlarına əlavələr olacaq müəllimlərin sayı ARTACAQ

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının sertifikasiya əsasında qiymətləndirilməsi nəzərdə tutulur. Bu yenilik onların nəzəri və praktik hazırlıq səviyyəsinin xüsusi qaydalarla ölçülməsini hədəfləyir.

İctimaiyyətdə isə prosesin hansı formada həyata keçiriləcəyi, əməkhaqqı artımının bu kateqoriyaya da şamil olunub-olunmayacağı və imtahanda uğur qazana bilməyənlərə ikinci şansın verilib-verilməyəcəyi ilə bağlı suallar yaranıb.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, ümumilikdə məktəbdənkənar fəaliyyətlər dövlət vəsaiti hesabına təşkil olunmamalıdır:

177832

“Dövlət vəsaiti hesabına təşkil olunan məktəbdənkənar fəaliyyətlər müəyyən strateji prioritetlərə uyğun qurulmalıdır. Məsələn, xalq çalğı alətlərinə marağın artırılması və mədəni irsin qorunması məqsədilə bu istiqamətdə xüsusi proqramlar və ya qrant mexanizmləri tətbiq oluna bilər. Respublikanın müxtəlif bölgələrində tar, kamança və digər milli alətlər üzrə kursların təşkili və maliyyələşdirilməsi məqsədəuyğun addım olar.

Hazırda fəaliyyət göstərən model uzun illərdir tətbiq olunur. Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri ödənişsiz əsaslarla fəaliyyət göstərir. Valideynlər müxtəlif motivasiyalarla övladlarını bu məktəblərə yönləndirirlər. Lakin uşaqların maraq və potensialının davamlı inkişafı üçün daha çevik və nəticəyönümlü mexanizmlərin tətbiqi məsələsi də gündəmdə ola bilər.

Bu baxımdan müəssisələrin təsərrüfat hesabı prinsipi ilə və ya publik hüquqi şəxs formasında fəaliyyət göstərməsi, eləcə də müəyyən ödəniş mexanizmlərinin tətbiqi imkanları nəzərdən keçirilə bilər. Belə model çərçivəsində qurumlar kadr seçimi və idarəetmə məsələlərində daha müstəqil qərarlar qəbul edə bilərlər.

Müəllimlərin sertifikatlaşdırılması isə ümumi sistemin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Sertifikasiya müəllimlərin peşəkar inkişafının stimullaşdırılması və əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi baxımından müəyyən imkanlar yaradacaq. Bununla yanaşı, sistemin daha effektiv fəaliyyəti üçün struktur və idarəetmə məsələlərinin də kompleks şəkildə nəzərdən keçirilməsi də vacibdir.

Ümumilikdə, istənilən dəyişikliklərin məqsədi həm tədrisin keyfiyyətinin yüksəldilməsi, həm də mədəniyyət sahəsində davamlı və dayanıqlı inkişafın təmin olunması olmalıdır”.

Rusiyada dəhşətli partlayış - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox