“Sertifikasiyanın Azərbaycan təhsilinə müsbət təsirlərini biz 4-5 il ərzində daha aydın görəcəyik. Çünki sertifikasiya imtahanları Azərbaycan təhsilinin inkişafı üçün nəzərdə tutulmuş və gələcəyə hesablanmış ölçmə mexanizmidir”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib.
Hazırda sertifikasiya imtahanlarının nəticələrinə baxdıqda təhsildə ciddi problemlərin olduğu açıq şəkildə görünür:
“Müxtəlif illərdə bəzi müəllimlərin ixtisasına uyğun fəaliyyət göstərmədiyi və ya öz sahəsini kifayət qədər bilmədiyi üzə çıxıb. Bu da sertifikasiya imtahanının nə qədər vacib olduğunu göstərir.
Bəzi müəllimlərin sertifikasiya imtahanına laqeyd yanaşması da müşahidə olunub. Belə ki, müsabiqədə yüksək nəticə göstərməyən müəllimlərə bir il əlavə möhlət verilsə də, bir çoxu növbəti imtahanda da kəsilib. Bu isə onu göstərir ki, bəzi müəllimlər ya imtahanı ciddiyə almır, ya da səhlənkarlıq edir. Sertifikasiya imtahanında 50 faiz nəticə göstərmək imkanına malik olmayan müəllim orta məktəbdə tədris prosesini davam etdirə bilməz.
Hər bir valideyn öz övladına yaxşı müəllimin dərs keçməsini istəyir. Sertifikasiya imtahanı isə məhz bu məqsədə xidmət edir. Daha yaxşı dərs keçən müəllimlər müsbət nəticə göstərir, səhlənkar müəllimlər isə mənfi nəticə ilə tədris prosesindən kənarlaşdırılır.
Sertifikasiya imtahanının digər müsbət cəhəti isə gənc və perspektivli müəllimlər üçün iş imkanlarının açılmasıdır. Sertifikasiya nəticəsində boşalan yerlərə ali təhsil müəssisələrini bitirmiş, hazırda müəllim kimi fəaliyyət göstərməyən namizədlər işə qəbul imtahanında iştirak edə bilirlər. Bu isə orta məktəblərə daha savadlı kadrların cəlb olunmasına şərait yaradır.
Təbii ki, müəllim hər şeyi bilmək məcburiyyətində deyil. Lakin öz ixtisası üzrə 50 faizdən aşağı nəticə göstərmək qəbuledilməzdir. Belə hallar şagirdlərin müəllimdən daha savadlı olmasına gətirib çıxarır ki, bu da ciddi problemdir”.
Ekspert qeyd edib ki, sertifikasiya imtahanı özü böyük çətinlik yaratmır:
“Çətinlik müəllimlərin laqeydliyi və imtahana sistemli şəkildə hazırlaşmamasındadır. Müəllim mövzu üzrə əskikliklərini vaxtında tamamlamalı, test və tapşırıqlarla hazırlığını təmin etməlidir. Təəssüf ki, bəzi müəllimlər bir illik möhlətə baxmayaraq bu hazırlığı göstərməyiblər.
Mən sertifikasiya imtahanını yüksək qiymətləndirirəm. Bu imtahan Azərbaycan təhsilindəki mövcud vəziyyəti üzə çıxardı və müəllimlərin inkişafına, tədris keyfiyyətinin yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, sertifikasiyanın 5 ildən bir keçirilməsi orta məktəblərdə müəllimlərin peşəkarlığının artırılmasına əhəmiyyətli töhfə verəcək”.