Bu il Tarix, Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət fənləri üzrə müəllimlər ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaqlar.
Qeyd edək ki, tarix fənni istisna olmaqla, sadalanan fənlər əsasən praktik xarakter daşıyır. Buna baxmayaraq, sertifikasiya imtahanı elektron formatda keçiriləcək və praktiki deyil, nəzəri bilikləri ölçəcək.
Bu məqamda sual yaranır: praktik yönümlü fənlər üzrə müəllimlər digər fənlər kimi eyni formatda imtahan verməlidirmi? Bu sahədə hər hansı dəyişiklik edilməsinə ehtiyac varmı?
AzEdu.az-a mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlama verib.
Müsahibimiz bildirib ki, sertifikasiyanın ilk mərhələsində nəzəri biliklərin yoxlanılması doğru yanaşmadır:
“Əvvəlcədən qeyd edim ki, praktik fənlərin yalnız nəzəri biliklər əsasında qiymətləndirilməsi ideal yanaşma deyil. Lakin prosesin içində olan biri kimi hesab edirəm ki, sertifikasiyanın birinci mərhələsində məhz nəzəri biliklərin yoxlanılması müəyyən mənada zəruridir.
Çünki iştirakçı sayı çox olduqda praktik bacarıqların ölçülməsi, qiymətləndirilməsi və obyektiv meyarlarla dəyərləndirilməsi kifayət qədər çətin və ağır prosesdir. Elektron imtahan formatı isə bu mərhələdə obyektivliyin təmin olunmasına daha çox xidmət edir”.
“Müəllim” adı daşıyan şəxs yalnız praktik bacarıqla kifayətlənməməlidir:
“Bəzən musiqi müəllimi elə düşünür ki, yaxşı piano çalmaq müəllim olmaq üçün yetərlidir, yaxud təsviri incəsənət müəllimi hesab edir ki, yaxşı rəssam olmaq avtomatik olaraq yaxşı müəllim olmaq deməkdir. Halbuki müəllimlik sırf bacarıq nümayişi deyil, pedaqoji prosesdir. Bu prosesdə savad, düzgün nitq, metodik yanaşma, şagirdlə fərdi ünsiyyət bacarığı və geniş dünyagörüş həlledici rol oynayır.
Bu baxımdan, sertifikasiyanın ilk mərhələsində nəzəri biliklərin yoxlanılmasını doğru hesab edirəm. Bununla belə, inanıram ki, yaxın gələcəkdə praktik fənn müəllimlərinin peşəkarlığı yalnız imtahan nəticələri ilə deyil, onların illik fəaliyyəti, gördüyü işlər, əldə etdiyi nəticələr və layihə əsaslı performansı üzərindən qiymətləndiriləcək”.