Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX-in “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.
Belə ki, 7-9-cu sinif şagirdləri tərəfindən hazırlanan kiçik ölçülü “PocketQube” tipli peyk artıq kosmosdadır. “Zəfər” peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb.
AzEdu.az məktəbin şagirdləri və direktorla əlaqə saxlayaraq onların təəssüratlarını öyrənib.
297 nömrəli məktəbin 9-cu sinif şagirdi Arif Zeynalzadə robot texnikasına böyük maraq göstərdiyini bildirib:

“Bu layihəyə qatılmağıma səbəb peyklərə olan marağımdır. Öz komandamla müsabiqədə qalib olmağı çox istədik və elə də oldu. Komanda kapitanı olaraq uşaqları bir araya gətirib peyklərlə bağlı sual-cavab keçirdik, hər kimin bacarıqlarını test etdik və sonra üzərimizdə işləməyə başladıq.
Bu layihə təxminən 1 il davam etdi. Komandamızda 9 nəfər iştirak edirdi - 8 oğlan, 1 qız; 2 nəfər 10-cu sinifdə, qalanları isə 9-cu sinifdə oxuyurdu. Peykin hazırlanması zamanı müxtəlif sxemlər işlədildi: zəlzələnin əvvəlcədən hiss edilməsi, insanların həyatının qorunması, yerə baxış, tullantıların aşkarlanması və təbiətə ziyan verənlərin bərpası. Əsas məqsədimiz zibil tullantılarının qarşısını almaqdır.
Komandada mən və dostum Məhəmməd kodlaşdırma dilini bilirik. Robototexnikadan mühəndislik səviyyəsinə qədər bacarıqlarımızı inkişaf etdirdik. Hesablamalarda çox problem yaşasaq da, onları həll etməyi bacardıq. Qalib gəldiyimiz gün sevincimizin həddi-hüdudu yox idi. Aylardır bu anı gözləyirdik. Axşam-gecə demədən işləyirdik.
Bu mərhələdə bizə Zülfiyyə müəllimə böyük dəstək oldu. O, dözümlü olmağı və ağılımızı işlətməyi öyrətdi. Coğrafiya müəllimi olaraq iqlim və hesablamalar üzrə bizə çox kömək etdi.
Gələcəkdə əsas hədəfim sıfırdan öz peykimi yaratmaq və kosmos sahəsində karyera qurmaqdır".
297 nömrəli məktəbin 10-cu sinif şagirdi Vaqif Osmanovun sözlərinə görə, qalib olmaq bütün Azərbaycan məktəblərinin böyük bir uğrudur:

“Bu layihəyə qatlandığım zaman çox həyəcanlı idim. Özümüzə inanırdıq və motivasiyalı idik. Daha sonra finala çıxdıq və bu bizi daha da ruhlandırdı. Nəticədə qalib gəldik. Bu qalibiyyət yalnız bizim yox, bütün Azərbaycan məktəbləri üçün böyük bir uğurdur.
Layihədən əvvəl hörmətli Cavid müəllim bizə belə bir imkanın olduğunu bildirdi. Mən də bunu özüm üçün maraqlı fürsət hesab etdim və biliklərimi artırmaq üçün layihəyə qatıldım.
Bu, müşahidə peykidir və Azərbaycan vətəndaşı kimi layihəni davam etdirmək istəyirəm. Gələcəkdə kosmik mühəndis olaraq Azərbaycanda kosmik sahədə, həmçinin hərbi müdafiədə öz töhfəmi vermək məqsədim var. Texnologiyamız günü-gündən inkişaf edir və inanıram ki, gələcək nəsillər daha da böyük layihələr həyata keçirəcəklər".
Məktəbin direktoru Cavid Abbaszadə şagirdlərlə bağlı fikirlərini bölüşüb:

“2022-ci ildən məktəbdə direktor vəzifəsində çalışıram. Təhsil sahəsində fəaliyyətim 2007-ci ildən davam edir. Bu layihə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərkosmos nəzdində fəaliyyət göstərən Kosmik Agentliyin birgə təşəbbüsüdür. Bununla bağlı tədbirlər də keçirildi.
İlkin mərhələdə 4 məktəb qalib oldu. Sonuncu mərhələdə isə bizim məktəb finala çıxaraq qalib gəldi. Təəssüratlarım olduqca müsbətdir. Bu müsabiqənin simvolik mənası var: bu, respublikamızda keçirilən ilk layihədir və Zəfərimizin 5 illiyinə təsadüf etdiyindən peykin adı “Zəfər” qoyulub. Bu, daha da qürurvericidir.
Şagirdlər hər dəfə Kosmik Agentliyə qayıtdıqdan sonra görüşlər keçirirdik və ilk 4 məktəbin içərisinə düşmələri münasibətilə onları mükafatlandırmışdıq. Müsabiqə şagirdlər arasında innovativ düşüncəyə malik olanların üzə çıxmasına və texnoloji baxımdan hazırlıqlı, təcrübəli gənclərin yetişməsinə xidmət edir. Bütün şagirdlərə uğurlar arzulayıram".
Qeyd edək ki, layihədə Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qiymətləndirilir.