Son illərdə ölkəmizdə süni intellektdən istifadədə yüksələn dinamika müşahidə olunur. Hətta bu elə bir həddə çatıb ki, məktəblərdə də süni intellektin dərs kimi tədris olunub-olunmayacağı ilə bağlı suallar yaranır.
Ümumiyyətlə, istər şagird, istərsə də müəllimlərin, habelə məktəb avadanlıqlarının bu yeniliyə hazır olub-olmaması ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

K.Əsədov süni intellektin dərs prosesinə inteqrasiya olunmasının üstünlükləri, həmçinin yarada biləcəyi problemlərə də münasibət bildirib.
“Artıq müasir dövrün tələblərindən biri texnoloji yeniliklərin tətbiq edilməsidir. Yəni hazırda biz görürük ki, ənənəvi təhsil artıq öz effektini vermir. Nəzərə alsaq ki, müasir dövr texnoloji dövrdür və uşaqlarımız artıq texnoloji yenilikləri tətbiq etməyi bacarmalıdır. Təbii ki, tətbiq deyəndə biz burada süni intellektin təhsilə inteqrasiyasını nəzərdə tuturuq. Təhlillərdə görürük ki, mövcud təhsil sisteminin strukturu, məzmun və idarəetmə çatışmazlıqlarını aradan qaldırmaq üçün ən effektiv alətlərdən biridir.
Bəzi statistik göstəricilərə görə, artıq fərdiləşdirilmiş öyrənmə texnologiyalarından istifadə şagirdlərin nailiyyətlərini 25-40 faiz artırıb. Bu, müəllimlərin qiymətləndirmə yükünü 20 faiz azaldıb. Bu təkcə süni intellekt texniki yenilik deyil, həm də təhsilin nəticələrinin yüksəlməsinə yönəlmiş sistemli bir yanaşmadır. Təhsil haqqında qanunda da göstərilib ki, əsas prinsiplərdən biri şəxsiyyətə yönəlmiş və fərdi inkişafın təmin edilməsidir.
Amma bu gün mövcud olan müəllim-şagird münasibəti bunun mexanizmi fərdiləşmə imkanına çevrilmir. Məsələn, bir sinifdə 40 şagird varsa, müəllim onların hamısına ümumi yanaşır. Amma süni intellektin tədris və qiymətləndirmə prosesində təşkili imkan verir ki, hər bir şagirdə fərdi yanaşma tətbiq olunsun - onun biliyinə, bacarığına və maraqlarına uyğun olaraq.
Təbii ki, biz əvvəlcə süni intellektin hüquqi prinsiplərini tədris prosesinə hazırlamalıyıq. Bu transformasiyanı həyata keçirmək və ya tədrisdə, həmçinin ali təhsildə imkanlardan istifadə etmək üçün hüquqi baza formalaşdırılmalıdır. Bəzi statistik göstəricilərə görə, son bir ildə şagirdlərin ev tapşırıqlarını yerinə yetirməsində süni intellektdən istifadə 18 faiz artıb və bu, orta məktəbin nəticələrinin yüksəlməsi ilə müşahidə olunur.
Lakin bunun təhlükəli tərəfi də var: müəllimlər uşaqlardan geridə qalırlar. Bizim problemimiz odur ki, şagirdlərimiz müəllimlərdən daha sürətli texnologiyada irəliləyirlər. Şagirdlər süni intellekt və digər platformalardan daha çox istifadə edə bilirlər, müəllimlər isə bu sürətlə ayaqlaşa bilmir.
Beynəlxalq təcrübə göstərir ki, süni intellektin təhsildə tətbiqi bir neçə amilə əsaslanır. Məsələn, Sinqapurda müəllim hazırlığı artıq süni intellektlə həyata keçirilir və 92 faiz müəllim rəqəmsal bacarıqlar üzrə sertifikatlaşıb. Finlandiyada isə təhsilin idarə olunmasının bütün səviyyələrində süni intellekt analitik alətlərlə təməl verir.
Süni intellekt müəllimin yerini almır. Bəzən insanlar bunu qarışdırır. Əksinə, o, müəllimin peşəkar fəaliyyətini gücləndirən dəstək mexanizmidir. Azərbaycan da bu təcrübəni artırmalıdır. Mən hesab edirəm ki, müəllimlərin sertifikasiya imtahanı zamanı təkcə bilik yox, rəqəmsal bacarıqlar da yoxlanılmalıdır.
Məktəblərdə infrastrukturun yenilənməsinə ehtiyac var. Süni intellektin tətbiqində mənfi tərəflər də mövcuddur: alqoritmik səhvlər, məlumat təhlükəsizliyi riskləri, texnologiyalardan yanlış istifadə və müəllimlərin qeyri-bərabər hazırlıq səviyyəsi şagirdlər arasında uçurum yaratmaq riski var.
Buna baxmayaraq, real təhlükələr aradan qaldırıldıqdan sonra süni intellektin geniş tətbiqi Azərbaycan təhsil sistemini iki əsas istiqamətdə dəyişəcək. Birincisi, tədris fərdiləşəcək, yəni şagirdin bilik inkişafı təsadüfi olmayacaq, daha əsaslı proqram üzərindən idarə olunacaq. İkincisi, müəllimlik peşəsi daha yüksək kvalifikasiyalı, analitik düşüncəyə malik və metodiki baxımdan gücləndirilmiş peşə olacaq. Müəllimlərin rəqəmsal bacarıqları artacaq və bu, təhsil sisteminin inkişafına səbəb olacaq".
Süni intellekti, ümumiyyətlə IT sahəsini öyrənmək həm bilik, həm bacarıq, həm də bu sahəyə xüsusi maraq tələb edir.
Bu mövzuda Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bəzi məqamları izah edib:

“Süni intellekt dövrü IT sahəsinin rolunu azaltmır, əksinə genişləndirir. Süni intellektin sürətli inkişafı bütün dünyada olduğu kimi Azərbaycanda da IT sahəsinə olan tələbatı artırıb. Paradoksal kimi görünsə də, süni intellekt nə qədər inkişaf edirsə, bir o qədər çox yüksək ixtisaslı IT mütəxəssisinə ehtiyac yaranır. Çünki bu texnologiyaların yaradılması, tətbiqi, təhlükəsizliyi və inteqrasiyası insan resurslarına əsaslanır.
Hazırda ölkəmizdə IT sahəsinə maraq yüksələn xətlə inkişaf edir. Xüsusilə gənclər arasında proqramlaşdırma, kibertəhlükəsizlik, data analitika və süni intellekt üzrə təlimlərə ciddi ehtiyac olacaq. IT sahəsinin çətinliyi onun daim dəyişən və özünü təkrarlamayan xarakterindən irəli gəlir. Mütəxəssis yalnız bir dəfə öyrənməklə kifayətlənə bilmir, trendlərə uyğunlaşmaq üçün davamlı inkişaf etməlidir. Bu proses bəzən zehni yorğunluq yaradır, amma sahənin dinamikliyi və innovativliyi motivasiyanı qorumağa kömək edir.
Bu sahəni öyrənməyin təməl istiqamətləri isə bunlardır: riyazi düşüncə və məntiq, süni intellekt, alqoritmlər və proqramlaşdırma. Proqramlaşdırma dilləri "Python", "JavaScript", "Java" həm başlanğıc, həm də peşəkar səviyyədə vacibdir. Alqoritmlər və məlumat strukturları güclü IT mütəxəssisi olmağın əsasıdır. Data analitikası və süni intellekt bilikləri model qurulması, məlumatların tənzimlənməsi və təhlili üçün əsasdır. Kibertəhlükəsizlik savadlılığı sistemlərin qorunması və risklərin qiymətləndirilməsi üçün artıq hər bir IT sahəsində zəruridir.
Nəticə olaraq, süni intellekt dövrü IT sahəsinin rolunu azaltmır, əksinə genişləndirir. Azərbaycanın qarşısında real fürsət var ki, gəncləri bu istiqamətdə yetişdirərək həm ölkə daxilində, həm də qlobal bazarda rəqabətədavamlı insan kapitalı formalaşdırılsın".
Aysel Məmmədli