Özəl məktəblərdə təhsil alan şagirdlər üçün Azərbaycan universitetlərinə qəbul olmaq bir qədər maraqsız görünür.
AzEdu.az-a bu sözləri təhsil eksperti Ramin Nurəliyev söyləyib.

Azərbaycanda ali təhsil almaq istəyən şagirdlərin böyük əksəriyyəti dövlət ümumi təhsil məktəblərində oxuyanlardır:
"Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələri mövcuddur. Özəl təhsil müəssisələrində oxuyan şagirdlərin və ya övladlarını orada oxutmaq istəyən valideynlərin təxminən 70 faizi gələcəkdə xarici ali təhsil müəssisələrində təhsil almağı planlaşdırır.
Bu səbəbdən özəl məktəblərdə əsas istiqamət xarici ali təhsil müəssisələrinə yönəldilir və buna görə də Azərbaycanda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarına o qədər də böyük əhəmiyyət verilmir. Şagirdlər sadəcə buraxılış imtahanında iştirak edir, müvafiq bal toplayırlar və bundan sonra əsas diqqətlərini xarici ali məktəblərin qəbul imtahanlarına yönəldirlər. Bu imtahanlara beynəlxalq səviyyədə tanınan SAT, TOEFL, IELTS kimi imtahanlar, Türkiyəyə getmək istəyənlər üçün isə YÖS imtahanı daxildir.
Yüksək intellektə və potensiala sahib olan bəzi şagirdlər, xüsusilə olimpiada iştirakçıları, beynəlxalq olimpiadalarda qazandıqları nəticələrə əsasən xarici ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanı əldə edirlər. Bu şagirdlər istisna olmaqla, demək olar ki, Azərbaycanda ali təhsil almaq istəyən şagirdlərin böyük əksəriyyəti dövlət ümumi təhsil məktəblərində oxuyanlardır".
Əsas olan hər bir şagirdin məqsəd və düşüncəsinə uyğun istiqamətdə addımlamasıdır:
"Məhz buna görə də özəl məktəblərdə təhsil alan şagirdlər üçün Azərbaycan universitetlərinə qəbul olmaq bir qədər maraqsız görünür. Onlar güclərini daha çox xarici ali təhsil müəssisələrinin qəbul imtahanlarına yönəldirlər. Çünki düşünürlər ki, əgər eyni anda həm xarici, həm də yerli imtahanlara hazırlaşsalar, güc və diqqət bölünəcək və hər iki istiqamətdə istənilən nəticə əldə olunmaya bilər. Buna görə də əsas diqqətlərini bir istiqamətə cəmləməyə üstünlük verirlər.
Hazırda dövlət ümumi təhsil məktəblərində oxuyan şagirdlər isə əsasən Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarına hazırlaşdıqları üçün qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Onlar bütün enerjilərini və vaxtlarını məhz bu istiqamətə yönəldirlər.
Əsas olan hər bir şagirdin məqsəd və düşüncəsinə uyğun istiqamətdə addımlamasıdır. Xaricdə oxumağı hədəfləyən özəl məktəb şagirdlərinin də, yerli ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərin də seçimi doğrudur. Əgər hər iki istiqamətə eyni anda enerji sərf olunsa, bu, nəticələrə mənfi təsir göstərə bilər. Məsələn, Azərbaycan ali təhsil müəssisələrinə qəbul imtahanlarına, eyni zamanda xarici imtahanlara da hazırlaşarsa, hər iki sahədə uğur qazanmaqda çətinlik çəkə bilər. Düzgün planlama aparan şagirdlər istənilən istiqamətdə uğur əldə edə bilirlər".
Son illərin qəbul imtahanlarının nəticələri göstərir ki, region məktəblərində təhsil alan şagirdlər artıq yüksək nəticələr əldə edirlər:
"Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların böyük əksəriyyəti dövlət ümumi təhsil məktəblərinin şagirdləridir. Buraya, məsələn, Dəyanət liseyi də daxildir. Hərçənd bu lisey Türkiyəyə bağlı bir təhsil müəssisəsidir, lakin dövlətin nəzarəti altında fəaliyyət göstərir və ödənişsiz təhsil təqdim edir.
Ən sevindirici məqamlardan biri isə regionlarda təhsil alan şagirdlərimizin, xüsusilə də qız şagirdlərin qəbul imtahanlarında yüksək nəticə göstərməsidir. Bu, regionlarda qız uşaqlarının təhsilinə verilən diqqət və qayğının artması ilə bağlıdır.
Son illərin qəbul imtahanlarının nəticələri göstərir ki, region məktəblərində təhsil alan şagirdlər artıq yüksək nəticələr əldə edirlər. Bu, təkcə Bakı şəhərində deyil, regionlarda da təhsilin inkişaf etdiyini sübut edir. Valideynlərin, xüsusilə də regionlarda qız uşaqlarının təhsilinə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Bu, alqışlanacaq bir haldır və ümid edirəm ki, bu müsbət meyil gələcəkdə də davam edəcək".