Xarici təcrübədə media savadlılığı, süni intellekt və multikulturalizm kimi fənlərin artıq məktəb yaşlarından tədris olunur.
Bəs bizim məktəblərdə də bu günün tələblərinə uyğun yeni bir fənnin tədrisinə başlamaq mümkündürmü?
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AzEdu.az-a açıqlama verib.

"Düşünürəm ki, bugünkü dünyada yeni fənlərin tətbiqi artıq zərurətdən doğur, çünki bilik yalnız toplamaq deyil, onu düzgün şəkildə istifadə etmək bacarığı ilə ölçülür. Xarici təcrübədə media savadlılığı, süni intellekt və multikulturalizm kimi fənlərin erkən yaşdan tədris olunması cəmiyyətin informasiya təhlükəsizliyini, mədəni tolerantlığını və texnoloji inkişaf potensialını möhkəmləndirir.
Azərbaycan məktəbləri də bu istiqamətdə mərhələli şəkildə addımlar atmağa başlayıb. Amma məncə, artıq yeni bir fənnin tədrisinə start verməyin vaxtıdır - bu da “Rəqəmsal və Sosial Mədəniyyət” adlı inteqrativ bir fənn ola bilər. Bu fənn şagirdlərə yalnız texnologiyadan istifadə etməyi deyil, rəqəmsal mühitdə düşünməyi, etika və məsuliyyət hissini formalaşdırmağı, həm də informasiya manipulyasiyasından qorunmağı öyrədə bilər".
Ekspert bildirib ki, bununla yanaşı, süni intellektlə işləmə bacarığı, kritik təfəkkür və kommunikasiya etikası da bu fənnin əsas sütunlarına çevrilməlidir. Müasir gənc artıq informasiyanın istehlakçısı yox, onun yaradıcı iştirakçısı olmalıdır. Təhsil sistemi də bu reallığa çevik cavab verməlidir.
"Dövlətimizin son illər təhsil strategiyalarında rəqəmsallaşma, innovasiya və milli-mənəvi dəyərlərin vəhdətinin ön plana çəkilməsi göstərir ki, yeni fənlərin tətbiqi təkcə müasir tendensiya deyil, milli inkişafın vacib tərkib hissəsidir. Yəni, məqsəd Qərb modelini sadəcə təqlid etmək yox, onu milli kimliyimiz və sosial dəyərlərimizlə uyğunlaşdırmaq olmalıdır.
Beləliklə, gələcəyin məktəbi artıq yalnız riyaziyyat, fizika və ədəbiyyat öyrədən yer deyil. O, həm də müstəqil düşünən, rəqəmsal dünyada etik davranan və müxtəlif mədəniyyətləri anlayan yeni nəsli yetişdirən mühit olmalıdır".