Məktəblərdə keçirilən açıq dərslər, adətən, tədris prosesinin keyfiyyətini və müəllimin peşəkarlığını nümayiş etdirmək məqsədi daşıyır. Lakin bu dərslərin bəzən “göstəriş xarakterli” keçdiyi, real dərs şəraitini tam əks etdirmədiyi barədə fikirlər səslənir.
Belə hallarda müəllimlərin ssenariləşdirilmiş dərs planına üstünlük verdiyi, hətta müəyyən şagirdlərin əvvəlcədən cavab verməyə hazırlandığı bildirilir.
Məsələ ilə bağlı “rəhbərlik sinifdən uzaqlaşdıqdan sonra dərslər eyni səviyyədə davam edirmi?” sualı da gündəmə gəlir.
Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov mövzuya bu aspektdən münasibət bildirərək AzEdu.az-a açıqlama verib.

"“Açıq dərs”lər haqqında danışanda iki il əvvəli xatırlayıram və bir az da o günlərə dönərək həyəcanlanıram. 2023–2024-cü dərs ilinin əvvəlində missiya olaraq müəllimlərə tapşırıq verdik ki, bu il müəllimin keyfiyyət göstəricilərindən biri “açıq dərs” olacaq. Müəllimlər əvvəlcə müxtəlif bəhanələrlə bu dərslərdən boyun qaçırmağa çalışırdılar. Hiss edirdim ki, bu təklif onlara ağır bir imtahan kimi gəlir. Birtəhər razılaşdıq və bir neçə müəllim üçün açıq dərslər təyin etdik.
“Açıq dərs”lərə əvvəlcədən xüsusi hazırlıq görülürdü. Bəzən bu dərslər üçün hazırlıq prosesi bir aydan çox çəkirdi. Əvvəlcə biz bunu doğru hesab etməsək də, prosesin gedişi hər cəhdin bir önəmi olduğunu bizə sübut etdi. Belə ki, açıq dərslər təyin olunmuş müəllimlər indi daha çox bir-biri ilə əməkdaşlıq edir, bəzən qeyri-dərs saatlarında şagirdlərlə birlikdə məktəbdə olurlar. Hətta müəllimlərimizin bir neçəsinin şagirdlərlə gecə saatlarında onlayn məşğul olduqlarını da görmüşük.
“Açıq dərs”lər zamanı əvvəllər çox çətinliyimiz olurdu. Dərsdən qeydlər götürür və müzakirəsini təşkil edirdik. Müəllimlər müsbət fikirlərə sevinsələr də, iradları qəbul etməkdə çətinlik çəkirdilər, hətta təpki də göstərirdilər. Bunlara baxmayaraq, biz prosesin gedişini daha yaxşı izləmək üçün eyni müəllimlərlə növbəti illərdə bu dərsləri yenə təşkil etdik. Əlbəttə, iradları qəbul etmək istəməyən müəllimləri buna razı salmaq çətin idi. Lakin növbəti ildə müəllimlərin açıq dərsləri daha uğurlu oldu: müəllimlər “çempionlar liqasını” qazanırmış kimi təbrikləri qəbul edir və çox sevinirdilər.
Əslində “açıq dərs”lər nümunə dərslər kimi təşkil olunmalı idi, lakin biz əvvəlcə bunu müəllimlərin öyrənməsi üçün təşkil edirdik. İki ildən sonra artıq bu dərslər nümunə dərslərə çevrilə bildi. Ötən tədris ilində biz açıq dərsləri uğurla təşkil edən müəllimləri mükafatlandırdıq. Müəllimlərin öz aralarında nüfuz yarışına keçəcəyini və bunun mənfi nəticələrə gətirə biləcəyini gözləsək də, əksinə oldu.
Cari tədris ilində maraqlı bir faktla qarşılaşdıq: sinifdəki bütün şagirdlər, hətta qiyməti aşağı olanlar da açıq dərsdə olduqca fəal iştirak etdilər. Bu, dərsi izləyən müəllimlər üçün maraqlı yenilik oldu. Məlum oldu ki, həmin dərsin hazırlığı üç həftə, şənbə və bazar günləri daxil olmaqla davam edib. Deməli, zəif hesab etdiyimiz şagirdlər də özlərini kəşf edə biliblər.
Bəs bu dərslər rəhbərlik və digər müəllimlər sinfi tərk edəndə eyni formada təşkil olunurmu? Əlbəttə, müəyyən qədər dərsin detalları istifadə oluna bilər, lakin tamamilə eyni prosesin baş verdiyini demək olmaz. Bunu deməklə sadəcə özümüzü aldatmış olarıq.
Bəs qazancımız nə oldu? Özgüvən, nümunə, təcrübə və bəlkə də indi yadımda olmayan başqa məqamlar.
Biz davam edirik və həmkarlarıma da uğura apara biləcək bütün məqamları sınamağı tövsiyə edirəm. Hansısa cəhdimiz uğursuz ola bilər, amma bu, bizim yeni imkanlar qazanmağımız üçün bir başlanğıca çevrilə bilər".