Azedu.az

5-10 il sonra kompüter yönümlü ixtisaslara tələbat azala bilər - XƏBƏRDARLIQ

Şagirdlər

4 Noyabr 2025, 09:01
5-10 il sonra kompüter yönümlü ixtisaslara tələbat azala bilər - XƏBƏRDARLIQ

Elə bir ixtisas yoxdur ki, tamamilə əhəmiyyətsiz və ya lazımsız olsun. Mənim şəxsi fikrim budur ki, ləğv edilməli ixtisas yoxdur. Sadəcə, əmək bazarının tələblərinə uyğun inkişaf edən və ya bu tələblərə cavab verməyən ixtisaslar mövcuddur.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspert qeyd edib ki, hər bir ixtisası dərindən bilən, bu sahədə mükəmməl bilik və bacarıqlara malik olan mütəxəssis əmək bazarında özünə yer tapacaq:

“Hər bir ixtisasın müəyyən dərəcədə tələbatı var. Amma əsas məsələ bu tələbatın hansı səviyyədə olmasıdır. Bəzi ixtisaslara tələbat bazar iqtisadiyyatına və dövrün tələblərinə uyğun olaraq azala və ya arta bilər. Burada əsas məsələ ixtisasın ləğvi deyil, həmin ixtisas üzrə əmək bazarında fəaliyyətin azalıb-çoxalmasıdır. Mənim fikrimcə, heç bir ixtisas tamamilə lazımsız deyil.

Əgər hər hansı bir ixtisas dünya təcrübəsində formalaşdırılıbsa, bu, həmin sahəyə müəyyən dövrdə real tələbat olduğu üçün baş verib. Yəni elə bir ixtisas yoxdur ki, tamamilə əhəmiyyətsiz və ya lazımsız olsun. Mənim şəxsi fikrim budur ki, ləğv edilməli ixtisas yoxdur. Sadəcə, əmək bazarının tələblərinə uyğun inkişaf edən və ya bu tələblərə cavab verməyən ixtisaslar mövcuddur.

Hər bir ixtisası dərindən bilən, bu sahədə mükəmməl bilik və bacarıqlara malik olan mütəxəssis əmək bazarında özünə yer tapacaq. Məsələn, ən az tələbat olan ixtisaslarda belə, həmin sahəni mükəmməl bilən şəxs əmək bazarında müəyyən mövqeyə sahib olacaq".

Hazırda dövrün tələbinə uyğun ixtisasların inkişafı əsasən kompüter yönümlü sahələr üzərində qurulub:

“Amma ola bilər ki, 5-10 il sonra bu sahələrdə çoxluq yaranması nəticəsində həmin ixtisaslara olan tələbat azalsın. Bu da təbii bir prosesdir. Hazırda gənclərin çoxu IT yönümlü ixtisaslara meyl edir və bu, qısa müddətdə tələbatı artırsa da, gələcəkdə bu sahədə də müəyyən ixtisarların olmasına gətirib çıxara bilər.

Ona görə də gənclər ixtisas seçərkən mütləq dövrün tələblərini nəzərə almalıdırlar. Məsələn, bir dövr var idi ki, iqtisadiyyat və mühasibatlıq prestijli ixtisaslar sayılırdı. Amma indi bu sahələrdə müəyyən ixtisarlar müşahidə olunur. Çünki artıq süni intellekt və müxtəlif proqramlar vasitəsilə vergi və mühasibat uçotu işləri avtomatlaşdırılır. Nəticədə bu sahədə çalışan bəzi mühasiblərin əməyinə əvvəlki qədər ehtiyac qalmır.

Bu o demək deyil ki, mühasiblərə ümumiyyətlə ehtiyac olmayacaq. Əksinə, öz işini mükəmməl bilən, peşəkar mühasiblərə həmişə tələbat olacaq. Sadəcə, zəif hazırlıqlı mütəxəssislər əmək bazarından tədricən sıxışdırılacaq".

Əsas məsələ seçilən ixtisasın deyil, həmin ixtisasda peşəkarlıq səviyyəsinin yüksək olmasıdır:

“Beləliklə, süni intellekt və kompüter yönümlü ixtisasların inkişafı bəzi sahələrin əmək bazarındakı rolunu azaltsa da, onları tamamilə ləğv etməyəcək. Sadəcə, bəzi ixtisaslara olan tələbat azalacaq. Lakin hər bir sahəni dərindən bilən və öz peşəsində mükəmməl olan insanlar əmək bazarında mövqelərini qoruyub saxlayacaqlar.

Bir daha qeyd etmək istəyirəm ki, tələbat olmayan ixtisas yoxdur. Ancaq dövrün tələblərinə uyğun olaraq o tələbatın hansı səviyyədə olması vacibdir. Bu gün Azərbaycanda ən aşağı keçid balı olan ixtisaslar - meşəçilik, kənd təsərrüfatı, baytarlıq ixtisaslarına təbii ki, tələbat var, amma kifayət qədər deyil. Öz işini yaxşı bilən baytar hüquqşünasdan belə daha yaxşı yaşayır.

Əsas budur ki, hansı ixtisası seçiriksə, onun mütəxəssisi olmaq lazımdır. Və ixtisas seçərkən dövrün tələblərinə uyğun düşünməliyik".

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox