Tətil bitdikdən sonra şagirdlərin yenidən dərs rejiminə uyğunlaşması həm fiziki, həm də psixoloji cəhətdən ciddi çətinliklər yaradır.
Xüsusilə blok imtahanlarının isti yay aylarına təsadüf etməsi abituriyentlərdə gəzmək istəyi ilə oxumaq məsuliyyəti arasında böyük bir daxili münaqişəyə səbəb olur.
Maraqlıdır, bəs şagirdlər öz daxili motivasiyalarını xarici stimullara qarşı necə qoruya bilərlər?
AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.
Psixoloq qeyd edib ki, məktəb rejimi dəyişəndə beynin əvvəlki vəziyyətinə qayıtması üçün ən azı beş gün lazımdır. Lakin təhsil mühiti bizə bu vaxtı tanımır - bizdən dərhal fəaliyyət tələb olunur:
"Ümumiyyətlə, tətil dövründə insanın rutini dəyişir. Rutin dəyişdikdə insan fərqli davranışlar göstərir və dopamin ifrazı artır. Bunun səbəbi odur ki, tətil zamanı uşaqlar özlərinə həzz verən və xoşlarına gələn fəaliyyətlərlə məşğul olurlar. Məsələn, telefonla oynayırlar, gəzməyə çıxırlar və istədikləri vaxt yatırlar. Lakin bu yeni rutin, xüsusilə istədikləri vaxt yatmaq vərdişi dəyişəndə beyinə əvvəlki vəziyyətinə qayıtmaq üçün təxminən beş gün lazım olur.
Yəni, əgər tətil günlərində də eyni saatda oyansaq, minimal bir saat dərs oxusaq və məktəbdə öyrəşdiyimiz rejimin təxminən 20%-ni qorusaydıq, dərslərə qayıtmaq daha asan olardı. Amma biz bunu etmirik. Tətil zamanı biz tam əylənirik, istədiyimiz vaxt yatırıq və hər gün saatlarla telefonda oluruq. Bu, sonradan telefondan ayrılmağı çətinləşdirir, çünki bir dəfə telefona bağlandıqda ondan ayrılmaq müəyyən zaman alır. Nəticədə, dərsə və məktəb fəaliyyətinə qayıtmaq üçün vaxt tələb olunur, amma müəllim heyəti bunu gözləyə bilməz. Məktəbə gəlmişiksə, dərhal fəaliyyətə başlamalıyıq".
Abituriyentə verilən "Pulu mən verirəm, sən mütləq girməlisən" təzyiqi motivasiya deyil, məsuliyyətin ağır yükü altında əzməkdir. Halbuki, məktəbdə keçilən dərslərin ali məktəbə qəbul üçün yetərli olmaması şagirdin yox, təhsil sisteminin problemidir:
"Yay dövründə günəş daha çox çıxdığı üçün insanlar da enerjini daha çox günəşdən alırlar; serotonin səviyyəsi artır və buna görə bəzi insanların əhvalı yüksəlir. Amma abituriyentlər bunu anlamalıdır ki, onların əsas məqsədi universitetə qəbul olmaqdır. Buna görə də abituriyentlərə düzgün motivasiya lazımdır və bu motivasiyanı ən yaxşı şəkildə valideynlər verə bilər.
Lakin indiki valideynlərdə müəyyən problemlər var. Problem ondadır ki, valideyn deyir: “Mən hazırlığa pul vermişəm, repetitorlara ödəniş etmişəm, sən mütləq girməlisən. Əgər girməsən, niyə ödəniş etmişəm?” Halbuki, məktəblərdə keçilən dərslərin yetərli olmaması abituriyentlərin günahı deyil. Valideynlər bunu anlamalı, övladlarını uğuru ilə, uğursuzluğu ilə qəbul etməlidirlər. Onlara deməlidirlər ki, sən ali təhsil ocağına girsən də, girməsən də, biz sənə münasibətimizi dəyişməyəcəyik. Sən çox savadlısan, ağıllısan və bizim övladımızsan, amma biz əminik ki, sən ora girəcəksən.
Təəssüf ki, bəzi valideynlər hələ də deyirlər: “Universitetə girməsən, get özünü as". Belə yanaşma isə bəzən uşaqların həyatına ciddi təhlükə yaradır. Universitetə qəbul olmaq isə o demək deyil ki, sən dərhal həkim, vəkil və ya mühəndis olursan. Universitetə girmək sadəcə ali təhsil diplomu əldə etmək deməkdir, diplomu alırsan və həyat davam edir".
Psixoloqların şagirdlərə təsir göstərə bilməsi üçün ilk növbədə məktəb rəhbərliyi onlara hörmət etməlidir:
"Əgər valideynlər övladlarına düzgün motivasiya verə bilmirsə, mütləq psixoloqlara müraciət etməlidirlər. Məktəblərdə də psixoloq mövcuddur və onların rolu təkcə uşaqları idarəyə aparmaq və ya davamiyyət yoxlamaq deyil. Psixoloq seminarlar təşkil etməli, 9-11-ci siniflərdə şagirdlərə motivasiya verməlidir.
Təəssüf ki, bəzi məktəblərdə direktorlar və direktor müavinləri psixoloqları yalnız idarə işlərinə cəlb edir, onları qapıda duran, yarışmalara aparan və ya sadəcə formal funksiyalar üçün istifadə edir. Belə vəziyyətdə psixoloqun tövsiyələri şagirdlər üçün təsirli ola bilmir. Direktorlar və rəhbərlik psixoloqlara hörmətlə yanaşmalı, onlara dəyər verməlidir. Çünki valideynlər və şagirdlər də psixoloqlara bu hörmət və dəyər əsasında baxırlar. Cəmiyyət psixoloqlara hörmət göstərməli və onların rolunu düzgün qiymətləndirməlidir.
Bəzən görürəm ki, psixoloqlar əlində davamiyyət dəftəri ilə siniflərə girir və uşaqların davamiyyətini yoxlayırlar. Bu düzgün deyil. Psixoloq əsasən problemli uşaqlarla işləməlidir və lazım gəldikdə öz əmək haqqından ayırıb kurslara, seminar və ya əlavə təlimlərə qatılmalıdır ki, yeniyetmələrə dəstək ola bilsin. Çünki hər valideynin imkanları uşağını psixoloqa aparmağa çatmır.
Hazırlıq dövründə uşaqların daimi rejimi belə olmalıdır: 50 dəqiqə dərs oxuyub, 15 dəqiqə fasilə verməlidirlər. Fasilələrlə oxumaq ən effektiv üsuldur. Valideynlər də anlamalıdır ki, uşaqlar bütün günü dərs oxuya bilməzlər. Hər bir uşağın asudə vaxtı olmalı və ondan faydalı şəkildə istifadə etməlidir".