Azedu.az

Elektron dərsliklərə keçid - fayda və risklər nələrdir?

Şagirdlər

25 Mart 2026, 11:10
Elektron dərsliklərə keçid - fayda və risklər nələrdir?

Hazırda ölkəmizdə bəzi məktəblərdə dərsliklərin elektronlaşdırılması prosesinə başlanılıb.

Maraqlıdır, dərsliklərin elektronlaşdırılmasının şagirdlərin sağlamlığına hansı mənfi və müsbət təsirləri ola bilər?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.

O qeyd edib ki, elektronlaşdırılmış dərsliklər onurğa sağlamlığı üçün üstün bir metod hesab oluna bilər:

"Bu prosesin fiziki inkişaf baxımından da müsbət təsirləri var. Məsələn, uşaqlarda ən çox rast gəlinən problemlərdən biri ağır məktəb çantaları ilə bağlıdır. Bu çantalar ciddi ortopedik problemlərə səbəb olur.

Amerika Pediatriya Akademiyasının dünya üzrə qoyduğu standartlara görə, uşağın bel çantası onun ümumi çəkisinin 10-15%-ni keçməməlidir. Lakin reallıqda bu balans ciddi şəkildə pozulur və uşaqlar daha ağır çantalarla məktəbə gedirlər. Bu, gələcəkdə geri dönməz sağlamlıq problemlərinə yol aça bilər.

Elektronlaşma prosesinin müsbət cəhətlərindən biri odur ki, uşaqlarda onurğaya düşən yük minimuma endirilir. Nəticədə skolioz, kifoz və digər ciddi əzələ-oynaq problemləri azalır. Bu baxımdan elektronlaşdırılmış dərsliklər onurğa sağlamlığı üçün üstün bir metod hesab oluna bilər".

Elektron dərsliklərin müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də var:

"Ancaq nəzərə almaq lazımdır ki, fiziki yük azalsa da, statik yük məsələsi qalır. Burada digər bir problem ortaya çıxır: uşaqlar uzun müddət ekran qarşısında oturmaq, qaməti pozmaq və boynu irəli əyərək mütaliə etmək məcburiyyətində qalırlar.

Günümüzdə uşaqların dərs yükünü də nəzərə alsaq, bu vəziyyət artıq 1-2 saatla məhdudlaşmır; uşaq gününün çox hissəsini ekran qarşısında keçirmək məcburiyyətində qalır. Uzun müddət ekran qarşısında oturmaq, boynun qabağa əyilməsi,"text neck" adlanan vəziyyət istər-istəməz boyunda ağrılara və gələcəkdə ciddi onurğa problemlərinə səbəb ola bilər.

Ona görə də nəzərə almaq lazımdır ki, ekran olsa da və sistem elektronlaşdırılmış olsa da, düzgün və ağıllı istifadə çox önəm daşıyır. Valideynlərin haqlı narahatlığı göz sağlamlığı baxımından doğrudur: uzunmüddətli ekran istifadəsi, yəni elektron vəsaitlərdən mütaliə etmək, kağız kitablardan oxumaqdan daha zərərlidir. Kağız kitablarda uşaqlar təbii işıq mənbələrindən istifadə edirlər və bu, göz problemlərinin yaranma riskini azaldır. Elektron vəsaitlərdə isə bu problemlər daha çox baş verə bilər.

Əsas məqam odur ki, doğru istifadə ilə zərəri minimuma endirmək mümkündür. Hər iki üsulun - həm elektron dərsliklərin, həm də ənənəvi kağız kitablardan oxumanın öz müsbət və mənfi cəhətləri var. Bu baxımdan balanslı yanaşma və düzgün qiymətləndirmə çox vacibdir.

Həmçinin oturduğu zaman uşağın qamətinə, oturuşuna mütləq şəkildə valideyn ciddi nəzarət etməlidir. Əyri oturmaq, boynu önə əymək yəni bunun özü də əlbəttə ki, onurğa üçün ciddi fəsadlara gətirib çıxara bilər".

Yatmazdan 2 saat əvvəl ekran istifadəsini məhdudlaşdırmaq, uşağın yuxu hormonunu və sağlamlığını qorumaq üçün zəruridir:

"Mütləq qeyd etmək lazımdır ki, elektron dərsliklərdən istifadə zamanı uşaqlar daha az göz qırpırlar. Bu isə gözdə quruluğa, zəifliyə və tez yorulmaya səbəb olur. Ona görə də ekranla uşağın arasındakı məsafə 30 sm olmalıdır. Uşaq oturarkən ekran nisbətən aşağı səviyyədə olmalıdır. Ekranın işığı da çox önəmlidir. Nə çox parlaq, nə də çox tünd olmamalıdır. Otaq qaranlıqdırsa, qaranlıq mühitdə ekran istifadəsinə qətiyyən yol vermək olmaz, bu gözə ziyanlıdır.

Elektron dərsliklərə keçid uşaqlarda ekran istifadəsini əhəmiyyətli dərəcədə artırır. Buna görə də uşaqların dərsdənkənar asudə vaxtlarında ekran istifadəsi mümkün qədər minimuma endirilməlidir ki, balans qorunsun.

Həmçinin, yatmazdan 2 saat əvvəl ekran istifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Ekranın mavi işığı uşaqlarda və ümumiyyətlə böyüklərdə də yuxu hormonu olan melatoninin sintezini pozur. Ona görə də yatmazdan minimum 2 saat əvvəl ekran istifadəsi məhdudlaşdırılmalıdır.

Uşağın bir tərəfdən onurğasını qorumaq üçün fiziki yükü minimuma endirməyə çalışırıqsa da, elektron dərsliklər digər problemləri də özü ilə gətirə bilər. Buna görə də, sadaladığımız faktorları nəzərə alaraq, balansı qoruyub saxlamaq mümkündür".

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox