Gəncə şəhəri 39 nömrəli məktəbin 11-ci sinif şagirdi Ömər Abdullayev və Əhməd Cavad adına 2 nömrəli məktəbin 10-cu sinif şagirdi Salman Sadıxzadə “Sabahın alimləri” müsabiqəsində qızıl medala layiq görülüblər.
Ömər Abdullayev yarışda təqdim etdikləri “Ecolife” layihəsi barədə təəssüratlarını AzEdu.az-a bölüşüb.
O, layihənin məqsədini belə izah edib:
“Ecolife yenilənə bilən resurslardan səmərəli istifadəni hədəfləyir və xərclərin optimallaşdırılmasına yönəlib. Biz bunu reallaşdırmaq üçün 50 manatlıq vəsaitlə layihəyə başladıq.”
Ömər əlavə edib ki, yarışa ilkin mərhələdə sadəcə layihəni təqdim etmək üçün hazırlaşırdılar:
“Final mərhələsinə keçdikdən sonra isə daha həvəslə işləməyə başladıq. Medal qazanacağımızı heç gözləmirdik. Düşünürdük ki, gümüş və ya birinci yer ola bilər, amma nəticə bizi təəccübləndirdi. Adımız səhnədə səsləndikdə o qədər sevindik ki, bir də gördük ki, ard-arda səhnəyə gedirik. Bu, həyatımda yaşaya biləcəyim ən gözəl duyğulardan biridir. Təşəkkür edirəm".
Salman Sadıxzadə qeyd edib ki, qızıl medal almaq gözlənilməz olub:
“Əslində bu uğur üçün çox çalışmışıq, yorulmuşuq. Amma qızıl medal qazanacağımızı gözləmirdik. Adımız səsləndikdə isə böyük sevinc və rahatlıq yaşadıq".
O, təşəkkürünü əsasən ailəsinə və müəllimlərinə çatdırıb: “Valideynlərimə, müəllimlərimə və məktəb rəhbərliyinə çox təşəkkür edirəm. Buradan demək istəyirəm ki, ingiliscədə bir söz var: "nothing is impossible", yəni heç bir şey mümkünsüz deyil. Hər şey mümkündür və siz də uğur qazana bilərsiniz. Burada çoxlarımızın dostları da iştirak edirdi. Bəzi layihələr qalib olmadı, amma daha çox çalışsalar, onlar da uğur qazanacaqlar. Onlara da uğurlar arzulayıram".