Şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklif olunur.
Tədris proqramının ağır olması və bunun nəticəsində dərs vəsaitlərinin çoxluğu, xüsusən ibtidai sinif şagirdlərinin çantalarının artıq yüklənməsinə, nəticədə onların sağlamlığına və fiziki inkişafına mənfi təsir göstərir. Bu səbəbdən tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam dərs materiallarından istifadə edilməsi tövsiyə olunur.
Maraqlıdır ki, rəqəmsal dərs materiallarının istifadəsi şagird çantalarının yüngülləşdirilməsi baxımından nə dərəcədə effektiv ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlərin çanta yükünün azaldılması üçün dərsliklərdə verilən informasiyanın Nazirlər Kabinetinin dərsliklərlə bağlı qərarı əsasında formalaşması vacibdir:

"Həmin qərarda məlumatın yığcam, dəqiq və elmi əsaslı olması nəzərdə tutulub. Biz də çalışmalıyıq ki, qanunvericilikdə nəzərdə tutulan formatda dərsliklər nəşr edilsin.
Elm və Təhsil Nazirliyi son illər dərsliklərin çəkisini nəzərə alaraq, təhsil pillələrində dərslikləri yarımillərə görə nəşr edir. Bu da şagirdlərin dərs vəsaitinin və məktəbli çantasının ağırlığının qarşısını almağa hesablanmış addımdır.
Həcmli dərsliklər və ağır çantalar şagirdlərdə fəqərə əyriliyinə və skolioz xəstəliyinə səbəb ola bilər. Bu halda şagirdlər çantalarını daşımaqda çətinlik çəkir və narahatlıq yaşayırlar. Ona görə də bu amil diqqətdə saxlanmalıdır.
Proqramın optimallaşdırılması şagirdlərə vacib mövzuları əhatə edən informasiyanın verilməsi ilə bağlı olmalıdır. Daha geniş mətn hazırlayıb şagirdləri dolayı yollarla məlumat öyrətməyə aparmağın mənası yoxdur. Şagirdlər üçün vacib olan mövzu barədə qısa məlumatın verilməsi kifayətdir.
Dünya təcrübəsində də dərs yükünün azaldılması məqsədilə ev tapşırığı verilməyə bilər. Şagirdlər dərsdən sonra məktəbdə qalaraq zəif olduqları mövzular üzərində işləyirlər. Biz də bu yanaşmanı tətbiq etsək, şagirdlərin dərs yükü azalacaq.
Rəqəmsal dərslik materiallarına gəldikdə isə, bu da çantaların yüngülləşdirilməsi baxımından effektivdir. Əgər bütün dərsliklər bir planşetdə toplanarsa, niyə olmasın? Planşetin çəkisi təxminən bir kitab çəkisi qədərdir.
Əlbəttə, müəyyən çətinliklər də var. Xüsusilə şagirdlərin gözlərinin zəifləməsi məsələsi nəzərə alınmalıdır. Bunun üçün valideynlər tərəfindən qoruyucu eynəklər təmin etmək məqsədəuyğundur. Rəqəmsal dərsliklər dərslərin əlçatanlığı baxımından üstünlükdür. Hər hansı bir şagird dərslik əldə edə bilmirsə, rəqəmsal dərslik bu baxımdan səmərəli və əlçatandır".