Azedu.az

Nilufərin təhsil yolu: ABŞ-dən Avropaya, sonra Qafqaza və indi Asiyaya uzanır - MÜSAHİBƏ

Şagirdlər

28 Fevral 2026, 11:43
Nilufərin təhsil yolu: ABŞ-dən Avropaya, sonra Qafqaza və indi Asiyaya uzanır - MÜSAHİBƏ

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə 90%-lik təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.

Məlumata görə, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

Nilufərin təqaüdü 72 000 ABŞ dolları məbləğindədir. Belə ki, o, “İnfluenser etibarının, dəyərinin və qavranılan təsirinin Trendyol istifadəçiləri arasında təkrar alış niyyətinin formalaşmasındakı rolu: Azərbaycan nümunəsi” adlı elmi məqalənin həmmüəllifidir.Məqalə mart ayında ABŞ-in Nyu York şəhərində keçiriləcək beynəlxalq konfransda təqdim olunacaq.

AzEdu.az Təhsil Portalı bu münasibətlə Nilufər Şükürova ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Müsahibəni təqdim edirik:

-Universitet seçimi prosesində nələrə diqqət etdiniz və yolunuzun NYU Shanghai-a düşməsinin əsas səbəbi nə oldu?

178566

-Akademik göstəricilərimə əsasən universitetə qəbul olunacağıma ümid edirdim. Lakin bu, özəl universitet olduğu üçün təqaüd qazanma ehtimalımın aşağı olduğunu düşünürdüm. Hətta 50% təqaüd əldə etsəydim belə, ailəmin təhsil haqqını qarşılamaq imkanı olmayacaqdı və bu səbəbdən həmin təklifi qəbul edə bilməyəcəkdim. Məhz buna görə də qəbul olunduğumu və üstəlik 90% təqaüd qazandığımı gördüyüm an mənim üçün böyük bir şok və gözlənilməz sevinc oldu.

New York Universiteti uzun illərdir mənim ən böyük arzularımdan biri olub. Hələ altıncı sinifdə, universitet anlayışını dərk etdiyim ilk vaxtlardan etibarən NYU-da təhsil almağı xəyal edirdim. Bu arzu illər keçdikcə daha da formalaşdı və mənim üçün konkret məqsədə çevrildi. Universitet seçim mərhələsinə gəldikdə isə ailəmlə birlikdə müxtəlif ölkələr və ali təhsil imkanları üzərində ciddi araşdırmalar apardıq. Bu proses zamanı Çinin hazırda dünyanın aparıcı və sürətlə inkişaf edən ölkələrindən biri olduğunu nəzərə aldıq.

Qlobal iqtisadi və siyasi müstəvidə artan rolu Çinin gələcək perspektivlər baxımından böyük əhəmiyyət daşıdığını göstərirdi. NYU Shanghai isə məhz bu dinamikanın mərkəzində yerləşən, eyni zamanda New York Universitetinin akademik ənənələrini davam etdirən bir kampusdur. Burada təhsil alan beynəlxalq tələbələr üçün Çin dili tədris olunur ki, bu da əlavə və mühüm üstünlük yaradır.

Mənim üçün bu imkan gələcəyim baxımından olduqca dəyərli bir fürsətdir. NYU Shanghai iki güclü və müasir dünyaya ciddi təsir göstərən mədəniyyəti, ABŞ və Çini bir araya gətirir. Bu unikal mühit tələbələrə həm Qərb, həm də Şərq dünyagörüşünü dərindən anlamaq imkanı yaradır. Hesab edirəm ki, gələcəkdə hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq, belə beynəlxalq və çoxmədəniyyətli təhsil mənə böyük üstünlük qazandıracaq və karyeram üçün möhkəm zəmin yaradacaq.

-Bu qədər yüksək məbləğdə təqaüd qazanmağınıza aparan yol necə başladı və bu prosesdə sizi ən çox fərqləndirən nə oldu?

178565-Əvvəlcə bir məqamı dəqiqləşdirmək istərdim. Bir çox insan 82 min ABŞ dolları məbləğində təqaüd qazandığımı düşünür. Əslində isə 82 min dollar universitetin illik ümumi xərclərini əhatə edən məbləğdir. Təhsil haqqı, yataqxana, tibbi sığorta, dərs vəsaitləri və digər xərclər birlikdə bu məbləği təşkil edir. Mənim qazandığım təqaüd isə təxminən 72 min ABŞ dollarıdır, yəni ümumi məbləğin demək olar ki, 90 faizi. Bu vəsait nağd şəkildə təqdim edilmir; sadəcə olaraq universitet həmin məbləği illik ümumi xərclərdən qarşılayır.

Nəticə etibarilə, 82 min dolların 72 minini universitet ödəyir, ailəm isə illik təxminən 10 min ABŞ dolları məbləğini qarşılayır. Bu nəticəyə necə nail olduğuma gəldikdə isə, universitet müraciətimi təxminən bir ay yarım müddətində - noyabrın əvvəlindən dekabr ayına qədər ətraflı şəkildə qiymətləndirdi. Akademik göstəricilərim, imtahan nəticələrim, məktəb qiymətlərim, tövsiyə məktublarım, həmçinin iki əsas esse və müraciət platformasında yazdığım əlavə qısa esselər diqqətlə nəzərdən keçirildi.

Bununla yanaşı, dərsdənkənar fəaliyyətlərim və ümumi fəaliyyət profilim də qiymətləndirmə prosesinə daxil edildi. Universitet müraciətlərə yalnız vahid göstəriciyə əsaslanaraq deyil, namizədin bütün profilini əhatə edən holistik yanaşma ilə baxır. Minlərlə müraciət arasından məhz bu kompleks qiymətləndirmə nəticəsində seçilərək bu məbləğdə təqaüdə layiq görüldüm.

Abşeron rayonu Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbində təhsil almağım mənə çox mühüm üstünlüklər qazandırdı. Bu məktəbin ən böyük fərqi onun kollektivi idi. Direktorundan müəllimlərinə, hətta digər əməkdaşlarına qədər hər kəs arasında səmimi və dəstəkverici bir mühit mövcud idi. Məktəbdə ailə ab-havasını xatırladan birlik və qarşılıqlı inam hiss olunurdu.

Xüsusilə məktəb rəhbərliyi və müəllimlər 11-ci sinif şagirdlərinin ali məktəblərə qəbul olunmasına böyük önəm verir və bu istiqamətdə bütün imkanlarını səfərbər edirlər. Universitetə qəbul olmaq üçün çalışan hər bir şagirdə fərdi yanaşma göstərilir və mən də bu dəstəyi yaxından hiss etmişəm. Amerika universitetləri geniş və müxtəlif dərsdənkənar fəaliyyətlərə xüsusi əhəmiyyət verdiyi halda, bu fəaliyyətlər rəsmi məktəb proqramında yer almaya bilər.

Buna baxmayaraq, məktəb rəhbərliyi və müəllimlərim mənə istiqamət göstərdilər, təşəbbüslərimi dəstəklədilər və inkişafım üçün uyğun şərait yaratdılar. Məhz bu sistemli dəstək və motivasiyaedici mühit son iki ildə həm akademik göstəricilərimi, həm də dərsdənkənar fəaliyyətlərimi daha da inkişaf etdirməyimə imkan verdi.

Məktəbdə dərslərimi davam etdirməklə yanaşı, SAT və IELTS imtahanlarına hazırlaşmış, eyni zamanda müxtəlif dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etmişəm. Bu fəaliyyətlərə yalnız universitet müraciətimdə üstünlük qazanmaq məqsədilə deyil, həm də şəxsi maraq və inkişaf ehtiyacından irəli gələrək qoşulmuşam. Bununla belə, arzuladığım universitetlərin namizədlərdə məhz çoxşaxəli fəaliyyət və təşəbbüskarlıq görmək istədiyini də yaxşı anlayırdım.

-Sizi digər namizədlərdən fərqləndirən əsas xüsusiyyətləriniz nə idi?

-2024-cü ilin noyabr ayında COP29 tədbirində könüllü kimi fəaliyyət göstərmişəm. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə işi hazırlamışam. Həmin məqalə mart ayında Nyu-Yorkda keçiriləcək konfransda təqdim olunması planlaşdırılır. Yay aylarında media və kommunikasiya istiqaməti üzrə bir şirkətdə bir aylıq təcrübə proqramında iştirak etmişəm. Bu müddət ərzində yalnız təcrübə keçməklə kifayətlənməmiş, şirkətin dörd illik yubileyi münasibətilə sənədli filmin çəkilişi, montajı və istehsalında birbaşa iştirak etmişəm.

Hazırladığım bu layihə şirkətin rəsmi LinkedIn səhifəsində yayımlanıb. İncəsənət sahəsi də həyatımın mühüm hissəsidir. Kiçik yaşlarımdan musiqiyə böyük marağım olub və mütəmadi olaraq musiqi dərsləri almışam. Rəqs sahəsində isə əvvəlcə milli Azərbaycan rəqsləri ilə başlamış, daha sonra xaricdə olarkən müasir və lirik üslublarına maraq göstərərək bu istiqamətdə fəaliyyətimi davam etdirmişəm. Eyni zamanda ictimai fəaliyyətlərdə fəal olmuşam. Könüllülük fəaliyyətlərində iştirak etmiş, Model United Nations proqramına qatılmışam. Model United Nations müxtəlif ölkələri təmsil edən tələbələrin beynəlxalq problemləri müzakirə etdiyi, diplomatik debat və qərar qəbuletmə prosesini simulyasiya edən akademik platformadır və iştirakçılarda tənqidi düşüncə, nitq bacarığı və qlobal baxış formalaşdırır.

Bundan əlavə, Bakıda keçirilən beynəlxalq “World Scholars Club” müsabiqəsində iştirak edərək bir neçə qızıl və gümüş medal, eləcə də iki kubok qazanmışam. Bütün bu fəaliyyətlər mənim üçün sadəcə müraciət strategiyasının bir hissəsi olmayıb. Onların hər birində səmimi maraq və daxili motivasiya ilə iştirak etmişəm. Eyni zamanda, bu çoxşaxəli inkişafın universitet müraciətimə ciddi töhfə verəcəyini də anlayırdım. Şəxsi inkişaf, akademik məqsədlər və gələcək planlarımı nəzərə alaraq bu fəaliyyətlərin hər biri üzərində məsuliyyətlə və həvəslə çalışmışam.

-Uşaqlıqdan indiyə qədər keçdiyiniz təhsil yolunu necə xatırlayırsınız?

-Təhsil yolum əslində coğrafiyalar arasında formalaşan bir hekayədir. Məktəbəqədər təhsilimə Amerika Birləşmiş Ştatlarında başlamışam. Həmin dövrdə atam ABŞ-də hərbi akademiyada təhsil alırdı. Daha sonra Azərbaycana qayıdaraq birinci sinfi burada oxudum. Sonra ailəvi olaraq Belçikaya köçdük. Atamın xidməti ilə əlaqədar olaraq orada yaşamağa başladıq və ikinci sinifdən etibarən ilk üç ilimi Belçika kurikulumu üzrə, fransız dilində təhsil alaraq davam etdirdim.

Beşinci sinifdən başlayaraq növbəti üç il ərzində isə çoxmillətli bir mühitdə, Avropanın müxtəlif ölkələrindən olan şagirdlərlə birlikdə Amerika təhsil proqramı üzrə oxudum. Bu altı il müddətində fransız dilini mənimsədim, ingilis dilimi isə daha da təkmilləşdirdim. Daha sonra yenidən Azərbaycana qayıtdıq və burada iki il Beynəlxalq Bakalavriat (International Baccalaureate) proqramı üzrə təhsil aldım. Təhsilimin son iki ili - 10 və 11-ci siniflər isə Əfqan Qadaşov adına Pirəkəşkül kənd məktəbində keçdi.

İndi isə həyatımın yeni mərhələsinə qədəm qoyuram və ali təhsilimi Çində davam etdirəcəyəm. Beləliklə, təhsil yolum ABŞ-dən başlayaraq Avropadan keçib Qafqaza, indi isə Asiyaya uzanır. Müxtəlif ölkələrdə, fərqli təhsil sistemlərində və mədəni mühitlərdə böyümək mənə geniş dünyagörüşü qazandırıb. Bu hekayəni bir cümlə ilə ifadə etməli olsam: cəmiyyətlər arasında bir körpü rolu oynamağı arzulayan bir gənc.

-Özünüzə, 5 il sonrakı Nilufərə bir mesaj göndərmək imkanınız olsa, nə yazardınız?

178564

-Beş il sonrakı özümə bir mesaj göndərmək imkanım olsaydı, ona sadəcə bunu deyərdim: Beş il sonra bunu oxuyursansa, ümid edirəm ki, harada olmağından asılı olmayaraq kim olduğunu unutmamısan. Səni fərqli edən geniş dünyagörüşün və mədəniyyətlər arasında körpü qurmaq istəyin idi, bunu qoruyub saxla. Uğurların səni dəyişməsin, çətinliklər isə səni zəiflətməsin.

Öyrənməyə davam et, sual verməyə davam et, rahat zonada qalma. Unutma ki, yolun məqsədi sadəcə şəxsi uğur deyil, insanlar arasında anlayış yaratmaqdır. Əgər hələ də fərqli dünyaları bir-birinə yaxınlaşdırmaq üçün çalışırsansa, deməli doğru istiqamətdəsən.

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox