Türkiyədə təhsil sistemində ibtidai sinif şagirdlərinin qiymətləndirilməsi ilə bağlı mühüm yenilik tətbiq olunmağa başlayır. Milli Təhsil Nazirliyinin qərarına əsasən, erkən yaşlarda uşaqların psixoloji yükünü azaltmaq və onların inkişafını daha düzgün izləmək məqsədilə qiymətləndirmə mexanizmi yenilənir.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə birinci və ikinci siniflərdə təhsil alan şagirdlər üçün ənənəvi bal və qiymət sistemi ləğv edilir. Bunun əvəzinə şagirdlərə “inkişaf hesabatları” təqdim olunacaq. Bu hesabatlar uşaqların yalnız dərs nailiyyətlərini deyil, eyni zamanda oxu və yazı bacarıqlarını, ünsiyyət qurma qabiliyyətini, məntiqi və yaradıcı düşünməsini, sosial davranışlarını və ümumi inkişaf səviyyəsini əhatə edəcək.
Yeni qiymətləndirmə modeli Türkiyə üzrə bütün dövlət məktəblərində tətbiq olunacaq və şagirdlərin erkən yaşlardan imtahan və qiymət stresinə məruz qalmamasını hədəfləyir. Müəllimlər hər bir şagirdin fərdi inkişafını müşahidə edərək valideynlərə ətraflı rəy təqdim edəcəklər. Valideynlər isə övladlarının təhsil göstəricilərini sadəcə rəqəmlər vasitəsilə deyil, geniş təsvir və tövsiyələr əsasında izləyə biləcəklər.
Təhsil ekspertləri bildirirlər ki, bu yanaşma Türkiyədə ibtidai təhsildə daha sağlam psixoloji mühitin formalaşmasına, uşaqların məktəbə adaptasiyasının asanlaşmasına və öyrənməyə marağın artmasına müsbət təsir göstərəcək.
Qeyd olunur ki, “inkişaf hesabatları” sistemi Türkiyədə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş genişmiqyaslı islahatların tərkib hissəsidir və qarşıdakı dövrdə qiymətləndirmə mexanizmlərinin digər sinif səviyyələrində də təkmilləşdirilməsi nəzərdən keçirilir.