Müasir təhsil sistemində yuxarı sinif şagirdlərinin əsas diqqəti seçdikləri ixtisas qrupu üzrə hazırlığa yönəlir. Bu yanaşma şagirdlərin müəyyən fənləri daha dərindən öyrənməsinə şərait yaratsa da, digər fənlərin tədrisdə rolunun azalması ilə bağlı müzakirələrə səbəb olur.
Xüsusilə, bu modelin şagirdlərin ümumi dünyagörüşünə necə təsir göstərdiyi sual doğurur.
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) danışıb.
Şagirdlərin ixtisas qruplarına hazırlaşması digər fənlərə marağın azalmasına səbəb olur:
"Nəzərinizə çatdırmaq istərdim ki, şagirdlər yuxarı siniflərə - 8, 9, 10 və ya 11-ci siniflərə çatdıqda ixtisas qruplarına hazırlaşmaları digər fənlərə marağın azalmasına səbəb olur. Məsələn, birinci qrupa hazırlaşan şagird üçün ədəbiyyat, tarix və coğrafiya maraqsız olur. Üçüncü qrupa hazırlaşanlar üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri eyni şəkildə diqqətdən kənarda qalır. Bu isə təbii olaraq şagirdlərin ümumi dünyagörüşünə mənfi təsir göstərir".
Yeni nəsil bildiklərini nitq zənginliyi olmaması səbəbindən çatdırmaqda çətinlik çəkir:
"Aşağı siniflərdə həyat bilgisi və ibtidai təhsil pilləsində bu suallara müəyyən qədər aydınlıq gətirilir və ilkin təsəvvürlərin formalaşmasına kömək edilir. Lakin yuxarı siniflərdə keçid dövründə tələb olunan biliklərin öyrənilməsində şagirdlər çətinlik çəkirlər. Digər fənlərin tədrisdən kənarda qalması onların dünyagörüşünü ciddi şəkildə məhdudlaşdırır.
Məsələn, 10-11-ci sinif şagirdləri özünü ifadə etməkdə müəyyən çətinlik çəkir, şeir və ya hekayə öyrənməkdə problemlərlə üzləşirlər. Ali təhsil pilləsində isə yeni nəsil bildiklərini şifahi şəkildə çatdırmaqda tərəddüd yaşayır. Bu, onların nitq zənginliyinin olmaması və mütaliə vərdişlərinin azlığından irəli gəlir".
Qəbul imtahanları elə təşkil edilməlidir ki, şagirdlər bütün fənləri öyrənməyə məcbur olsunlar:
"Bu səbəbdən düşünürük ki, qəbul imtahanlarını elə bir formada təşkil etmək lazımdır ki, şagirdlər orta təhsil müəssisələrində öyrənilən bütün fənləri mənimsəsinlər. Qəbul imtahanları fənlər üzrə məhdudlaşdırılmamalı, əksinə, attestat qiymətləri imtahana daxil edilərək şagirdlər bütün fənlərlə maraqlanmağa məcbur olunmalıdır".
Zeynəb Tehranlı