Bir çox ailələr məktəbin verdiyi təhsillə kifayətlənməyərək övladlarını əlavə hazırlıqlara da yönləndirirlər. Hazırlıq kursları və repetitorlar tələbə adını qazanmaq istəyən abituriyentlərin əksərinin üz tutduğu ünvanlara çevrilib. Son zamanlarda repetitor hazırlığının daha keyfiyyətli, hazırlıq kurslarının isə münasib qiymətli olması yeni bir tendensiya yaradıb. Ümumiyyətlə, bu hazırlıq mexanizmləri nə dərəcədə səmərəlidir?
Repetitorların yaratdıqları qruplarda şagird sayının nisbətən az olması bir çox valideynlərin üstünlük verdiyi amillərdəndir. Hazırlıq kurslarında isə tez-tez endirim kampaniyalarına rast gəlinir. Bu isə ailələrin “kəmiyyət, yoxsa keyfiyyət?” seçimində tərəddüd yaşamalarına səbəb olur. Nəzərə almaq lazımdır ki, hər fənn üçün ayrı müəllim yanına getməkdənsə, eyni məkanda fərqli fənlərin tədrisi də valideynlərin önəm verdiyi məqamlardandır.
Təhsil eksperti Vüsət Əzizov AzEdu.az-a açıqlamasında hazırlıq kursları və repititor hazırlığının üstün və çatışmayan cəhətlərini qeyd edərək müqayisəli təhlilini aparıb.

Onun sözlərinə görə, hazırlıq kurslarında şagirdlər səviyyələrinə uyğun olaraq qruplara ayrılır:
"Məsələn, yaxşı oxuyanlar A qrupu, nisbətən zəiflər B qrupu, daha aşağı nəticə göstərənlər isə C qrupu kimi təsnif edilir. Mənfi cəhət ondan ibarətdir ki, dərslər 45-50 dəqiqə davam edir və bu da dərs vaxtının kifayət etmədiyini göstərir. Kursların üstün tərəfi isə ondan ibarətdir ki, şagird, məsələn, beş fəndən hazırlığa gedirsə, bütün dərslər eyni məkanda olduğundan bir hazırlıqdan digərinə keçid zamanı vaxt itkisi olmur. Lakin repetitor hazırlığında belə hallar yaşana bilər.
Ümumilikdə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər ya kurslara, ya da repetitorluq fəaliyyəti göstərən müəllimlərə üz tuturlar. Bunun qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi müəyyən işlər görür. Məsələn, müəllimlərin tam ştatla saat 18:00-a qədər işdə qalması, pilot layihələrin tətbiqi, buraxılış imtahanında yüksək nəticə göstərən 9-cu sinif şagirdlərinin bir qrupda cəmlənməsi və onlara sertifikasiya və MİQ imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərin dərs keçməsi nəticələrin yüksəlməsinə səbəb olur".
Bütün bunlara baxmayaraq, qiymətlərin münasib olması səbəbilə hazırlıq kurslarına üz tutanların sayı artır. Bu zaman əsas sual yaranır: bu kurslar doğrudanmı keyfiyyətli təhsil verir?
Hədəf Şirkətlər Qrupunun icraçı direktor müavini Elmin Yaqubbəyli açıqlamasında rəqəmsal izləmə və davamlı rəy mexanizmlərinin vacibliyini vurğulayır.

E.Yaqubbəyli bildirib ki, hazırlıq kurslarında tədris keyfiyyəti həm nəticələri, həm də şagird motivasiyasını müəyyən edən əsas göstəricidir:
“Dərsin strukturu dinamik olmalıdır. Qısa izah, tətbiqetmə tapşırıqları və interaktiv müzakirələr dərsi monotonluqdan uzaqlaşdırır. Hər dərs konkret nəticəyə əsaslanmalıdır. Şagird dərsin sonunda "Bu gün nə öyrəndim?" sualına cavab tapa bilirsə, bu, uğurlu dərs modelidir. Öyrənmə analitikası tətbiq edilməlidir. Test nəticələri, aktivlik və tapşırıq göstəriciləri əsasında hazırlanan qısa hesabatlar müəllimə dərs planını çevik şəkildə yeniləməyə imkan verir. Keyfiyyəti tənzimləmək üçün həm daxili, həm də xarici mexanizmlər düzgün qurulmalıdır. Dərsə başlamazdan əvvəl diaqnostik qiymətləndirmə və aylıq analizlər aparılmalıdır. Bu sistem həm müəllimin işini tənzimləyir, həm də şagirdin inkişaf trayektoriyasını müəyyənləşdirir.
Statistik iclaslar xüsusi önəm daşıyır. Bu iclasların məqsədi təkcə rəqəmləri təqdim etmək deyil, həmin məlumatlar əsasında növbəti ay üçün real fəaliyyət planı hazırlamaqdır. Bu yanaşma dərs keyfiyyətinin ölçülə biləcək şəkildə yaxşılaşmasına səbəb olur. Geridönüş mexanizmi də əsas alətlərdən biridir. Burada təkcə tələbənin müəllimə rəy verməsi kifayət deyil. Üçtərəfli mexanizm: tələbədən müəllimə, müəllimdən rəhbərliyə, valideyndən kursa geri dönüş problemlərin erkən aşkarlanmasına və prosesin davamlı təkmilləşdirilməsinə imkan yaradır.
Hazırlıq kursları yüksək tədris keyfiyyəti, innovativ dərs modeli, davamlı rəy sistemi və statistik təhlillə idarə olunan uğurlu tədris strategiyasının sintezidir".
Bütün deyilənlərə baxmayaraq, istər özün hazırlanan, istərsə də əlavə hazırlığa gedən şagirdlərin ümumi məqsədi eynidir. Tələbə adını qazanmaq. Bu yolda istər kurs, istər repetitor hazırlığı olsun, əsas məsələ şagirdin öyrədilənləri mənimsəməsi və düzgün analiz edə bilməsidir. Ona görə də valideynlər və abituriyentlər hazırlıq mərhələsində birgə qərar verməlidirlər. Düzgün seçim uğurlu nəticənin açarıdır.
Aysel Məmmədli