Elm və təhsil naziri Emin Əmrullayevin Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetinə (AzTU) tələbə qəbulunun gələcək illərdə azala biləcəyi ilə bağlı açıqlaması ali təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Məsələyə münasibət bildirən ADNSU-nun rektoru Rüfət Əzizov AzEdu.az-a açıqlamasında qəbul planlarının azaldılması prosesinin artıq universitetdə tətbiq edilməyə başlandığını və bunun strateji inkişaf planına tam uyğun olduğunu qeyd edib.
Rektor qeyd edib ki, artıq keçən ildən 2025-2026-cı tədris ili üzrə qəbul plan yerləri azaldılıb:
“Belə ki, bakalavr səviyyəsində qəbul planı təxminən 12 faiz azaldılıb. Yəni ADNSU-da qəbul plan yerlərinin azaldılmasına start verilib və bu proses növbəti illərdə də davam edəcək. Burada əsas məqsəd ondan ibarətdir ki, indiyə qədər dövlətimiz daha çox vətəndaşın ali təhsil almasını təmin etməyə çalışırdı. Artıq bu mərhələdə əlçatanlıqla yanaşı, keyfiyyətin qorunması və yaxşılaşdırılması istiqamətində addımlar atılır.
Bunlardan biri də SABAH qruplarıdır. Bilirsiniz ki, bu ildən etibarən SABAH qruplarına 1-ci kursdan tələbə qəbulu həyata keçirilir. Həmçinin qeyd edim ki, ADNSU ən çox SABAH qruplarına malik ali məktəblərdən biridir. Bu il həmin qruplara 551 tələbə qəbul olunub. Bu rəqəmi nəzərə alsaq, demək olar ki, 4 ildən sonra universitetimizdə təqribən 2500 SABAH tələbəsi olacaq. Qəbul planının azaldılmasını da nəzərə alsaq, bu, ümumi tələbə sayının təxminən 15 faizinə bərabər olacaq. Məqsədimiz ali məktəbdə yeni məzmunlu proqramların sayını artırmaqdır.
Digər tərəfdən, biz bakalavr proqramını azaltmağı, magistratura və doktorantura səviyyəsində qəbul planını isə artırmağı düşünürük. Hazırda tələbələrin təqribən 83 faizi bakalavr səviyyəsində təhsil alır”.
Rektor növbəti illərdə hansı ixtisas və fakültələr üzrə qəbul planının azaldılacağı məsələsinə də aydınlıq gətirib:
“Bu istiqamətdə araşdırmalarımız davam edir və bir neçə məqam nəzərə alınmalıdır. Hazırkı dövrdə gənclərimiz informasiya texnologiyaları, data analitikası və digər rəqəmsal sahələrə daha çox maraq göstərirlər. Lakin vurğulamaq istərdim ki, ölkəmiz üçün çox vacib ixtisaslar var və onlara maraq müəyyən qədər azalıb. Məsələn, geologiya, materialşünaslıq, cihaz mühəndisliyi və maşın mühəndisliyi kimi sahələr strateji əhəmiyyət kəsb edir. Həm ölkə, həm də ADNSU olaraq çalışmalıyıq ki, bu sahələrin inkişafını təşviq edək. Bunun üçün ikili diplom proqramları, eləcə də gənc müəllimlərin cəlb edilməsi vasitəsilə bu istiqamətləri abituriyentlər üçün daha cəlbedici etməyi planlaşdırırıq.
Həm tendensiyalara, həm də qəbul ballarına baxaraq hansı ixtisasların qəbul planının azaldılmasına qərar verəcəyik”.