Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövürdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib.
Rektorun sözlərinə görə, bu mühüm qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıq Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında, milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin formalaşdırılmasında prioritet sahələrdən biridir.
"Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsidir.
Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF) ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində bir sıra mühüm təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur.
Bu çərçivədə AzMİU-nun Memarlıq fakültəsinin buraxılış işlərindən ibarət tematik sərgilərin təşkili, şəhərsalma problemlərinə və memarlıq təhsilinin aktual çağırışlarına həsr olunmuş panel müzakirələri və dəyirmi masaların keçirilməsi planlaşdırılır. WUF Gənclər Forumunun iştirakçıları üçün universitet kampusunda beynəlxalq tərəfdaşlarımızın və xarici ekspertlərin iştirakı ilə master-klasslar, vorkşoplar və interaktiv müzakirələr təşkil ediləcək, WUF13-də iştirak edən nüfuzlu xarici mütəxəssislərin tələbələrimiz üçün ustad dərsləri və açıq mühazirələri keçiriləcəkdir. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə birgə ardıcıl iki ildir həyata keçirilən “ArchiVision Weekend Camp” layihəsinin növbəti buraxılışı da WUF13-ün ideyalarının təbliğinə, gənc memar və şəhərsalmaçıların peşəkar bacarıqlarının inkişafına həsr olunacaqdır".